Şriftin ölçüsü / 417

“Fövqəladə iqtisadiyyatın” əsasları:vergi fəlsəfəsi və humanizm iqtisadiyyatı

17 Fevral 2018 [12:37]

Vergi fəlsəfəsi dövləti saxlanc, cəmiyyəti və özünü qorumaq düşüncələri kompleksidir. Vergi fəlsəfəsi iqtisadiyyat fəlsəfəsində tənzimləyici amildir, tənzimləyici tərkibdir. Vergi fəlsəfəsi ictimai şüurun, iqtisadi formasiyanın dayağıdır. Vergi fəlsəfəsi həm sərbəst fəaliyyətin, həm də asılı fəaliyyətin düşüncələrini özündə cəmləşdirən dəyərlər fəlsəfəsidir. Dövlətin maddi dayağı həm də vergi ilə formalaşır. Vergi sərbəstliyi və vergi fəaliyyətinin şəffaflığı dövləti gücləndirir və dövlətin cəmiyyət və əhali üzərində sərbəst idarəçiliyini yaradır. Dövlətin liberal, yumşaq idarəçiliyi və nəzarəti dövlətlə vətəndaşlar arasında harmonik uyğunluğu, vəhdəti meydana gətirir.

Dövlət vergilərlə təkmilləşən vəhdətdir. Vətəndaşlar, xaricilər üzərində vergilərlə (daxili vergi və idxal-ixrac vergisi) öz təsirini yaradır. Dövlət vergiləri rüsumlarla müəyyən edir. Rüsumlar iqtisadi sistemin dayağını təşkil edir, iqtisadi sistemdə ayırmaları, təsnifatı, çeşidləri meydana gətirir. Dövlət qeyri-hökumət qurumları ilə yanaşı, öz obyektinə də sahib olur. Dövlətin vergi ödəyən özünəxas, özünəməxsus obyektləri (sahibi dövlət olan) də mövcud olur. Bu obyektlərin qazancları da dövlətin maddi vəsaitlərini formalaşdırır. Deməli, dövlətin vahid büdcəsi həm dövlət, həm də qeyri-dövlət adlanan subyektlərdən cəmləşir.

Vergi fəlsəfəsi ehtiyat iqtisadiyyatı, fond iqtisadiyyatı fəlsəfəsini, büdcə fəlsəfəsini formalaşdırır. Vergidən də büdcə xərcləri, məxariclər, sosial-humanitar xərclər fəlsəfəsi meydana gəlmiş olur. Vergi mədaxil və məxaric fəlsəfəsini tənizmləyən ortaq predmetdir, dayaq düşüncə elementidir. Dövlət iqtisadiyyatın gəlirlər dərəcəsini vergi ilə müəyyən edə bilir. Vergi ilə istehsal və xidmət prosesləri müəyyənləşə bilir. Burada vergi iqtisadi qiymətləndirmədə statistik rol oynaya bilir, müəyyənedici amil kimi əhəmiyyət kəsb edir. Vergi qiymətləndirmədir, qiymət müəyyən etmədir. Vergi bir kriteriya olaraq öz qiymətləndirmə dərəcələri ilə iqtisadi sahələrin təsnifatını meydana gətirmiş olur. İstehsalatı maliyyədən, xidmətlərdən, ticarətdən ayırır və ümumi gəlir vergisi ilə iqtisadi vəhdəti meydana gətirir.

