Şriftin ölçüsü / 362

Son söz Moskvanın olacaq

01 Dekabr 2017 [17:37]
Ermənistanın Avropa Birliyi ilə saziş imzalamasından sonra həmin ölkənin parlamentində Avrasiya İttifaqından çıxmaq məsələsi ətrafında müzakirələrə start verilib. Ermənistan parlamentində bu təşəbbüslə çıxış edən "Yelk” blokundan olan deputat Edmond Manukyan deyib ki, Avrasiya İttifaqına üzv dövlətlərdən bəziləri Azərbaycanı açıq şəkildə dəstəkləyirlər. O qeyd edib ki, Ermənistanın hərbi müttəfiqi Rusiya Azərbaycana silah satmaqda davam edir.

"Yelk” bloku, həmçinin, bildirib ki, Belarus Azərbaycanın tərəfindədir və buna görə də Ermənistan Avrasiya İttifaqını tərk etməlidir. Ermənistan parlamentinin başqa bir deputatı, iqtisadçı Tatul Manaseryan söyləyib ki, Ermənistan Avrasiya İttifaqından çıxsa, Azərbaycan bura üzv olacaq: "Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov hədər yerə Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü alqışlayacaqlarını söyləmədi. Ermənistanın Avrasiya İttifaqından çıxması mövcud problemləri həll etməyəcək. Ona görə ki, alternativimiz yoxdur”. Ermənistanın Avrasiya İttifaqından çıxması kimi tələblərin parlamentdə səslənməsi nəyin əlaməti sayıla bilər və bunun həyata keçməsi mümkündürmü?

Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Ermənistan çıxılmaz vəziyyətdə qaldığı səbəbindən belə manevrlər edir: "Qeyd edilənlərdən aydın görünür ki, Ermənistanın Avropa Birliyi ilə çərçivə sazişi imzalaması regionda yeni vəziyyət yaradır. Ən azından ona görə ki, Ermənistan bu sazişlə üzv olduğu KTMT və Avrasiya İttifaqına zidd bir razılaşmaya daxil olub. Belə demək olarsa, Ermənistan bununla öz müttəfiqlərinə arxa çevirmiş olub. Hiss olunur ki, Kreml buna imkan vermək istəmir. Bu səbəbdən də Sarkisyan düşünülmüş şəkildə belə iddiaların parlamentdə səslənməsini təşkil edir. Rusiyaya göstərmək istəyir ki, hökumətə bu yöndə təzyiqlər var. Ancaq Rusiya bunların hamısını gözəl başa düşür və bilir ki, həmin ölkədə azad parlament yoxdur. Bu elə bir məsələdir ki, iki mümkün yoldan birini seçməlisən. Ermənistan Rusiya ilə çox yol qət edib. Bu ölkələrin imkanları da tam fərqlidir. Yəni lazım gəlsə, biri digərini əzə bilər. Hələ nəzərə alsaq ki, bu məsələdə zəif ölkə cığallıq edir, onda vəziyyət daha da dramatik olacaq. Hesab edirəm ki, bütün bunlar Sarkisyanın imitasiyasıdır. Ermənistan Rusiyaya dirsək göstərmək gücündə olan ölkə deyil. Çünki Dağlıq Qarabağ kimi həssas bir problem "Domokl qılıncı” kimi onun başının üstündədir. Bilirlər ki, onlar Avrasiya İttifaqını tərk etsələr, İrəvan Qarabağ məsələsində Avropa İttifaqından istədiklərini ala bilməyəcək. Ona görə də son söz Moskvanın olacaq. Lazım gəlsə, parlament qanun layihəsini ratifikasiya etməyəcək”.