Şriftin ölçüsü / 306

Onlar bununla Qərbə xoş görünmək istəyirlər

06 Yanvar 2018 [16:00]
Arzuxan Əlizadə: "Prinsipcə, rəsmi Tehran bütün bunları nəzərə alıb bundan sonra Ermənistana münasibətdə yeridilən siyasətə yenidən baxmalıdır”

Məlum olduğu kimi, 2017-ci il dekabrın son günlərində İranda hökumət əleyhinə etiraz aksiyaları başladı. Toqquşmalar nəticəsində, polislər də daxil, ən azı 20 adam öldü, 450-dən çox insan saxlandı.

Ölkədə nümayişlərə qarşı hökumət tərəfdarlarının da çoxminlik mitinqləri başladı. Aktivistlərin fikrinə görə, iqtisadi problemlər İran xalqının islam inqilabının müdafiəsi prinsiplərinə təsir göstərə bilməz.

Qeyd edək ki, dekabrın 28-də hökumət əleyhinə aksiyalar qiymətlərin qalxmasına etiraz motivi ilə başladı. Yanvarın 1-dən İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayaraq ölkədə etirazların nəzarət altına alındığını elan etdi. Yanvarın 3-də İran mediası Həmədan şəhərində Avropa ölkəsinin vətəndaşının saxlanması ilə bağlı informasiya dərc etdi. İstintaq həmin şəxsin çaxnaşmaların təşkilatçısı olduğunu iddia edir.

İran prezidenti Həsən Ruhani ölkə vətəndaşlarının etiraz haqqının olduğunu bildirib. O deyib ki, nümayişlərə səbəb ölkədaxili problemlər və xarici müdaxilədir. Prezident qeyd edib ki, etirazları dayandırmaq üçün problemin kökünə gedib çıxmaq vacibdir.

Bununla yanaşı, bir sıra ölkələr, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və digər dövlətlər İranda baş verən hadisələrə rəsmi münasibət bildiriblər. Yanaşma da ondan ibarətdir ki, bütün bunlar İranın daxili işidir. Çox qəribədir ki, İranla çox yaxın münasibətlərə malik olan Ermənistan rəsmən indiyə qədər buna hər hansı münasibət bildirməyib. Eyni zamanda, münasibət bildirməyə tələsmir. Baxmayaraq ki, İranda baş verənlərdən ən çox narahat olan ermənilərdir. Bunu erməni mətbuatı iddia edir. Erməni politoloqlar həyəcanla hadisələri izlədiklərini söyləyirlər. Hətta Sarkisyana müxalif olan populyar "Armenian report” yazır ki, İrandakı sabitlik Ermənistan üçün hədsiz vacibdir: "İran Ermənistanın adi qonşusu deyil, iqtisadi, hərbi-siyasi məsələlərdə, o cümlədən Artsax problemində vacib tərəfdaşıdır. İranda sabitlik və proqnozlaşmış situasiya Ermənistan üçün hədsiz vacibdir”.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, Ermənistan niyə indiyə qədər rəsmən İranda baş verən hadisələrə münasibət bildirməyib?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra amillərlə əlaqələndirdi: "Əvvəla bu, ermənilərin tipik hiyləgər xislətindən irəli gələn məsələdir. Çünki zaman-zaman ermənilər proseslərin gedişinə baxaraq, bir müddət gözlədikdən sonra mövqe bildirirlər. Yəni baxıb görürlər ki, hansı tərəf güclüdürsə, onun yanında olduğunu bəyan edirlər. Ermənistanla İran arasında çox yaxın əlaqələrin olduğunu nəzərə alsaq, gözləmək olardı ki, rəsmi İrəvan dərhal Tehranın yanında olduğunu bəyan edəcək. Ən azından, digər dövlətlər kimi, bunun İranın daxili işi olduğunu deyəcək. Çünki sözügedən dövlət iqtisadi baxımdan Ermənistan üçün çox böyük əhəmiyyətə malikdir. Belə olan halda, İranda baş verənlərin Ermənistan üçün nə dərəcədə önəmli rola malik olduğunu təsəvvür etmək çətin deyil. Çox qəribədir ki, rəsmi İrəvan gözləmə mövqeyi tutub. Ermənistanın belə mövqe sərgiləməsi təsadüfi deyil. Onlar bununla Qərbə xoş görünmək istəyirlər. Guya ki, Ermənistan mövcud İran hakimiyyətini dəstəklədiyini bəyan etsə, bu, Birləşmiş Ştatların xoşuna gəlməyəcək. Nəticədə Ermənistan ABŞ yardımlarından məhrum ola bilər və s. Çox güman ki, bu səbəbdən Ermənistan hələ də buna rəsmi münasibət bildirməyib. Bu minvalla istəyirlər ki, Qərbdən hansısa dividend qoparsınlar. Reallıqda isə, başda ABŞ olmaqla, digər Qərb ölkələri yaxşı bilirlər ki, Ermənistan marionet dövlətdir. Ermənistanın müstəqil siyasət yeritməsindən söhbət belə gedə bilməz. Prinsipcə, rəsmi Tehran bütün bunları nəzərə alıb bundan sonra Ermənistana münasibətdə yeridilən siyasətə yenidən baxmalıdır. Çünki sözügedən məsələdə hər şey ortadadır. Ancaq çətin ki, İran bunu nəzərə alıb Ermənistana olan münasibətini dəyişsin. Ən azından buna o qədər də inam yoxdur. Bütün hallarda, bu bir daha ermənilərin riyakar olduğunu ortaya qoydu”.


Millət