Şriftin ölçüsü / 345

Gürcüstanın sabiq prezidenti Ukraynaya nə gətirəcək?

22 Dekabr 2017 [17:43]
Ukraynada Gürcüstanın keçmiş prezidenti, Ukrayna Sağ Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin prezident Petro Poroşenko hakimiyyətinə qarşı başlatdığı proses davam edir. Saakaşvili və tərəfdarlarının təşkilatçılığı ilə Kiyevdə dekabrın 17-də Poroşenkoya qarşı "İmpiçment marşı” aksiyası hadisələrin bundan sonra necə cərəyan edəcəyi, nə ilə nəticələnəcəyi barədə müxtəlif rəyləri meydana çıxarıb.

Mixail Saakaşvilinin başlatdığı prosesin sonu necə olacaq? Onun hakimiyyəti dəyişməsi imkanı varmı? Saakaşvili hakimiyyətə gəlsə, Ukraynada vəziyyətə necə təsir edə bilər?

AMİP katibi Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, Mixail Saakaşvili Ukrayna siyasi həyatında ən öndə gedən fiqurdur. Son aylar baş verən bütün siyasi proseslər məhz onun iştirakı ilə baş verib, yaxın aylarda ola biləcək bütün hadisələrin də hərəkətverici qüvvəsi Saakaşvili olacaq. Amma bu, o demək deyil ki, Saakaşvili Ukrayna prezidenti olacaq və ya buna iddialıdır: "Bilirik ki, prezident Poroşenko Qərbin və ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlib. Saakaşvili də həmin dəstəyə malikdir. O zaman sual ortaya çıxır: nə baş verib ki, Qərbin adamı adlandırılan hər iki şəxs bir-birilərinə düşmən kəsilib? Məsələ ondadır ki, uzun müddətdir Qərb Poroşenkodan əsaslı islahatlar keçirməyi, korrupsiya ilə bağlı xüsusi qanun qəbul etməyi, Ukrayna hakimiyyətində olan, yaxud hakimiyyətə təsir edən oliqarxlardan yaxa qurtarmağı tələb edir.

IAmma bu addımların heç biri atılmayıb. Vəziyyət hətta Viktor Yanukoviçin zamanından daha pisdir. Saakaşvilinin önə çıxması və Ukraynanın tanınmış siyasətçilərinin dəstəyini alması Petro Poroşenkoya Qərbin sonuncu mesajıdır ki, islahatları təxirə salınmadan həyata keçirsin, əks halda, 3-cü Maydan qaçılmaz olacaq və hakimiyyət dəyişiləcək. Əgər Poroşenko bu islahatlara gedəcəksə, islahatlardan biri də növbədənkənar parlament seçkilərinin keçirilməsi olacaq. O zaman parlamentə yeni qüvvələr, o cümlədən Saakaşvilinin lideri olduğu partiya da daxil olacaq. Yox, əgər Poroşenko bu addımları atmayacaqsa, onun vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması prosesi baş verə bilər. Saakaşvilinin rolu isə bunda çox böyük olacaq. Poroşenko hakimiyyəti bunu gözəl anlayır”.

Politoloqun sözlərinə görə, Saakaşvilinin həbs olunmasından sonra ABŞ və Qərbin buna kəskin reaksiyası, məhkəmədə Ukraynanın tanınmış siyasi liderlərinin, hətta Poroşenkonun parlamentdə olan blokunun üzvlərinin bir çoxunun dəstək məqsədilə iştirakı, adətən sifarişlə qərarlar verən məhkəmənin rəsmi hakimiyyətin istəyinə zidd olaraq Saakaşvilini həbsdən azad etməsi yaxın aylarda Ukraynada ciddi dəyişiklər ola biləcəyindən xəbər verir: "Amma yenə də təkrar edirəm, nəticədə Saakaşvili prezident olmayacaq və buna can da atmayacaq. Amma prezidentin kimin olmasından asılı olmayaraq o, hakimiyyətdə güclü təsir imkanına, rıçaqlara malik bir vəzifədə olacaq. Hətta ola bilsin, yaxın gələcəkdə olacaq islahatlarla prezident səlahiyyətlərinin azaldılması və parlament tipli hakimiyyətə yaxın bir modelin qurulması da baş versin”.

Image result for Politoloq Şahin Cəfərli

Politoloq Şahin Cəfərli isə Mixail Saakaşvilinin son hərəkətlərinin yanlış olduğunu və yaxşı heç nə vəd etmədiyini düşünür: "Saakaşvili artıq Ukrayna dövlətinə qarşı, yumşaq desək, təxribata keçib. Dekabrın 17-də keçirilən mitinqdə öz tərəfdarları ilə Kiyevin mərkəzindəki oktyabr sarayını ələ keçirməyə çalışıb, hətta deyəsən, içəri də giriblər. Həmin vaxt içəridə konsert gedirmiş, xeyli uşaq da var imiş, birtəhər camaatı çıxara biliblər. Saakaşvili deyir burda mənim qərargahım yerləşəcək (son inqilab zamanı müxaliflərin qərargahı məhz həmin sarayda idi).

Baş verənlər Saakaşvili adına böyük bir ayıbdır. Hakimiyyəti demokratik yolla dəyişmək imkanı olan bir ölkədə, üstəlik, seçki kampaniyasının başlamasına 1 il qalmış, korrupsiya var deyə inqilab etməzlər. Bu hadisələr eyni zamanda Ukrayna dövlətinin hələ oturuşmadığını və möhkəmlənmədiyini göstərir. Başqa bir ölkə siyasətçisinin və onun yönəltdiyi 5-10 minlik kütlənin qarşısında aciz qalınması Ukrayna adına utancverici faktdır".


Millət