Şriftin ölçüsü / 353

Bu proses üç il bundan əvvəl başlayıb

28 Fevral 2018 [18:39]
Son günlər Ermənistan mətbuatında gedən yazıların ruhundan ölkədə ciddi narahatlığın hökm sürdüyü qənaətinə gəlmək olar. Belə ki, Vaşinqtonun Rusiya ilə bağlı iqtisadi sanksiyalarının növbəti dalğasının işə salması Kremlin forpostu olan işğalçı ölkəni ciddi şəkildə təşvişə salıb. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Ermənistana maliyyə yardımını azaltmağı təklif edib.

ABŞ-ın büdcə layihəsinə əsasən, ABŞ Ermənistana 2019-cu ildə 3,24 milyon dollar yardım ayıracaq. Bu isə 2018-ci illə müqayisədə ayrılan vəsaitdən 600 min dollar azdır. ABŞ, həmçinin, Ermənistana hərbi yardımı tam dayandıracaq. Belə ki, keçən il İrəvana 1 milyon dollar ayrılsa da, bu il həmin məbləğ verilməyəcək. Əslində, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Qarabağ məsələsinin tənzimlənməsi missiyasını üzərinə götürmüş ABŞ-ın işğalçı Ermənistana nəinki hərbi yardım göstərməsi, hətta ona qarşı sanksiya tətbiq etməməsi suallar doğururdu və illərdir Azərbaycan buna etiraz edirdi.

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların Ermənistana hansı formada təsiri ola bilər və ermənilərin bununla bağlı keçirdiyi təşvişi real saymaq olarmı?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar tək rus şirkətlərinə deyil, eyni zamanda, bu ölkə ilə hərbi sahədə əməkdaşlıq edən ölkələrə də aid edilir: "Bu səbəbdən Ermənistanın sanksiyalar altına düşməsi qaçılmazdır. Bunu isə sübut etmək çətin deyil. 2017-ci ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Rusiyadan 100 milyon dollarlıq silah alqısına dair müqavilənin təsdiq edilməsi ABŞ tərəfindən ciddi narahatlıqla qarşılanıb.Bu məlumatı Ermənistanın maliyyə naziri rəsmən təsdiqləyib. Onlar belə bir risqin real olduğu qənaətindədirlər. ABŞ bundan əvvəl həm Dağlıq Qarabağa, həm də Ermənistana yardım ayırırdı. Ancaq Azərbaycanın etirazından sonra Dağlıq Qarabağa yardımı dayandırdılar. Ermənistana ayrılan maliyyə yardımları isə hər il bir az azaldılır. Gələn il üçün də bu illə müqayisədə daha az yardım nəzərdə tutulub, hərbi yadım isə ümumiyyətlə dayandırılacaq. Bu proses üç il bundan əvvəl başlayıb və indi də davam edir. Təbii ki, İrəvanın Moskva ilə əlaqələrinin bu şəkildə olması Vaşinqtonu qane etmir. Amerikanın Ermənistandakı səfiri də bəyan edib ki, Rusiya ilə ticarət əlaqələrini davam etdirən bütün şirkətlərə sanksiyalar tətbiq ediləcək. Bu açıqlamanın xüsusi mənası ondan ibarətdir ki, ABŞ diplomatik formada Ermənistana xəbərdarlıq edir. Çünki son 10 ildə Rusiya Ermənistana 5 milyard məbləğində pulsuz silah verib. Bunu Amerika kəşfiyyatı yaxşı bilir. Bu nöqteyi-nəzərdən ABŞ, bir növ, Ermənistana üstüörtülü şəkildə Rusiya ilə əlaqələri minimuma endirməyə, əks təqdirdə İrəvanın sanksiyalarla üzləşəcəyinə eyham vurur. ABŞ-ın məhz Ermənistandakı Səfirliyinin dili ilə xəbərdarlıq yayması dərhal belə qənaət formalaşdırıb ki, söhbət ötən ilin dekabrında Ermənistanın Rusiyadan silah almaq üçün ikinci güzəştli kredit müqaviləsi imzalamasından gedir. Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənilən proqnozlar getdikcə özünü doğruldur”.


Millət