Şriftin ölçüsü / 476

Bu həmin Aslan İsmayılovdur ki... - Taleh Şahsuvarlının YAZISI

06 Dekabr 2017 [15:22]

(Əvvəli burada)

Aslan İsmayılovun ömür yolunda ən diqqətçəkən hadisə heç şübhəsiz onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2005-ci ildə qəbul olunmasıdır. Bu görüş barədə Aslan İsmaylov dəfələrlə açıqlama verib və hər açıqlamasında dövlət başçısının diqqət və jestinə layiq olmayan psixologiya daşıdığını bütün çılpaqlığı ilə ortaya qoyub. Öz sözlərini əsas götürsək, Aslan İsmayılov Prezident Aparatından qovularkən özü ilə götürdüyü, başqa sözlə, oğurladığı məlumat kitabçasındakı telefon nömrələrinə göz gəzdirərək dövlət başçısının köməkçisinə zəng edir, köməkçiyə prezident İlham Əliyevə çatdırılacaq çox önəmli məlumatları olduğunu söyləyir.

Təbii ki, onun zəngi barədə Prezidentə məlumat verilir və qəbula razılıq alınır. Lakin bundan sonra prezidentin köməkçiləri və xüsusi mühafizə qurumunun əməkdaşları Aslan İsmayılovu heç cür tapa bilmirlər. Əlaqə yaranan zaman isə ona dərhal nə qədər qeyri-ciddi bir tip olduğu xatırladılır:

"Bu qədər məsuliyyətsizlik olmaz! Həm Prezidentə zəng edib təcili qəbul olunmağını istəyirsən, həm də telefonu söndürürsən”.

Özünün dediyinə görə, Prezidentin köməkçiləri və xüsusi mühafizə qurumunun əməkdaşları onu əliçıraqlı axtaran zaman Aslan İsmayılov ANS telekanalının rəhbərliyinə "ayı xidməti” göstərmək və at çapmaqla məşğul imiş, Novxanı bağlarında yeyib-içməyə hazırlaşırmış. Elə bu səbəbdən o, dövlət başçısının qəbuluna təxminən 20 dəqiqə gecikir və gecikməyi azmış kimi Prezidentə qəzəblənir:
"Qəbul otağına keçən kimi köməkçi artıq 20 dəqiqədir Sizin gözlədiyinizi dedi. Dərhal məndən nə üçün gecikdiyimi soruşacağınızı, bu görüşün yazılacağını və hər halda sonuncu görüş olacağını zənn etdiyimdən otağınıza daxil olarkən artıq qərəzli idim”.

Sözün bütün mənalarında rəsmi ədəb-ərkana və vətəndaşlıq ləyaqətinə zidd olan bu açıqlaması ilə Aslan İsmayılov əslində öz müştəbehliyini və xislətinin bütün neqativ mahiyyətini ortaya qoyur. Bütün bunlara rəğmən Azərbaycan Prezidenti İlham Əliyev öz yüksək mədəniyyətinə və dövlətçilik fəlsəfəsinə uyğun bir şəkildə qəbul etdiyi vətəndaşı diqqətlə dinləyir, hətta qapıya qədər yola salır.
Sonradan özünün verdiyi açıqlamada isə "bu görüşün sonuncu görüş olduğunu zənn etdiyindən” Aslan İsmayılov fürsətdən maksimum yararlanmağa çalışdığını və söhbətin bir bölümündə Ali Məhkəmənin o zamankı sədri Südabə Həsənova ilə Apellyasiya Məhkəməsinin sədri Gülzar Rzayevaya qarşı danışdığını boynuna alır.

31 may 2016-cı ildə "Kanal 13” internet televiziyasına verdiyi müsahibədə isə Südabə Həsənova və Gülzar Rzayevaya haqqında dövlət başçısının qarşısında etdiyi söhbətə görə peşiman olduğunu ifadə edir. Aslan İsmayılovu tanıyanlar vaxtılə onun adı çəkilən xanımların yerinə ya Ali Məhkəməyə, ya da Apellyasiya Məhkəməsinə sədr təyin olunmaq arzusunda olduğunu istisna etmirlər.

