Şriftin ölçüsü / 399

Tillerson Türkiyəyə problemləri çözməyə gəlib

16 Fevral 2018 [17:33]


ABŞ-ın dövlət katibi Reks Tillersonun fevralın 15-də Türkiyəyə səfəri başlayıb. İki gün davam edəcək səfərdə Tillersonun prezident Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri ilə keçirəcəyi görüşlərdə iki ölkə arasında son dönəmlərdə qeydə alınan narazılıqların müzakirə olunacağı bildirilir. Həmçinin Türkiyənin Afrindəki əməliyyatı və Amerikanın Suriyanın Türkiyə ilə sərhədində yerləşən terrorçulara silah göndərməsi məsələsi də müzakirə mövzusudur.

Siyasi ekspertlərin Tillersonun Ankara səfərinin əhəmiyyəti barədə fikirləri heç də birmənalı deyil. Çoxları hesab edir ki, bu səfər Türkiyə ilə ABŞ arasında olan narazılıqları aradan qaldırmayacaq. Arqument kimi də, ötən ilin iyulunda ABŞ dövlətinin katibinin Türkiyə səfəri və həmin səfərdən sonra hər iki ölkə arasındakı münasibətlərdəki soyuqluğun nəinki aradan qaldırılmadığı, əksinə, daha da dərinləşdiyi göstərilir. Amma səfərin iki ölkə arasındakı əlaqələrə ciddi təsir edəcəyinə ümidlər də kifayət qədər çoxdur.

AMİP Katibi Elşən Mustafayev hesab edir ki, Tillersonun səfəri iki dövlət arasında gərginliyin azaldılmasına yönəlib: "Türkiyə və ABŞ arasında münasibətlər Afrin əməliyyatından sonra daha da gərginləşib. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da dilə gətirib. Hətta deyib ki, ABŞ-ın terror təşkilatları kimi tanınan PYD-YPG-yə münasibətini dəyişməyəcəyi halda əməliyyatları daha da genişləndirəcək, Mehbiç və Fərat çayının Şərq sahillərinə də gedəcəkdir. Bu, kifayət qədər ciddi bəyanatdır. Tillersonun Türkiyəyə səfəri də bu kimi məsələlərin müzakirəsinə və gərginliyin azaldılmasına hesablanıb. Əslində isə bu razılaşmalar tərəflərin Suriya məsələsinə münasibətlərində ortaq nöqtələrin tapılmasından asılı olacaq. Sözsüz ki, Tillerson Türkiyəyə münasibətləri daha da gərginləşdirməyə yox, problemləri çözməyə gəlib. Eyni ilə Türkiyə də bunda maraqlıdır. Nəticə isə proseslərə tərəflərin yanaşmasından, hansısa məsələlərdə güzəştə gedib-getməməsindən asılı olacaq. Hesab etsək ki, regiondakı terrordan Türkiyə daha çox əziyyət çəkir və bu əməliyyatlara təhlükəsizliyini təmin etmək məqsədilə başlayıb, o zaman ABŞ da bunu nəzərə almalıdır. Afrin əməliyyatı başlayandan sonra ABŞ-ın və Avropa institutlarının Türkiyəni qınayan bəyanatları verilsə də, əməliyyatlar davam etdirildi. Bir-birinin ardınca yaşayış məntəqələri azad olunmağa başladı. Kifayət qədər yaxşı silahlanmış terror qruplaşmaları ağır itkilər verdilər və bu hal hazırda davam edir. Eyni zamanda Türkiyənin də canlı və texnika itkiləri var. Bu itkilərin olmasından istifadə edən daxildə olan bir sıra qüvvələr təbliğat kampaniyasına başlayaraq əməliyyatları dayandırmağa çağırdılar.

Ancaq bu olmadı və insanları da bu əməliyyatlar əleyhinə qaldıra bilmədilər. Açıq şəkildə göründü ki Türkiyə hədəfə çatana qədər dayanmayacaq. Tillersonun səfərinin bu ərəfəyə düşməsi məhz bu səbəbdən təsadüfi deyil. Hesab edirəm ki, ciddi şəkildə danışıqlar olacaq. Bu danışıqların detallarının böyük bir hissəsi ictimaiyyətə qapalı olsa belə, nəticənin ümumi konturları bilinəcək. Əsas problem ABŞ-in PKK-nin Suriya qolu olan YPG və PYD-ni terror qruplaşması kimi tanıması, heç olmasa onları silahlandırmağı dayandırmasıdır. Bilirsiz ki, ABŞ bu təşkilatları terrorçu kimi yox, İŞİD və Əsəd rejiminə müxalif qüvvə kimi qəbul edir . İki ölkə arasında razılaşdırıla bilməyən əsas məsələlərdən biri budur. Əgər Tillerson həqiqətən Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa gəlibsə, bu məsələdə ilkin güzəştlərini edə bilər. Yəni həmin qruplaşmaların Türkiyə sərhədindən razılaşdırılmış məsafədə geri çəkilməsində rol oynaya bilər. Sonrakı etapda yenə də onlarla bağlı müzakirələr ola bilər.

Əks halda, münasibətlərin yaxşılaşacağından söhbət belə gedə bilməz. Hesab edirəm ki, ABŞ indiki məqamda münasibətlərin durulmasında maraqlıdır. Tillersonun ötən səfəri ilə indiki arasında fərq çox böyükdür. İstər regiondakı vəziyyət, istərsə də iki ölkə arasında münasibətlər keçən ilkindən daha gərgindir. Hətta deyərdim ki, kritik xətti keçmək ərəfəsindədir. Hansı ki, NATO üzvü olan iki ölkənin bu xətti keçməsi ABŞ üçün yolverilməzdir. Buna görə də düşünürəm ki, bu danışıqlar konstruktiv və konkret nəticəyə hesablanmış şəkildə aparılacaq. Son vaxtlar Rusiya-Türkiyə münasibətlərində inkişaf edən iqtisadi münasibətlər siyasi münasibətlərə keçmək üzrədir. Kremlin bu əməkdaşlıqda öz marağı var. Məlumdur ki, Türkiyəyə o qədər simpatiyası olmayan, bir çox məsələlərdə fərqli düşünən Rusiya bu əməkdaşlığı dünyada təklənmə təhlükəsinə görə qurur və buna görə də hazırkı prosesi diqqətlə izləyir. Təbii ki, Türkiyə kimi dövlətin indiki məqamda strateji müttəfiq olaraq Rusiya ilə yaxınlaşması Putin administrasiyası üçün çox vacibdir. Eynilə Türkiyə də yaranmış vəziyyətdə maraqları naminə Rusiya ilə yaxınlaşır. Ona görə də Kreml ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşmasında maraqlı deyil. Eyni zamanda yaxşı bilir ki, məsələlər ABŞ-Türkiyə arasında olacaq danışıqlardan, ediləcək güzəştlərdən asılıdır”.