Şriftin ölçüsü / 834

AXC-nin 3-cü Konfransı: həqiqətlər və illuziyalar/VİDEO/

12 Yanvar 2018 [14:54]

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin AXC-nin 6-8 yanvar 1990-ci il tarixdə keçirilən Qurultay səlahiyyətli 3-cü Konfransı barədə qələmə aldığı silsilə yazılar cəmiyyətdə ciddi narazılıq və etirazlar doğurdu. Bu narazılığın və etirazların də səbəbi ondan ibarət idi ki, həmin yazılarda ciddi təhriflərə yol verilmiş tarixi əhəmiyyət daşıyan həmin əlamətdar dövürün saxtalaşdırılmasına cəhd göstərilmiş, ayrı-ayrı şəxslər bilərəkdən hədəf götürülmüşdür. Eyni zamanda yazıların indi işıq üzü görməsi bəzi təhlilçilər və siyasilərə görə müxalifətdaxili gərginliyə, qarşılıqlı ittihamlara və fikri əsas problemlərdən yayındırmağa xidmət edir. Lakin zaman o qədər də uzaq olmadığından və həmin hadisələrin canlı şahidləri, həmçinin videomaterilallar hadisələrin əslində necə olduğunu dəqiqliklə ortaya qoyur.

AMİP-in arxivində saxlanılan videomateriallar bu baxımdan ən qiymətli məxəz və təkzibedilməz sübutdur. Bu mateillara baxmaq kifayətdir ki, İsa Qəmbərin 6-8 yanvar 1990-ci il AXC Konfransı barədə yazdığı silsilə məqalələrin heç də həqiqəti əks etdirmədiyini, əksinə bilərəkdən təhriflərə yol verdiyini və özünü "öyüb göylərə qaldırmaq” istəyindən başqa bir şey olmadığını üzə çıxartsın.

Qısaca olaraq onu vurğulayım ki, AXC-nin sözü gedən həmin Konfransı Nizamnamədə və cəbhədə dəyişikliklərin aparılması, yerli strukturların fəaliyyətinin gücləndirilməsi, qarşıya qoyulan vəzifələr olub. Konfransa mərhum Yusif Səmədoğlu sədrlik edib və iki əsas məruzəçi olub-Etibar Məmmədov və İsa Qəmbər. Hər iki çıxışçı üçün 20 dəqiqəlik, digər çıxışçılar üçünsə 10 dəqiqəlik vaxt müəyyənləşdirilib. İlk məruzəni də Etibar Məmmədov edib.

Etibar Məmmədov 27 dəqiqəlik məruzəsində xalq hərəkatı və onun gedişi, AXC-nin yaranma səbəbləri, yenilənməsi, struktur dəyişikliyi, qarşıda duran vəzifələr barədə danışıb. E.Məmmədov bilidirib: "AXC təşkilati cəhətdən hərakatın sürətindən geri qalır. Cəbhənin özündə müxtəlif istiqamətdə olan insanlar var. AXC-nin strukturlaşması yenidən qurulmalıdır və hərəkatın sürətinə və xarakterinə uyğun olmalıdır. Hərəkat artıq demokratik və milli xarakter alıb. AXC Məclisi Azərbaycanın regionlarını əhatə etməyib. Bəziləri fikirləşirlər ki, Qurultayı keçirsək AXC parçalanacaq. Yeni seçkilər keçirilməlidir. Bəzi problemlər düşmənlərimizi sevindirməyə başladı ki, AXC parçalanacaq. Amma Cəbhə dağılmadı və dağılmamalıdır. Demokratiya Cəbhənin Məclisində, İdarə Heyətində olub, qalan hissələrdə olmaması, doğru yanaşma deyil. Belə olanda qorxurlar ki, onları idarə heyətinə seçməzlər. 15 nəfər AXC İdarə Heyətində əvəzolunmaz deyil və Azərbaycanı idarə etməməlidir. Demokratiya elitaya deyil, xalqa verilməlidir”.

İsa Qəmbərin "radikal” adlandırdığı Etibar Məmmədovun etdiyi çıxışının məzmunundan göründüyü kimi, məsələ hərəkatın bir qrupun inhisarından çıxarılmasından, demokratikləşdirilməsindən və demokratiyanın xalqa verilməsindən, xüsusən də, milli xarakter almasından gedir. İsa Qəmbərin də üzvü olduğu "Liberallar” isə əksini istəyirdilər. Və bu istəklərini də Elçibəyi şantaj etməklə, hədələməklə, təfriqə yaratmaqla həyata keçirirdilər. İndi də eyni üsul və metod davam etdirilir.

P.S. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin bəhs etdiyi AXC-nin 6-8 yanvar 1990-ci il tarixdə keçirilən Qurultay səlahiyyətli 3-cü Konfransıdan hazırlanan digər materialları, o cümlədən çıxışları saytımızdan izləmək imkanı yaradılacaq. Hər kəs həqiqətdə nələrin baş verdiyini əyani olaraq görəcək.


Fərid Pəmbəkli