Şriftin ölçüsü / 655

Əslində hakimiyyətin Qərblə əlaqələri daha çox olub, nəinki müxalifətin

17 Fevral 2018 [12:34]
11 apreldə keçiriləcək prezident seçkisini boykot edən və seçkiyə qatılmayan siyasi qüvvələrə hakimiyyət düşərgəsindən ittihamlar irəli sürülür. Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, həmin qüvvələr bir sıra xarici dairələrin göstərişi ilə hərəkət edirlər. Xaricdən onlara seçkiyə qatılmaq göstərişi gəlsə, qaça-qaça seçkiyə gedərlər.

Seçkiyə qatılmayan müxalifət təşkilatlarından olan AMİP Siyasi Şurasının üzvü  Əli Orucov hakim partiyadan irəli sürülən bu tipli ittihamları əsaslı saymır. Əli Orucov qeyd etdi ki, müxalifətin seçkilərə qatılmaması barədə YAP təmsilçilərinin dedikləri məsuliyyətdən qaçma cəhdidir: "Hakimiyyətə demokratik yolla gəlməyi qarşısına məqsəd qoyan siyasi partiyalar prezident seçkilərinə hakimiyyətdən daha çox maraqlıdır. Müxalifətin prezident seçkilərinə nədən qatılmamasının səbəbləri əslində YAP-a, o cümlədən Siyavuş Novruzova da gün kimi aydındır. Onlar özləri də bilirlər ki, hazırkı qeyri-bərabər siyasi rəqabət və mövcud seçki mühitində prezident seçkilərinə qoşulmağın müxalifət üçün heç bir mənası qalmır. İkincisi, prezident seçkiləri çox ağır kampaniyadır və bu prosesi sonadək aparmaq üçün həm də vacib resurslar, maliyyə, maddi-texniki təminat, insan və sair kimi resurslar lazımdır. Hakimiyyətin əlində bu resurslar var. Müxalifətin isə bu resursları ölkədə yürüdülən məqsədyönlü siyasət nəticəsində tamamilə çöküb, onların heç oturmağa mərkəzi qərargahları da yoxdur. Qərb isə həmişə Azərbaycanda demokratik və şəffaf seçkilərin tərəfdarı olub və bu istiqamətdə Azərbaycan hökumətinə dəstəyini əsirgəməyib. Yəni əslində hakimiyyətin Qərblə əlaqələri daha çox olub, nəinki müxalifətin əlaqələri.

Konkret olaraq AMİP-in seçkilərdən imtinası barədə isə partiyanın Siyasi Şurasının qərarı var və bu qərarda səbəblər çox net şəkildə göstərilib və mediada məlumat olaraq yayılıb. Burada heç bir xarici təsir, xaricdən göstəriş məsələsindən söhbət gedə bilməz”.


Millət