Vergi ödəmək proses olaraq bir mədəni hadisədir. Ona görə ki, şəxs vergi ödəməklə həm özünü, həm də ətrafını tənzim edir. Sağlam həyat üçün sığortalayır. Sağlam əlaqələr qura bilir. Ona görə ki, sağlam həyat maddiyyatı güclü olan həyatdır. Bu həyatı da dövlət və cəmiyyət bəxş edə bilir. Dövlət zəngin olduqda kapitalını yönəldir, təkrar dövriyyə yaradır. Dövlət vergidən yığılan vəsaitlə, fondla, büdcə ilə ehtiyac meyarlarını müəyyən edir və ehtiyacı olanları təmin edir. İnsanlar (qazanc əldə edənlər) vergi ödədikcə ətraf üzrə maraqlarını bölüşür və birləşdirir. Vergi insanı asılılıqdan, məsuliyyətdən də azad edir. Ona görə ki, dövlət və cəmiyyət önündə qazancı olan hər bir şəxsin vergi ödəmək məsuliyyəti, mükəlləfiyyəti mövcud olur. İnsanlar vergi ödəməyə ona görə borclu olurlar ki, dövlətlərini saxlamış olsunlar. Dövlət vergi ilə insanların sosial-maddi həyatlarını tənzim etmiş olur. Vergi dövlətin, dövlətçiliyin sağlam yaşamasının, dövlətin sağlam funksiyasının əsasları üçün vəsaitlər, kapital demək olur. Dövlət vergi toplamaqla və insanları saxlamaq üçün fondlar yaratmaqla əslində gəlirlər və çıxarlar arasında bir uyğunluq və balans yaratmış olur. Dövlət vergi toplamaqla, fond və büdcələr yaratmaqla, vəsaitləri xərcləməklə həm öz mövcudluğunu təmin etmiş olur, həm də insanların istehsal, qeyri-istehsal, sağlamlıq, sosial həyat, təhsil və digər bu kimi sahələrini əhatələndirmiş, əlaqələndirmiş formalı maddi balans yaratmış olur. Vergi siyasəti sayəsində əmək və məşğulluq, qeyri-əmək və qeyri-məşğulluq sahələri arasında bir uyğunluq yaranmış olur. Dövlət öz vergi yığmaq maraqlarına görə istehsalı genişləndirmək, istehsal sahələrini stimullaşdırmaq məqsədlərini güdmüş olur. İstehsal və bazar arasında olan əlaqələrin harmonik tənzimlənməsi və bu tənzimləmədə sağlam vergi siyasəti məhz sağlam dövlətçiliyin əsaslarını meydana gətirmiş olur. Vergi siyasətinin saflığı cəmiyyətdə "Arxayın dövlət” düşüncələrini yaratmış olur. Dövlətə sağlam inam sağlam vergidən yarana bilir. Sağlam şəkildə vergi ödəmək də dövlətin vətəndaşlar və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üzərində, xarici ölkədə işləyən və öz dövlətinə vergi ödəyən şəxslər üzərində inam və etibarını meydana gətirmiş olur.

Vergi sayəsində (burada vergi ödəyən şəxslər) insan cəmiyyətdə və dövlətdə özünə sağlam mövqe qazanır. Ona görə ki, ona məxsus olan cəmiyyəti və dövləti qorumuş olur. Maddi qazancları olan şəxs vergi ödəməklə dövləti və cəmiyyəti sağlamlaşdırır. Sabit, davamlı inkişaf edən cəmiyyət və dövlət formalaşdırır. Vergi insan tərəfindən ödənən və özünə yönələn kapital məzmunlu aktdır, predmetdir, vəsaitdir.

İqtisadiyyatın təşkili və fəaliyyəti elementlər kompleksini yaradır. Məhsul elementləri artdıqca iqtisadiyyatda yeni münasibətlər və əlaqələr meydana gəlir. Yeni münasibətlər və əlaqələr yeni iqtisadi ruhu yaradır. Bu ruh bərk və yumşaq məzmunlu ola bilər. Bərk ruh iqtisadi uğurların əldə edilməsinə də səbəb ola bilər.

İqtisadiyyatda gəlir vergisi əslində fövqəladə iqtisadiyyatın, tarazlı iqtisadiyyatın, ehtiyat və yığım iqtisadiyyatının tərkibini təşkil edir. Vergi özü qayğı iqtisadiyyatının əsasında dayanır. Vergi fəlsəfəsi dəyərlər fəlsəfəsinin tərkibi olaraq şərəfli vergi ödəyicisi amilini meydana gətirir. Vergi ödəyicisi öz dövlətinə və qazanc əldə etdiyi başqa ölkənin dövlət büdcəsinə vəsaitlər ödəməklə həm öz ölkəsini şərəfləndirir, həm də öz ölkəsi ilə əmək fəaliyyəti ilə məşğul olduğu, həmçinin yaşadığı başqa ölkənin arasında uyğunluq yaradır. Bu baxımdan da vergi xalqların mədəni baxımdan birləşməsinin əsaslarını meydana gətirmiş olur.

