Şriftin ölçüsü / 413

Demokratiyanı sabitliyə qurban vermək olmaz

15 Mart 2018 [16:04]
Dünya boyunca xalqlar sakit həyata üstünlük verir

Son zamanlar dünyada demokratiyanın böhranlı dövrünü yaşadığı müşahidə edilir. Bir çox ekspertlər hesab edir ki, dünya iri dövlətlərin demokratiyanı iqtisadi və təhlükəsizlik maraqlarından arxa sıraya keçirməsinin fəsadlarını yaşamaqdadır. Elə bir vəziyyət yaranıb ki, dünyanın bir çox xalqları "demokratiya-qarşıdurma”, yoxsa "sabitlik-çörək” dilemması qarşısında qalıblar. Bu seçimdə isə üstünlüyün sabitliyə verildiyini söyləmək mümkündür.

Bu barədə "Yeni Müsavat”a şərhində AMİP-in beynəlxalq əlaqələr katibi,  Elşən Mustafayev bildirdi ki, hər zaman bir çox avtoritar, demokratiya olmayan dövlətlərdə böyük dünya gücləri tərəfindən demokratiya sabitliyə qurban verilib, indi də belədir. Hətta bir çox hallarda bunu açıq halda bəyan da ediblər. Əslində isə həmin sabitliyin istənilməsi sırf iqtisadi maraqların qorunması ilə bağlıdır: "Bu maraqlara, strateji planlara xələl gəldiyi vaxt isə demokratiya daha önə çəkilir və artıq sabitlik arxa plana keçirdi. Hazırda bu istiqamətdə heç nə dəyişməyib. Sadəcə, maraqlar dəyişdikcə dövlətlərdə olan rejimlərə münasibət dəyişir. Amma əslində ağıllı yanaşılarsa bu prosesdən hamı öz xeyrini götürə bilər. Yəni avtoritar, diktatura rejimləri altında boğulan xalqlar özləri rejim dəyişikliyi etmək iqtidarında olmayanda məhz kənardan hansısa məqsədlərlə olan təzyiqlərdən maksimum yararlanmağa çalışırlar. Bu, həmişə belə olub və gələcəkdə də belə olacaq. Buna bütün dünyada demokratiyanın böhran keçirməsi kimi qiymət verməzdim. Demokratiya iri dövlətlərin və yerli hakimiyyətlərin yanaşmasının sayəsində ”üçüncü sort" dövlətlərdə böhran keçirir. Nə qədər əksini desələr də bu illər ərzində Qərbdə demokratiya, insan haqları, iqtisadi azadlıqlarla bağlı ilə hər hansı ciddi problem yaşanmayıb. Problem obrazlı desək üçüncü sort dünya dövlətlərində, onların hakimiyyətlərindədir. Öz xalqları dil tapmaq əvəzinə Qərbin qaranlıq dairələri ilə qarşılıqlı təmənnalı münasibətlər qururlar və bu maraqlar toqquşanda isə demokratiya olmaması ittihamları ilə üzləşib təzyiq altına düşürlər, xalqdan da hər hansı dəstək ala bilmirlər. Bu zaman sabitlik pozulur. "Demokratiyanı sabitliyə qurban vermək olmaz” bəyanatları səsləndirilir. Bu gün hər şey bu qədər sadədir".


Millət