Aslan İsmayılovun açıqlamalarında tez-tez vurğuladığı bir məqam var. Guya Azərbaycanda iqtidarda olmuş müxtəlif qüvvələr tərəfindən ona az qala hər ay yüksək vəzifə tutmaq təklifi edib, ancaq "təvazökar və iddiasız” hüquqşünas məqsədli şəkildə həmin "israrlı rica”ları geri çevirib. Əvvəla, Aslan İsmayılov özü də etiraf edir ki, Azərbaycana qayıtmaq və münasib bir işlə təmin olunmaq üçün Azərbaycan SSR-nin Baş prokuroru İlyas İsmayılovun qəbuluna gedib. O da bəllidir ki, AXC-Müsavat hakimiyyəti dövründə Aslan İsmayılov Baş prokuror İxtiyar Şirinova və Bakı şəhər prokuroru Çingiz Qənizadəyə qarşı kampaniya başlayıb- görünür, onların da postunda gözü varmış- və hakimiyyətdaxili intiriqalarda istifadə olunmaq üçün "Yurd” tərəfindən Prezident Aparatına gətirilib. Prezident Aparatından 10 dəqiqə ərzində qovulduqdan sonra isə Aslan İsmayılova cəmi bircə dəfə vəzifə təklif edilib. Sabiq Baş prokuror Eldar Həsənov sözügedən postda olduğu dövrdə müəyyən publik çıxış və dəstəyinin əvəzi olaraq Aslan İsmayılova Gəncə hərbi qarnizonunda müstəntiq vəzifəsində işləməyi tövsiyyə edir. İddiası potensialından çox-çox böyük olan KDU məzunu əyalətə və sıradan bir vəzifəyə getməyə razılaşmır. Bu təklif müqabilində Aslan İsmayılov Eldar Həsənovdan narazı düşsə də, arada-sırada onu tərifləməkdən qalmır və xüsusən də Eldar Həsənovun Azərbaycandan kənardakı nüfuzundan faydalanmaq üçün hələ də ona kütləvi informasiya vasitələrində bu və ya digər şəkildə jestlər edir.

1995- ci parlament seçkilərində Aslan İsmayılov indi hüdudları dəyişdirilmiş 25 saylı Nərimanov seçki dairəsindən namizədliyini irəli sürür və hakim Yeni Azərbaycan Partiyasının adayı Rəfael Allahverdiyevə uduzur. Həmin vaxt deputatlığa namizəd kimi hazırladığı və sonralar onun özü tərəfindən "Youtube” kanalına videomüraciətdə Aslan İsmayılovun 1958-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olduğu deyilir. "Wikipedia” açıq internet ensiklopediyasında isə onun Qazax rayonunda doğulduğu qeyd olunur.

Konyukturadan asılı olaraq gah Qazaxda, gah da Qardabanidə doğulduğu qeyd olunan İsmayılovun 2000-ci ildəki seçki macərası da uğursuzluqla sonunclanır. 2005-ci ilin parlament seçkilərindən öncə isə Azərbaycanda siyasi atmosfer heç də mülayim deyildi. Gürcüstan və Ukraynada gerçəkləmiş məxməri inqilablar Azərbaycan müxalifətinin də iştahını qabartmış, bu düşərgə narıncı libasa bürünmüşdü. Nərimanov rayonundakı 20 saylı seçki dairəsində hakim partiya faktiki olaraq seçki yarışından məqsədli şəkildə kənarda dayanmışdı. Həmin dairədən müxalifətin namizədi Müsavat partiyasının başqanı İsa Qəmbər olduğundan digər namizəd Aslan İsmayılov hakimiyyətdən mandat qoparmaq üçün əlindən gələni əsirgəmir, bütün kanallarla iqtidara öz xidmətlərini təklif edirdi. Lakin o yenə məyus oldu və həmin vaxta qədər açıq siyasət meydanında görünməmiş bitərəf namizəd- polis zabiti Adil Əliyev uğurlu bir seçki kampaniyası apararaq səsverməni uddu.

