Şriftin ölçüsü / 166

Qərb uzun illərdir Ermənistanı Avropa Birliyi ilə yaxınlaşdırmağa çalışır

20 Aprel 2018 [13:53]
Elşən Mustafayev: "Qərb proseslərin bəlli nöqtəyə qədər inkişaf etməsini gözləyir və zamanında hadisələrə reaksiya verəcək”

İrəvanda hakimiyyətə etiraz edənlərə qarşı tətbiq olunan zorakılığa rəğmən, beynəlxalq təşkilatlar Sarkisyan rejimi qarşısında nədənsə susurlar. Ermənistanın daxil olduğu və öhdəlik götürdüyü təşkilatlar, xüsusilə də Avropa Şurası vaxtında bu məsələyə münasibət bildirməli idi. Reaksiyanın gecikməsi ikili yanaşmadan başqa bir şey deyil.

Nədənsə, Ermənistanla bağlı yaşananlara həmin dairələr həmişə susqunluqla yanaşırlar. Bu istiqamətdə insan haqları və başqa məsələləri unudurlar. Azərbaycanda isə kiçik bir hadisəni şişirdərək, sanki faciəli nələrsə baş verib deyə təqdim etməyə çalışırlar.

Ermənistanda yaşananlarla bağlı dünyanın insan haqları təşkilatları və demokratik təsisatlarının zəif reaksiyası, bəzən isə susqunluğu nə ilə izah edilə bilər?

Azərbyacan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Avropanın bir çox demokratik təşkilatları, institutları, insan hüquqlarından dəm vuran bir sıra QHT-lər, həmişə olduğu kimi, yenə bu zorakılığa heç bir reaksiya vermir, bu zorakılğı işıqlandırmır, bunlarla bağlı bəyanat vermir, dolayısı ilə susurlar: "Ancaq Ermənistandakı hadisələrə beynəlxalq təşkilatların, dövlətlərin hələ də reaksiya verməmələri o anlama gəlməməlidir ki, proseslər heç kimi maraqlandırmır. Əksinə, Rusiyanın forpostunda, onun ən yaxın adamı olan Serj Sarkisyana qarşı etirazların güclənməsi, bu etirazların parlamentin içindən qaynaqlanması Qərbin bütün diqqətini həmin əraziyə yönəldib. Yəni proseslər həm Rusiya, həm də Qərb tərəfindən ciddi izlənir. Məsələ ondadır ki, Qərb uzun illərdir Ermənistanı Avropa Birliyi ilə yaxınlaşdırmağa çalışır və bununla da regionda Rusiya təsirini azaltmağa cəhdlər edir. Amma bu illər ərzində Ermənistaınn Rusiya ilə münasibətləri nəinki pisləşib,əksinə, daha da yaxınlaşıb və onun təşkil etdiyi bütün iqtisadi və hərbi ittifaqlarda təmsil olunub. Bununla bərabər, Ermənistan hakimiyyəti Qərblə də yaxın əlaqələr qurmaq istəməsi görüntüsünü yaradır. Amma Qərb artıq anlayır ki, hakimiyyətdə Sarkisyan klanı mövcuddursa, hər hansı həqiqi əməkdaşlıqdan söhbət gedə bilməz. Hesab edirəm ki ,Qərb proseslərin bəlli nöqtəyə qədər inkişaf etməsini gözləyir və zamanında hadisələrə reaksiya verəcək. Amma insan haqları, azad toplaşmaq hüququ ilə bağlı müəyyən növbətçi bəyanatları bu gün-sabah eşidəcəyik. İndiki halda, məsələyə erkən reaksiyanın verilməsi Sarkisyanla münasibətləri gərginləşdirə bilər. Çünki hələ bəlli deyil ki, Sarkisyan müxalifətin təzyiqlərinə dözəcək, ya yox. Hətta indiki etiraz aksiyalarına rəhbərlik edən müxəlifət rəhbərlərinin Qərblə isti münasibətlərinin olması ilə də bağlı söhbətlər var. Beləliklə, Qərb proseslərə hələlik ehtiyatla yanaşır. Çünki ortada Rusiya faktorunun böyük olmasını bilir. Rusiya Ermənistanın nəzarətindən çıxmasına imkan verməməyə çalışacaq. Hətta Sarkisyan klanının hakimiyyətdən gedəcəyi halda, onu əvəzləyəcək komandanı da yəqin ki, müəyyənləşdirib. Hər addımı öncədən bəlli olan, nəyə, kimə və necə xidmət etdiyi bilinən Serj Sarkisyanın yeni bir Rusiya projesi ilə əvəzlənməsi də Qərbi qane etmir”.


Millət