Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov Əvəz Zeynallının müəllifi olduğu
"Qaynar Qazan” verilişinin son hissəsində Azərbaycanın Rusiyadakı sabiq səfiri
Hikmət Hacızadənin Etibar Məmmədov haqqında səsləndirdiyi fikirlərə cavab
verib:
"Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə
"Qaynar Qazana” verdiyi müsahibəsində həmişə olduğu kimi yenə yalan və böhtan
danışmaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edib. Jurnalistin istiqamətləndirici
suallarını cavablandıran H.Hacızadə AMİP Lideri Etibar Məmmədov haqqında da bəzi
suçlamalarda bulunub. Onun dediklərinə görə, E.Məmmədov, N.Pənahlı, R.Qazıyev cəbhədən
ayrılıb Ə.Vəzirovla müdafiə komitəsi yaradıblar.
H.Hacızadə yəqin unutmayıb ki, dediyi həmin komitə 1990-ci
ilin yanvarın 13-də onun özünün də üzvü olduğu və lehinə səs verdiyi İdarə Heyətinin
qərarı ilə yaradılıb və sədri də Ə.Elçibəy olub. Adı da Müdafiə Komitəsi yox,
Müdafiə Şurası olub. İkinci Müdafiə Şurası isə 1991-ci ilin oktyabrında
yaradılıb və dövlətin adından yaranıb. A.Mütəllibov da təmsil olunub.
Bu adam hələ də elə düşünür ki, Bakıda 20 Yanvar faciəsini
ruslar törətməyib. Bu faciənin də günahkarlarını başından böyük səhv edərək xalq hərəkatının
liderlərinin üzərinə atmağa çalışır. Hikmət Hacızadənin özü kollaborasionistdir.
Yəni işğalçılarla əməkdaşlıq edən şəxslərdəndir. 20 Yanvar faciəsindən bir ay
keçməmiş xalq şəhidlərimizin matəmini saxladığı günlərdə Vilnüsdə ermənilərlə əməkdaşlıq
sazişi imzalayan da H.Hacızadə olub. Yeri gəlmişkən, onu da xatırladım ki, İkinci
Dünya müharibəsi zamanı Fransada işğalçılarla əməkdaşlıq edən və onlara işləyən
H.Hacızadə kimi kollaborasionistləri xalq çox ağır və rüsvayçı şəkildə cəzalandırıb.
H.Hacızadə iddia edir ki, o, Moskvaya – ağalarına göndərdiyi
"donos”ları güya AXC rəhbərliyi ilə razılaşaraq verib. Bu da tamamilə yalan və
iftiradır. Çünki 20 Yanvar qırğınlarından sonra cəbhənin idarə heyəti bir aydan
sonra toplanıb və həmin vaxtdan çox-çox əvvəl E.Məmmədov Moskvada mətbuat
konfransından dərhal sonra Azərbaycanın Rusiyadakı nümayəndəliyinə edilən
basqın zamanı həbs edilərək Lefortovo həbsxanasına salınmışdı. H.Hacızadə bu
"işverəniyi” ilə hətta, Bakının komendatı Dubinyakın "spasibo”sunu və"rəğbətini”
qazanmışdı. Dubinyak da bu xəyanətkarın və xainin "xidmətlərindən” faydalanmışdı.
Özünün də dediyi kimi, rus dilində danışan və rusca düşünən
bu zavallı insan milli ruhun, mübarizənin, milli oyanışın ən qəddar tiranlara və
imperiyalara, siyasi rejimlərə qalib gəldiyini dərk edə bilmir, adını da
demokrat qoyub. 20 Yanvarda əliyalın, "mantirovka” ilə tankın qabağına çıxıb şəhid
olan qəhrəmanlarımızın hesabına bu gün Azərbaycan beynəlxalq aləmin bərabərhüququlu
subyektinə cevrilib, müstəqilliyinə qovuşub. Özünü də vacib fiqur sayaraq deyir
ki, guya gəlib anasının qarnına avtomat dirəyib bunu soruşublarmış. Axı Hikmət
Hacızadə kim idi, indi kimdir ki? Bu cür
yalanlar uydurmaqla elə bilir ki, hər şey unudulub, yaddan çıxıb.”