Şriftin ölçüsü / 487

USAİD-in bağlanacağı gözlənilmirdi

13 May 2017 [13:57]
2009-cu ildən sonrakı illərdə Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ təşkilatlarının sırasına məşhur Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də daxil olacaq. USAİD ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. Uzun illərdir Azərbaycanda da fəaliyyət göstərən USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılacağı barədə xəbərlər yayılıb. Məlumatlarda deyilir ki, ABŞ hökuməti USAİD-in büdcəsinin 12 milyard dollar (31 faiz) kəsilməsini nəzərdə tutub. Nəticədə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda bu təşkilatın fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ), Beynəlxalq Respublikaçılar İnstitutu kimi demokratiyaya, vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatları da son 5-6 ildə ya özləri fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar, ya Azərbaycan hökuməti onların Bakı ofislərinin fəaliyyətini dayandırıb. Bu qurumlar ölkəmizi tərk ediblər. İndi isə belə görünür ki, USAİD Azərbaycandan çıxmalı olacaq.


Hazırda Azərbaycanda 6 Amerika Mərkəzi fəaliyyət göstərir. Lakin bu Mərkəzlər Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, USAİD kimi təşkilatlardan fərqlidirlər, profilləri tamamilə başqadır, vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafı kimi məsələlərə yardım etmirlər. Amerika Mərkəzı ABŞ Səfirliyi və yerləşdiyi yerli müəssisə arasında mövcud olan tərəfdaşlıqdır. Amerika Mərkəzlərinin məqsədi Azərbaycan ictimaiyyətini Amerika, onun tarixi, mədəniyyəti, xarici və daxili siyasəti haqqında maarifləndirmək və Azərbaycanla ABŞ arasında qarşılıqlı anlaşmanın gücləndirilməsidir. Paytaxt Bakıda xidmət göstərən Amerika Mərkəzi Amerika ilə maraqlanan hər bir şəxs üçün əsas bilik mənbəyidir. Mərkəzin zəngin Amerika kitabxanası ilə yanaşı, ABŞ-da təhsil almaq istəyənlər üçün müxtəlif çeşidli resurslar, habelə ABŞ ictimaiyyəti və mədəniyyəti haqda geniş kitab və dövri mətbuat toplusu da mövcuddur. Bundan əlavə, Mərkəzdə EBSCO, Jstor və s. kimi İnternet məlumat bazalarından da ödənişsiz istifadə etmək mümkündür. Mərkəz həmçinin həftəlik Amerikaşunaslıq kursları, danışıq klubları, film axşamları və bir çox başqa proqram və tədbirlər də təşkil edir. Eyni funksiyalara malik digər beş Amerika Mərkəzi isə Gəncə, Lənkaran, Xaçmaz, Salyan və Kürdəmirdə yerləşir.


Bu Mərkəzlərinin funksiyalarına diqqət yetirdikdə ABŞ-ın Azərbaycanda fəaliyyətini dayandırmalı olan və dayandıracağı gözənilən təşkilatlarının yerini tutmadığı bəlli olur.


Bəs ABŞ-ın Azərbaycanda boş qalan yerlərini kim tuta bilər və Azərbaycan bundan qazanar, yoxsa itirər?


Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirdi ki, son illərdə ABŞ-ın Milli Demokratiya İnstitutunun, Beynəlxalq Respublikaçılar institutunun Azərbaycandakı fəaliyyətini dayandırmasının şahidi olmuşduq, USAİD-in bağlanacağı isə gözlənilmirdi. Bağlanan həmin institutlar Gürcüstandakı ofisləri vasitəsi ilə Cənubi Qafqaz layihələrinə Azərbaycandakı QHT-ləri də mütəmadi cəlb edirdilər. ABŞ beynəlxalq İnkişaf Agentliyi isə bir az fərqli təşkilatdır, 1961-ci ildə yaradılıb və ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. Ölkələrdə müxtəlif sahələrdə iqtisadi inkişaf istiqamətində fəaliyyətlərə dəstək verir , eyni zamanda demokratik təsisatların formalaşmasına da xüsusi diqqət ayırır. Bu cür təşkilatların Azərbaycanda fəaliyyət göstərməməsi Azərbaycanın marağına uyğun deyil. Onların boş qalan yerlərini müxtəlif zərərli təmayüllü təşkilatlar, qurumlar başqa adlar altında tuta bilərlər: "Konkret olaraq USAİD-dən bu günə qədər çoxlu sayda yerli QHT-lər milyonlarla qrant alıb. Yeri gəlmişkən onların içində müxtəlif baxışlı QHT-lərlə yanaşı, hakimiyyətə yaxın təşkilatların sayı da çoxdur. Hətta Milli Məclis deputatları və onlara yaxın şəxslərin də QHT-ləri bu qurumdan böyük məbləğlərdə qrantlar alıblar”.


Ekspert qeyd etdi ki, böyük ehtimalla hal-hazırda söhbət USAİD-nin Azərbaycanda tamamilə bağlanmasından yox, büdcəsinin, fəaliyyət sferasının azaldılmasından gedir: "ABŞ prezidenti bütövlükdə bu agentliyin büdcəsini təxminin 12 milyard dollar azaltmaq istəyir. Yaxın gələcəkdə bunun nə şəkildə reallaşacağını görə bilərik. ABŞ konqresində bu əlavələrin olunmasına qarşı olan ciddi qüvvələr mövcuddur. Con Makkeynin buna dərhal mənfi reaksiya verməsi də çox şeylərdən xəbər verir. Hesab edirəm ki , Trampın addımı seçkiöncəsi verdiyi vədlərdən növbətisini həyata keçirtmək cəhdlərinə hesablanıb. USAİD-in Azərbaycanda fəaliyyətinin tamamilə dayandırılması o demək olar ki, ABŞ Azərbaycanda bir sıra maraqlarından geri çəkilir. Düşünürəm ki, ABŞ Cənubu Qafqaz siyasətindən-əsasən də Gürcüstan və Azərbaycanla əməkdaşlıq maraqlarından imtina etməyəcək. Fəaliyyət istiqamətlərində müxtəlif rotasiyalar isə edə bilərlər. ABŞ institutlarının ölkədən getməsi Azərbaycanın da marağında olmamalıdır. ABŞ-ın boş qalan yerlərini tutmaq üçün fürsət gözləyən güclər kifayət qədərdir. Şimal qonşumuzun Cənubi Qafqazla bağlı planlarını da unutmamalıyıq. Böyük təhlükə buradan başlaya bilər”


Millət