Adil Əliyevlə Aslan İsmayılov seçki yarışında 2010-cu ildə də qarşılaşdılar. 2010-ci ilin parlament seçkilərində 20 saylı Nərimanov seçki dairəsi üzrə yaddaşlarda qalan faktlardan biri də o oldi ki Aslan İsmayılov İctimai Televiziyada tərtib olunan debatlarda iştirak etməyə özündə mənəvi güc tapmayaraq ABŞ-a yollandı. Aslan İsmayılovun Adil Əliyevlə sonacan rəqabət aparmağa 2015-ci ilin parlament seçkilərində də təpəri çatmadı və o, marafonu yarıda buraxdı. Bu barədə deputat kimi fəaliyyət göstərdiyi üç çağırış müddətində cəmiyyətin rəğbətini qazanmış Adil Əliyev belə deyir:
"Yenə televiziyadan danışır. Guya İctimai Televiziyada debata imkan verilsəydi, seçicilərə nəsə "yeni fikir” çatdıracaqmış. Bir daha təkrar edirəm, İctimai Televiziyada debata qatılmaq istəyən şəxs bunu 2010-cu ildə edərdi. Mən həmin debata qatıldım, o isə həmin vaxt Amerikaya getməyə üstünlük verdi. Deməli, onun İctimai Televiziya ilə bağlı debat fikri də blefdən başqa bir şey deyil. Bu dəfə İctimai Televiziyada debatın olmayacağı seçki günündən bəlli idi. Bu, hamıya məlum idisə, onun "mən seçkiyə İctimai Televiziyada çıxışa görə qatıldım” fikri başdan-ayağa yalandır. Aslan İsmayılovun seçkidə namizədliyini geri götürməsinin bir səbəbi var: o budəfəki seçkidə də Adil Əliyevə böyük hesabla məğlub olacağını anladığından üçüncü dəfə bu biabırçılığı yaşamaq istəməyib”.

Seçkilər bitsə də, Aslan İsmayılovun Adil Əliyev qarşısındakı məğlubiyyətdən qaynaqlanan aqressiyası səngimir. O, hər vəchlə Adil Əliyevin dürüst qələbəsinə kölgə salmaq üçün onun şəxsiyyətini hədəfə almağa çalışır. Bu cəhdlər Adil Əliyevin nüfuzuna xələl gətirməyə müvəffəq olmasa da, Aslan İsmayılovun cığal obrazını yaradır. "Cığallıq etmək Aslan İsmayılovun xarakteridir”- Adil Əliyev keçmiş rəqibinin növbəti həmlələrindən birinə məhz bu cümlə sözə başlayaraq cavab verir:

