Şriftin ölçüsü / 160

ABŞ səfirliyinin fəaliyyət istiqamətlərində korrektələr olub

24 Aprel 2018 [19:11]
Son illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin fəaliyyəti, demək olar ki, nəzərə çarpmır. Əvvəllər səfir və ya onun müavinləri iqtidar və müxalifət düşərgəsi ilə intensiv əlaqələr saxlayır, görüşlər keçirir, siyasi gündəmi əhatə edən məsələlərə dair polemikalar aparırdılar. Xüsusilə Azərbaycanda prezident və parlament seçkiləri olan illərdə Amerika səfiriliyi fəaliyyətini daha çox aktivləşdirirdi.

Ölkəmizdə 11 apreldə keçirilən növbədənkənar prezident seçkisi prosesində Amerika səfirliyinin heç bir fəaliyyətinə rast gəlmədik. Doğrudur, hazırda Azərbaycanda Amerika səfiri yoxdur, səlahiyyət müddəti başa çatdığına görə bu ayın əvvəllərində Robert Sekuta ölkəni tərk edib. Amma səfir səlahiyyətlərini icra edən şəxsin olduğu məlumdur. Sanki ABŞ bu seçkiləri görməzlikdən gəldi. Bir zamanlar siyasi partiyaların qərargahlarında lövbər salan Amerika səfirliyi rəsmilərinin sonuncu dəfə hansı partiyanın qərargahında göründüyünü xatırlamaq mümkün deyil.

Ekspertlər müxalifətin son illərdə passivləşməsinin mövcud situasiyanı yaratdığını düşünürlər. Amerikanın Azərbaycanda hər hansı bir dəyişikliyin olacağına ümidlərinin tamam bitdiyi üçün buradakı siyasi proseslərə qarışmağa maraq göstərmədiyi bildirilir. Ölkə iqtidarının Amerika səfirliyinin bu cür fəaliyyətində maraqlı olduğu da iddia edilir. Rəsmi Vaşinqtonun Azərbaycana səfir təyinatını yubatmasının da səbəbsiz olmadığı qeyd edilir.

AMİP Beynəlxalq əlaqələr üzrə Katibi  Elşən Mustafayev məsələyə bu cür şərh verdi: "Azərbaycandakı ictimai-siyasi prosesləri hakimiyyətlə, müxalifət partiyaları və qeyri-hökumət təşkilatları ilə mütəmadi müzakirə edən 3-4 səfirlik var ki, bunlardan biri də həmişə ABŞ-ın Azərbaycandakı səfirliyi olub. Onların son 5 ildəki fəaliyyətləri əvvəlki illərə baxanda daha zəif olub .Yəni istər hakimiyyət, istərsə də, müxalifət nümayəndələri ilə məsləhətləşmələrdə, görüşlərdə kifayət qədər seyrəklik var. Mən bu görüşlərin və təmasların ictimaiyyətə açıq olan hissəsini nəzərdə tuturam. Qeyri-rəsmi belə görüşlərin olub-olmaması ilə bağlı dəqiq bir söz söyləyə bilmərəm . Amma görünən odur ki , ABŞ səfirliyinin fəaliyyət istiqamətlərində korrektələr olub. Hazırda daha çox maarifləndirici layihələrə üstünlük verilir. Bunu müxtəlif səbəblərlə izah etmək olar. Birincisi, ölkədəki siyasi aktivliyin əvvəlki illərə nisbətən daha zəif olmasıdırsa, ikincisi də hakimiyyətin bu təmaslarda o qədər də maraqlı olmamasıdır. Bunu keçmiş səfirin özünün şəxsi keyfiyyətləri və burada olduğu müddətdə gəldiyi hansısa qənaətlərin nəticəsi kimi də qiymətləndirmək olar. Eyni zamanda bu gün ABŞ üçün prioritet məsələ yaxın Şərq problemi və problemdən dolayı Rusiya və İranla aralarında yaranmış gərginlikdir. Azərbaycan bu regiona yaxın olduğu, həmçinin Rusiyanın maraq dairəsində olan dövlətlərin sırasında durduğu üçün çox güman ki, indiki durumda hakimiyyətlə hər hansı problemin yaşanması da arzuedilməz hesab edilir. Düşünürəm ki, prezident seçkisində və kampaniya dövründə ABŞ səfirliyinin aktivlik göstərməməsinin bir səbəbi namizədlər arasında İlham Əliyevə ciddi alternativ olmamasına görə nəticələrin öncədən bəlli olması idisə, digər səbəbi ənənəvi müxalifətin bu seçkilərdə iştirak etməməsi oldu. Robert Sekutanın məhz seçki kampaniyası gedişində ölkədən getməsi və yeni səfirin təyin edilməməsinin də müəyyən rolları var”.

Ekspert Azərbaycanda ABŞ səfiri postunun boş qalmasına da münasibət bildirdi: "Çox güman ki, yaxın vaxtlarda ABŞ-ın yeni səfiri təyin olunacaq və Azərbaycana gələcək. Adətən iki ölkə arasında münasibətlər səfirin kimliyindən və şəxsi keyfiyyətlərindən də asılı olur. Çünki ABŞ dövlətlərdə hansısa siyasəti yürütməyi qarşısına məqsəd qoyubsa, təcrübəsinə, xarekterinə görə o siyasəti həyata keçirmək parametlərini özündə cəmləşdirən səfirləri ora təyin edir”


Millət