Şriftin ölçüsü / 287

Azərbaycan təkcə Rusiyadan silah almır

05 Aprel 2018 [15:10]
Ermənistanın mövcudluğu, sözügedən dövlətin hərbi varlığı Rusiyanın hesabınadır. Rusiyanın güzəştləri olmasa, Ermənistan iqtisadiyyatı silahlanmanı qaldırmaq gücündə deyil. Rusiya kredit adıyla Ermənistana silah versə də, işğalçı ölkənin haçansa bu kreditləri geri qaytaracağı real görünmür. Çünki ölkə iqtisadiyyatı elə vəziyyətdədir ki, nəinki silah almaq, hətta digər zəruri ehtiyacları belə ödəmək imkanında deyil.

O da məlumdur ki, ötən il Rusiya Ermənistana silah alınması üçün 200 milyon dollar güzəştli kredit ayırıb. Həmin kredit üzrə nəzərdə tutulan silahların çoxu artıq çatdırılıb. Bunun ardınca isə Rusiya Ermənistana daha 100 milyon dollar güzəştli silah krediti ayırıb. Həmin kredit hesabına hansı silahların alınacağı məlum deyil. Ermənistanda nəşr edilən "Jamanak” qəzeti iddia edib ki, Rusiya bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa hazırlaşır. Bu kredit hesabına Ermənistana "İsgəndər” operativ-taktiki raketlərinin yeni partiyası veriləcək. Qəzet iddia edir ki, üçüncü kredit əvvəlkilərdən fərqli olaraq tamamilə faizsiz olacaq və onun hesabına Ermənistan "İsgəndər” raket komplekslərinin böyük partiyasını əldə edəcək. "Jamanak”ın yazdığına görə, Rusiyanın Ermənistana bu hərbi dəstəyi Azərbaycanın silah təchizatını şaxələndirməsinə, Türkiyə, Ukrayna, Belarus, Pakistan, İsrail kimi ölkələrdən də silahlar almasına cavabdır.

Bütün hallarda, səslənən fikirlər nə dərəcədə reallığı əks etdirir? Rusiyanın Ermənistana növbəti kredit ayırmaqda məqsədi nədir?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bütün bunlarda Rusiyanın məqsədi silahlanmada Ermənistanın xeyrinə balansı qorumaqdır: "Rusiya tərəfi də çox gözəl bilir ki, Ermənistan iqtisadi baxımdan nəinki Rusiyadan, hətta digər ölkələrdən belə silah almaq qüdrətində deyil. Ona görə də kredit adı altında Ermənistanı silahlandırır. Əslində, Rusiya bununla öz hesabına Ermənistanı silahlandırır. Sadəcə, gözdən pərdə asmaq üçün silahlanmaya belə ad qoyur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Guya Rusiya Ermənistana KTMT üzvü olduğuna görə ucuz qiymətə silah satır. Reallıqda Ermənistanın buna da imkanı yoxdur. Sadəcə, rəsmi Moskva silahlanma yarışında balansın Azərbaycanın xeyrinə əhəmiyyətli dərəcədə dəyişməsinin qarşısını almaq üçün bu addımları atır. Nəzəırə almaq lazımdır ki, Azərbaycan təkcə Rusiyadan silah almır. Eyni zamanda, bir sıra digər ölkələrdən müasir silah sistemləri alır. Bu da Rusiyanı narahat edir. Nəzərə almaq lazımdır ki, 2016-cı ilin aprelində baş verən toqquşmalar zamanı İsrail istehsalı olan silahlarla Ermənistan ordusuna güclü zərbələr endirildi. Rusiya bu amildən narahatdır. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın maneçiliyi olmasa, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər. Sadəcə, Rusiya faktoru buna imkan vermir. Digər tərəfdən, Rusiya Azərbaycan Ordusunun tez-tez keçirdiyi genişmiqyaslı hərbi təlimlərdən narahatdır. Bu səbəbdən Ermənistanın silahlanmasına xüsusi önəm verir”.


Millət