"Aslan İsmayılov deyir ki, Adil Əliyev hansı gücünə səs yığmışdı. Ona demək istəyirəm ki, biz səsimizi gecə-gündüz çalışdığımız əməyin, zəhmətin və düzgün təbliğatın gücünə yığılmışdı. Onun nəzərinə çatdırım ki, mən təbliğat aparanda, Aslan İsmayılov Amerikaya səfər etməyi vacib bildi və ora getdi. Təbii ki, seçicilərə onları yarı yolda buraxıb qaçan namizəd, millət vəkili lazım deyil. ... Sonra müsahibəsində parlamentdə "otura bilərdim” fikrini bildirir. Adamdan soruşarlar ki, istəmirdinsə, o zaman nəyə görə cənab İlham Əliyevin qəbuluna getmişdin? Yaxşı getdin və qəbulda oldun. Sənə şərt qoydular, sən də qəbul etmədin. Bəs bilə-bilə ki, şərtləri qəbul etməmisən və sən seçilməyəcəksən, o zaman niyə namizədliyini irəli sürdün? Maraqlısı odur ki, hər yerdə də deyirdin ki, qəbulda olmuşam, mən seçilmişəm. Mən belə daşa düşürəm ki, sən gedib demisən ki, mən deputat olmaq istəyirəm, orada da sənə deyiblər ki, namizədliyini ver, seçicilərin etimadını qazan, seçkini ud, deputat seçil. Sən də namizədliyini verib, qaçdın Amerikaya şad xəbər verməyə ki, "dobro” almışam və təbliğat üçün pul verin. ... Sonda Aslan İsmayılov 5 deputat seçkilərində iştirak etdiyini söyləyir. Təkcə, üç seçkini mənə məğlub olub və ya qaçıb. Aslan İsmayılov sinəsini döyür ki, böyük vəzifələrdə işləyib. Soruşuruq ki, niyə axıra qədər həmin vəzifələrdə işləməmisən? Prokurorluqdan və Prezident Administrasiyasından qovulmusan. Vəkillər Kollegiyasından da qovulmusan”.

Tanınmış hüquqşunas və vaxtilə ADP-nin qurucularından olmuş Qurban Məmmədovun rəsmi saytında Aslan İsmayılovun öz məğlubiyyətini etiraf etməsi haqqında olduqca maraqlı bir yazışma var. Həmin yazışmadan bəlli olur ki, Qurban Məmmədov 2010-cu ilin parlament seçkilərində Aslan İsmayılovun vəkili olub və namizəd öz vəkilinə məğlubiyyətini etiraf edib. Yazışma belədir: Aslan İsmayilov: Qurban bəy, ... həqiqətənmi Sizin Adil dediyi kimi fikriniz olub, yaxud o yalan deyir? Qurban Məmmədov: Adil Əliyev düz deyir. Mənim belə bir fikrim olub. Mənim fikrim isə Sizin özünüzün dediyiniz fikrə əsaslanıb. 2005- ci il seçkilərindən sonra Siz özünüz etiraf etdiniz ki, Adil Əliyev İsa Qımbərə və Sizə qalib gəlmişdi. 2005-ci ildə İsa Qəmbərə və Sizə qalib gələn bir adam 5 illik reklam və seçicilərlə işdən sonra, 2010-cu ildə tək Aslan İsmayılova qalib gəlməyə bilərdimi? Aslan İsmayilov: Qurban Məmmədov, axı 2010-cu ildə Siz mənə vəkil idiniz və hər şeyi gözünüzlə gördünüz. Doğrudanmı o qalib gəldi? Qurban Məmmədov: Mən Sizin etirafınızı nəzərə alaraq bu fikri demişəm. İsa Qəmbər kimi bir siyasətçiyə və Aslan İsmayılov kimi məşhur bir hüquqşünas-vəkilə birlikdə qalib gələn Adil Əliyev təklikdə Sizə qalib gəlməyə bilərdimi?

Qurban Məmmədovun sualı olduqca sərrastdır. Üstəlik, bu yazışmanın ictimailəşdirilməsindən o da məlum olur ki, Aslan İsmayılov 2005 və 2010-cu ildəki seçkilərdə ağır yenilgiyə uğradığını qapalı çevrədə etiraf edibmiş. Siyasi nəzakət və ictimai məsuliyyət seçkidə uduzmuş namizəddən belə bir etirafı bütün cəmiyyət qarşısında etməsini vacib sayır. Lakin belə bir addım atmaq üçün gərəkən keyfiyyətlər Aslan İsmayılovda olmadığından yazışmanın sonunda Qurban Məmmədov öz kolleqasına belə bir məsləhət verməkdən çəkinmir:

"Əziz dost, başqalarının yolunun səhv olduğunu sübut etməyin ən sınanılmış üsulu öz yolunu düz getməkdir. Milli Şuranın, müxalifətin ünvanına tənqidi fikirlər söyləməklə tutduğunuz mövqenin düzlüyünə kimlərisə inandırmağa çalışmayın. Yolunuzu düz gedin yetər!”

