Şriftin ölçüsü / 506

Dağlıq Qarabağ münaqişəsini özümüz həll etməliyik

11 May 2017 [17:46]
Ekspertlər ümid edirlər ki, yeni prezident Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacaq

Mayın 7-də Fransada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd, "İrəli” Hərəkatının lideri, keçmiş iqtisadiyyat naziri Emmanuel Makron rəqibi "Milli Cəbhə” Partiyasının lideri Marin Le Penə qalib gələrək prezident seçildi. Emmanuel Makron mayın 14-də vəzifələrinin icrasına başlayacaq.

Qeyd edək ki, Fransa Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bəs, görəsən, Dağlıq Qarabağ məsələsində Azərbaycanda E.Makrondan hansı gözləntilər var?

Politoloq Əli Oruclu bildirdi ki, Makronun prezident seçilməsi gözlənilən idi. "Rəy sorğuları da onun qalib gələcəyini təxmin edirdi”, - deyən politoloqun sözlərinə görə, Makronun yürütdüyü siyasətlə Le Penin siyasəti arasında fərqlər var idi: "Le Pen açıq şəkildə bildirirdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Amma Makron bir qədər fərqli, pozitiv, ədalətli yanaşırdı ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. İstənilən halda hərbi dövlətin siyasi kursunun ana xətti, strategiyası olur və hakimiyyətdə kim olmasından asılı olmayaraq bu xətt dəyişmir. Yaxud da çox cüzi korrektələrə məruz qalır. Bu baxımdan da, Fransada, ABŞ-da, Almaniyada hakimiyyətə kimin gəlib getməsi bizim üçün önəmli olmamalıdır. Biz ümidimizi onlara bağlamalı deyilik. Dağlıq Qarabağ münaqişəsini özümüz həll etməliyik. Yəni, bunun alternativi yoxdur. Bunun bir yolu var: Azərbaycan xalqı ordusu ilə birlikdə bütün gücünü oryata qoyur və işğal olunmuş ərazilərdən işğalçını, təcavüzkarı çıxardır.

Hansısa ölkədə kimin hakimiyyətə gəlməsi bu məsələni dəyişən deyil. Əsas Fransanın dövlət maraqlarıdır və hakimiyyətə gələnlər də Fransanın milli, dövlət maraqlarını müdafiə edirlər, Azərbaycanın deyil. Ancaq ümid edək ki, Makron bir qədər ədalətli olacaq və bu prosesdə daha fəal, daha obyektiv mövqe sərgiləyəcək”.

Fransada seçkilərin birinci turunda ermənilərin Le Penə dəstək verdiklərini, seçkilərin ikinci turunda isə onların Makrona dəstək verdiklərini qeyd edən Oruclu bildirdi ki, erməni disporunu o qədər də şişirtmək olmaz. Onun sözlərinə görə, erməni disaporu siyasi təzyiq üçün bir flətdir: "Yəni, biz bəzi hallarda erməni diasporu və lobbisini həddindən artıq şişirdirik. Amma nəzərə almaq lazımdır ki, həmin dövlətlər lazım olduqda erməni lobbisini də nəzərə almır. Əsas məsələ dövlətlərin öz maraqlarıdır”.

Politoloq Elxan Şahinoğlunun da Dağlıq Qarabağ məsələsinin həllində Makrondan gözləntiləri yoxdur. Dediyinə görə, Fransa müxtəlif zamanlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərini təşkil etsələr də, Fransadan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ciddi təşəbbüs olmayıb. Onun sözlərinə görə, keçmiş prezident Jak Şirakın dövründə, 90-cı illərin sonunda Azərbaycan və Fransa prezidentlərinin Parisdə məşhur görüşü baş tutdu: "Bundan sonra 2005-2006-cı illərdə də görüş keçirildi. Amma son 10 ildə Fransa passivlik nümayiş etdirir. Minsk qrupunun həmsədrləri arasında faktiki yeganə vasitəçi Rusiyadır. Azərbaycan, Ermənistan prezidentlərinin, xarici işlər nazirlərinin görüşləri Rusiya ərazisində bu dövlətin vasitəçiliyi ilə keçirilir. Rusiya Ermənistanın strateji müttəfiqi və Azərbaycanla tərəfdaş dövlətdir və təsir imkanları böyükdür”.

Makronun Dağlıq Qarabağ münaqişəsi haqqında müəyyən açıqlamaları olduğunu qeyd edən Şahinoğlu hesab edir ki, yeni prezident münaqişənin həllində eks-prezidentlər Fransua Ollanddan və ya Nikola Sarkozidən daha fəal olmayacaq. "Bu dövlət Minsk qrupunun həmsədri olduğundan, qurum daxilində müəyyən təşəbbüslər göstəriləcək. Ola bilsin, yaxın müddətdə və ya ilin sonuna qədər Parisdə xarici işlər nazirlərinin görüşləri həyata keçirilsin. İrəlidə parlament seçkiləri var və prezidentin başı da buna qarışacaq. Çünki Makronun bu qələbəsi hələ heç işin yarısı deyil. O çalışmalıdır ki, parlamentdə onun öz hərəkatının nümayəndələri deputat seçilsin.

Prezident olduqdan sonra gərək, o, parlamentdə də özünə yaxın fraksiyanı formalaşdırsın. Yəni, Makronun hələ 2-3 ay başı bu məsələlərə qarışacaq. Üstəlik Suriyada, Ukraynada olan vəziyyətləri də nəzərə alsaq, onda Makronun Dağlıq Qarabağ münaqişəsinin həllində elə də maraqlı olacağına inanmıram. Ümumiyyətlə, Minsk qrupu həmsədrləri hər zaman passiv olub və onlar münaqişənin həlli ilə məşğul olmurlar. Həmsədrlər sadəcə status-kvonun uzadılmasına çalışır. Yeganə istəkləri odur ki, atəşkəs pozulmasın, sakitlik olsun. Fransa və ABŞ münaqişənin dərinliyinə gedib, həllinə çalışmır. Onlar sadəcə Rusiyanın bazarına girməyərək, o nə desə razılaşırlar. Rusiyanın etdikləri isə göz qabağındadır. Bir sözlə, həmsədrlər Qarabağ problemini həll etmək niyyətində deyillər”, - deyə Elxan Şahinoğlu bildirdi.


Millət