İqtisadiyyat insanlar üçündür. İqtisadiyyat cəmiyyət və dövlət üçündür. Sübuta yetirilib ki, hakimiyyətin, cəmiyyətin saxlanması üçün maddi resurslar lazımdır. Cəmiyyətin maddi resursları ilə mənəvi sağlamlıq arasında üzvi bağlılıq var. Bu baxımdan da iqtisadiyyat lazımdır. İqtisadiyyat dövlətin öz məkanında saxlanılması (bir siyasi struktur kimi) və beynəlxalq aləmdə (beynəlxalq aləmdə tanınan tərəf kimi) saxlanılması məqsədiylə lazım olan vəsaitləri əldə etmək üçündür. İqtisadi kapital dövlətlə insanlar, sakinlər arasında əlaqələrin yaranması üçün şərtdir. Dövlət öz vətəndaşları ilə daha çox maddi kapital əsasında əlaqələr qurur. Dövlət vergiləri tənzim etməklə, əhalidən, sahibkarlardan pay əldə etmiş olur. Bu pay əhalinin aztəminatlı təbəqəsinin ehtiyaclarını ödəmək üçün əldə olunur. Dövlət resursları ona görə əldə edir ki, hakimiyyətini saxlasın. Hakimiyyət də dövlətin dayağıdır. Vətəndaşları və əcnəbiləri idarə edən tərəfdir. Deməli, iqtisadi vəsaitlər, maddi ehtiyatlar dövlətlə vətəndaşlar və qeyri-vətəndaşlar arasında gündəlik, cari, taktiki və strateji əlaqələri və münasibətləri təmin etmək üçündür. Dövlət əhalidən vergiləri ehtiyat və cari fondlar üçün toplayır. Əhalinin məşğul təbəqəsi ilə qeyri-məşğul təbəqəsi arasında tarazlığı və insan, cəmiyyət bütövlüyün təmin etmək məqsədilə vergilər toparlanır. Mərkəzləşmiş fondlar şaxəli və sistemli qaydada ehtiyacların ödənilməsinə yönləndirilir. Vergi fəlsəfəsi ictimai, iqtisadi, sosial, humanitar, mədəni təfəkkürün əsasını formalaşdırır. Vergi fəlsəfəsinin dayağında iqtisadi –siyasi vəhdətlik və komplekslilik dayanır. Dövlət ictimai və hüquqi münasibətlərdə və əlaqələrdə özünü iqtisadi sistemlə, iqtisadi resurslarla sübuta yetirir, təsdiqləyir.

Vergi fəlsəfəsi dövlətin ehtiyaclarını ödəmək fəlsəfəsidir. Bu fəlsəfə həm də insanların bəşəri məfkurəsidir, düşüncəsidir. Çünki bəşəriyyətin saxlanılması maddi elementlərdən asıldır. Maddi elementlərin harmonik və sistemli qaydada əldə olunması bəşəriyyətin harmonik yaşam tərzini təşkil edir. Vergi fəlsəfəsi dəyərləri qorumaq və nəsillərdən-nəsillərə ötürmək fəlsəfəsidir. Vergi fəlsəfəsi mədəniyyət və yaradıcılıq, əməklə məşğul olmaq fəlsəfəsidir. Belə ki, hər bir şəxs (əmək qabiliyyəti olan şəxs) öz dövlətini saxlamaq və bu qurumu dayağa çevirmək üçün əməklə məşğul olmalı və qazanclar əldə etməli və cəmiyyətə dəyərlər bəxş etməlidir.

Vergi prosesləri dövlətlə ödəyici, eləcə də istənilən sakin arasında (vergi ödəyicsi olmayan şəxs) sağlam əlaqə və münasibətlərin əsaslarını təşkil edir.