Fəqət Şah İsmayıl Xətai demiş, "özün əyridirsə, yola zərərsən”! 2013-cü ildə Milli Şuranın namizədinə mitinqlərdə səs toplayan Aslan İsmayılov 2015-ci ildə mandat qazanmaq ümidi ilə müxalifət partiyalarını və liderlərini hədəfə almaqla iqtidarın diqqətini cəlb etmək istəyirdi. Onun bu cür təngənəfəs çıxışları AXCP üzvlərinin etirazına səbəb olmuşdu və onlar sosial şəbəkələrdə Aslan İsmayılova qarşı kampaniyaya başlamışdılar. Zira Aslan İsmayılov bir budaqda oturub min budaq silkələməkdən zövq alanlardandır və o hər zaman çox müxtəlif cinahları ittiham etməyə meyil göstərir. Bu cür söz atışmalarının birində o, ASDP həmsədri, deputat Araz Əlizadəni hədəfə almış, sosial demokrat siyasətçinin ona cavabı isə tam bu cür olmuşdu:

"Bu həmin Aslan İsmayılovdur ki, Krasnodarda ermənilərlə birgə işləyib. Ondan sonra İlyas İsmayılov onu Respublika Prokurorluğuna gətirdi. Aslan İsmayılov Sumqayıt hadisələrinə görə azərbaycanlılara qarşı qəddarcasına hökmlər tələb edirdi. Bir neçə il bundan qabaq o, İlham Əliyevlə görüşəndən sonra prezidentə məddahlıq etməyə başladı. Sonra gördü ki, deputat seçilmir, başladı dövlət başçısını tənqid etməyə. Bunlar ikiüzlü, simasız insanlardırlar”.

Aslan İsmayılovun öz bitib-tükənməyən aqressiyası ilə kin püskürdüyü siyasi liderlərdən biri- Etibar Məmmədov isə onun sözlərinə əhəmiyyət verməmiş, səviyyəsinə enməmişdi. Cavab AMİP Siyasi Şurasının üzvü Əli Orucovdan gəlmişdi:

"Aslan İsmayılovun AMİP və onun lideri Etibar Məmmədova olan kini-küdurəti, nifrəti sonda onun özünü boğacaq. Mən onun bu sərsəm, axmaq fikirlərinə cavab verməyə də bilərdim, çünki hər yoldan ötənə daş atmazlar. Lakin belələrinin ağzına vurmasan azğınlaşır. Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilən adamdır və indiyədək də ölkəmizə və millətimizə qarşı işlədilməkdədir. Başqalarını Rusiyapərəstlikdə ittiham edən şəxs Sumqayıt hadisələri zamanı Moskva tərəfindən Azərbaycana ona görə göndərilmişdi ki, dövlət ittihamçısı sifətində günahsız azərbaycanlılara qarşı divan tutsun. Onun xüsusi cənfəşanlığı və səyi nəticəsində hadisələrin baiskarları, cinayətkar ermənilər qaldı qıraqda, suçsuz azərbaycanlılar ən ağır cəzaya, hətta ölümə məhkum edildilər”.

Əli Orucov həmin açıqlamasında həmçinin onu da bildirmişdi ki, Aslan İsmayılovun cəsarəti çatırsa, Sumqayıt hadisələri zamanı qurulan məhkəmədəki çıxışlarını, o cümlədən ittiham çıxışını mətbuata versin: "O zaman onun maskası, əsil eybəcər və məkrli sifəti bir daha görünəcək. O, bu gün də erməniləri müdafiə etməkdədir”.

(Ardı var)


Taleh Şahsuvarlı