Vergi ödəyərkən insan öz cəmiyyətinə, mədəniyyətinə və xalqına, dövlətinə bağlanır. Eləcə də xarici ölkədə kommersiya ilə məşğul olarkən vergi ödəməklə həm də o ölkəyə hörmətini ifadə edir. Ölkənin şərəfinə hörmət edir. Ona görə ki, bütün ölkələrdə ölkə və dövlət üçün (ölkə və dövlət ifadələri əslində iqtisadi, siyasi, mədəni, coğrafi kriteriyalar üzrə ayrılıqda işlənilir. Məsələn, turizm ölkəsi, idman ölkəsi, texniki nailiyyətlər ölkəsi, tranzit ölkə, təbii sərvətlər ölkəsi, Avropa ölkəsi, Asiya ölkəsi və s. kimi sözlər işlənilir. Eləcə də super dövlət, böyük dövlət, möhkəm dövlət, sağlam hakimiyyətli dövlət, zəngin dövlət, parlament idarəçilikli dövlət və s. kimi sözlər də ifadə olunur) statuslar iqtisadi göstəricilərlə (siyasi güc, hərbi güc, fövqəladə güc, quru gücü, dəniz gücü, kosmik güc, maliyyə gücü, ticarət gücü və s.) müəyyən olunur.

Vergi fəlsəfəsi hər iki tərəf üçün: vergi yığan və vergi ödəyən tərəf üçün ümumən vahid amallara xidmət edir. Bu amallar dövlətin və ölkənin saxlanılmasından ibarət olur.

İqtisadiyyatın humanitar funksiyaları – humanizm iqtisadiyyatı

Humanizm iqtisadiyyatı iqtisadiyyat fəlsəfəsinin əsaslarını özündə əks etdirən ali məzmunlu təsərrüfat strukturudur. İqtisadiyyatın ali düşüncələri, xeyirxah məqsədləri məhz bu iqtisadiyyatda öz əksini tapır. İqtisadiyyatın xarakteri onu deməyə əsas verir ki, burada bütün məqsədlər sabitliyə, dincliyə, xeyirxah amallara yönəlir. Hədəflərdə məqsəd mənəvi-maddi kompozisiyanı təmin etməkdən, humanizm bütövlüyünü təşkil etməkdən ibarət olur. Humanitar iqtisadiyyat daha çox əhatəli təminata yönələn iqtisadiyyatdır. Humanitar iqtisadiyyat kompromisləri (iqtisadi münasibətlərdə və iqtisadi əlaqələrdə güzəştli dialoqları) özündə cəmləşdirən iqtisadiyyatdır.

İqtisadiyyat insanların özləri tərəfindən özlərinin təminatını həyata keçirmək üçün struktur şəkilində təşkil olunur. İqtisadiyyatın forması onun strukturudur. Məzmun isə təminatdır. İqtisadi struktur genişləndikcə tələbatlar artır, yeni ehtiyaclar meydana gəlir. İqtisadiyyatın genişlənməsi ehtiyacların və tələbatların artması ilə xarakterizə olunur. İqtisadiyyat daima yeni münasibətləri və əlaqələri şərtləndirir. Yeni münasibətlər yeni iqtisadiyyatın, yeni iqtisadi cərəyanların yaranmasını əsaslanıdırır. Humanitar iqtisadiyyat liberallaşan, yumşalan, dərinləşən və yayılan iqtisadiyyatdır. Humanitar iqtisadiyyat mərkəzlərdən ətraflara doğru yayılan iqtisadiyyatdır.

İqtisadiyyatın tələbatı təmin etmək funksiyası onun məzmunudur. İqtisadiyyatın funksiyası böyüdükcə məzmunu da genişlənir və dərinləşir. İqtisadiyyatın funksiyaları onun humanitar funksiyasında ümumiləşə, məxsusiləşə, universallaşa bilir. İqtisadiyyat insanların bir-birilərinə yardım etmək məqsədləri üçün də təşkil olunur. Məhsul mübadiləsi, əmək və pul mübadiləsi, ticarət və maliyyə sistemi özü-özlüyündə humanitar və tarazlı iqtisadiyyatın əsaslarını formalaşdırır. Humanitar iqtisadiyyat cəmiyyətin və dövlətin maddi-material xeyriyyəçilik fəlaiyyətindən formalaşır. Burada münasibətlər və əlaqələr kollektivdir, güzəştlidir.

Humanitar iqtisadiyyat dövlətin və cəmiyyətin dəyərlər hasil edən pozitiv amallara xidmət edən iqtisadiyyatıdır. Humanitar iqtisadiyyat daima öz kapitalını özünə yönəldir və kənara yayır. Burada məqsəd daxili və xarici ehtiyacların ödənilməsindən ibarət olur. Humanitar iqtisadiyyat zəruri tələbatları ödəməyə yönələn iqtisadiyyatdır. Humanitar iqtisadiyyat formaca dağınıq, yaylı, tarazlı iqtisadiyyatdır. Həm də liberal və yumşaq iqtisadiyyatdır. Buna rəhmli iqtisadiyyat da demək olar. Humanitar iqtisadiyyat güzəştli və imtiyazlı iqtisadiyyatdır. Dövlət təsərrüfat elementlərindən istifadəni asanlaşdırmaq üçün sadələşmiş iqtisadi tənzimləmə siyasəti yürüdür. Bunun sayəsində fondlardan istifadə olunur. Humanitar iqtisadiyyatın tətbiqi zamanı dövlət öz iqtisadiyyatını genişləndirir, geoiqtisadiyyat sferasını böyüdür. Nəticədə regional tələbatlar ödənilir. Daxili elementlər və xarici elementlər iqtisadiyyatın yayılmasına gətirib çıxarır. İqtisadi sfera genişlənir. Humanitar iqtisadiyyat yaylı və diqqətli, qayğılı iqtisadiyatdır. Dövlət humanitar fəlakətlər zamanı öz iqtisadiyyatını genişləndirir, səfərbər edir, problemlərin və fəsadların aradan qaldırıılmasına yönəldir. Bu zaman yeni ruh meydana gəlir. Humanitar iqtisadiyyat kömək, yardım ideologiyası üzərində qurulan ali düşüncəli, müdrik iqtisadiyyat formasıdır. Humanitar iqtisadiyyatın amalları təbii resurslardan və məhsullardan, bu baxımdan da xammaldan və nəticə məhsulundan xeyirxah əməllərlə istifadəyə yönəlməkdən ibarətdir. Xeyirxah iqtisadiyyat anti-müharibə, anti-münaqişə iqtisadiyyatıdır. Belə ki, dövlət iqtisadi resurslarını daxili sabitliyə yönəldir, həmçinin regionun kasıbçılığının aradan qaldırılmasına səfərbər edir. Münaqişələri və böhranları qabaqlayır, önləyir. Humanitar iqtisadiyyat regionun tarazlı ruhuna xidmət edən iqtisadiyyatdır. Dövlətin humanitar fəaliyyəti onun maraqlarını genişləndirir. Bu baxımdan da humanitar iqtisadiyyat dövlətin təhlükəsizliyinə və sabitliyə xidmət edir. Bu iqtisadiyyat dövlətin daxili iqtisadi ruhunu onun regional xarici ruhu ilə tənzimləyir. Eyni zamanda sistemli harmoniya yaradır. Dövlətin kənar, sərhəd ölkələrə kapital qoyuluşunu həyata keçirməsi, eləcə də maddi yardımları sərhəd iqtisadiyyatının inkişafına təkan vermiş olur. Bu da öz növbəsində dövlətin təsirlərini artırır. Deməli, humanitar iqtisadiyyat həm genişlənən, həm də dərinləşən iqtisadiyyat kimi funksiya kəsb edir. Humanitar iqtisadiyyat mərkəzləşdirici, cəlbedici iqtisadiyyatdır. Bu iqtisadiyyat humanizm ideologiyası ilə cəmiyyətin münasibətlərini və əlaqələrini yaradır. Yumşaq və dəyərli iqtisadiyyat insanların ruhuna da müsbət təsirlər edir. Humanizm iqtisadiyyatı cəmiyyətin yumşalmasına xidmət edir.

İqtisadiyyatın humanitar funksiyası qayğını təmin etməkdən ibarət olur. Burada bütün insanlar (iqtisadiyyatda iştirak edən və edə bilməyənlər daxil) əhatə olunur. Buna görə də tarazlı pay iqtisadiyyatı ilə təminat humanitar iqtisadiyyatın əsaslarını meydana gətirmiş olur. Humanitar iqtisadiyyatın funksiyaları kapitalı daima hərəkətə gətirməkdən ibarət olur. Sistemli məzmun kəsb edir.


Elşən Nəsibov

Siyasətşünas alim 


Millət