Dünyada sülhün, təhlükəsizliyin qorunması üçün separatizmin qarşısı alınmalıdır
23 Fevral 2017 [19:21]
Politoloqlar BMT baş katibinin dediklərini dəyərləndirirlər; Münaqişənin həlli uzandıqca qarşıdurmaların olması istisna deyil
"Qarabağda yeni toqquşmaların baş vermə ehtimalı hələ də qalır”. Bu barədə BMT-nin yeni Baş katibi Antonio Qutteriş Təhlükəsizlik Şurasının iclasında deyib. "Sülh müqaviləsi imzalanmayana qədər zorakılığın təkrarlanması riski qalır. Biz bunu ötən ilin aprelində Dağlıq Qarabağda gördük”, - deyən Quterriş Gürcüstan, Kipr, Ukrayna və Moldova münaqişələrində beynəlxalq aləmin səylərini birləşdirməli olduğunu da bəyan edib.
Bəs, görəsən, BMT Baş katibinin Qarabağda toqquşmaların baş vermə ehtimalının qalması barədə fikirlərində həqiqət varmı? Ümumiyyətlə, yeni Baş katibdən Dağlıq Qarabağla bağlı hansı yeniliklər gözləyə bilərik? AMİP Siyasi Şurasının üzva politoloq Əli Oruclu isə bildirdi ki, BMT-nin yeni baş katibi regionla
bağlı məsələlərlə ətraflı tanışdır. Politoloq bu səbəbdən hesab edir ki,
baş katibin bu bəyanatı reallıqdan irəli gəlir: "Bu həm də onu göstərir
ki, yeni baş katib BMT-nin nüfuzunu qaytarmaq istəyir, bu qurumu dünya
düzəninin qurulmasında, sülhün və təhlükəsizliyin qorunmasında
əhəmiyyətini artırmağa çalışır. Əgər bir qurum öz verdiyi qərarları
yerinə yetirməyə gücü çatmırsa, təbii ki, o quruma şübhələr də artacaq, o
qurumun nüfuzuna da ciddi xələl gətirəcək. Bu baxımdan da, ilk növbədə
Azərbaycanla bağlı qəbul olunmuş 4 qətnamənin həyata keçirilməsi
lazımdır. Eyni zamanda, 2 apreldə baş vermiş qısamüddətli müharibə bütün
yanaşmaları dəyişdi. Yəni sübut olundu ki, bu, unudulmuş, dondurulmuş
münaqişə deyil və hər an çox ciddi və genişmiqyaslı dağıdıcı silahların
istifadəsi ilə bir müharibənin başlanmasına səbəb ola bilər və bu
müharibə təkcə region üçün deyil, dünyanın güc mərkəsləri üçün də
toqquşma risqi yaradır”.
Həmsöhbətimizin dediyinə görə, Dağlıq
Qarabağla münaqişəsində Ermənistanın arxasında Rusiya dayanır,
Azərbaycanın da strateji müttəfiqi, dostu olan NATO üzvü Türkiyə var.
"Bu risqlər var. Xüsusən də son zamanlar Rusiyanın Ukraynadakı
ekstremist ünsürlərə dəstək verməsi həyəcan siqnalını artırır. Ona görə
də ilk növbədə dünyada sülhün, təhlükəsizliyin qorunması üçün
separatizmin qarşısı alınmalıdır. Bu baxımdan da, Dağlıq Qarabağ
münaqişəsi həll olunmalıdır və bu münaqişə həll olunmasa, çox ciddi
fəsadlar baş verə bilər. Hər halda yeni baş katibin qurumun nüfuzunun
artırılması üçün çabaları bizim üçün düşərli ola bilər. Yəni məlum BMT
qətnamələri əsasında torpaqlarımızın işğaldan azad olunması imkanı
yarana bilər”.
Politoloq Nəsimi Məmmədli bildirdi ki, münaqişənin həlli uzandıqca bu tip qarşıdurmaların, hərbi münaqişələrin olması istisna deyil. "Çünki Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunub və işğal olunmuş torpaqlarda Ermənistan tərəfi istədiyi cür beynəlxalq hüquqa məhəl qoymayaraq davranış sərgiləyir. Bu, faktiki olaraq həm beynəlxalq ictimaiyyətə, həm də Azərbaycan xalqına bir əzələ nümayişidir, bir az qıcıqlandırmadır. Bu baxımdan, əlbəttə ki, hər zaman münaqişənin alovlanma riski var. BMT-nin bu sahədə nizamlayıcı qətnamələri var və o qətnamələrdə nəzərdə tutulan öhdəliklər Ermənistan tərəfindən tamamilə qulaqardına vurulur. Azərbaycanın belə bir beynəlxalq hüquqa uyğun olaraq hüququ var ki, işğal olunmuş öz ərazilərində hərbi əməliyyatlar keçirsin və işğalçını bu ərazilərdən vurub çıxarsın. Ona görə, əlbəttə, nə qədər ki, beynəlxalq ictimaiyyət də, Ermənistan tərəfi də real olaraq bu hüquqa məhəl qoymur, münaqişənin alovlanma riski kifayət qədər yüksəkdir və təəssüf ki, Ermənistan tərəfi də əraziləri işğalda saxlamaqla bərabər, həm də te-tez müəyyən təxribat xarakterli addımlar da atır”, - deyən N.Məmmədli BMT-nin yeni baş katibi tərəfindən BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi məsələsinin gündəmə gətirilib-gətirilməyəcəyi məsələsinə də toxundu.
Onun sözlərinə görə, əslində bu məsələlər mütəmadi olaraq gündəmə gətirilir: "Amma təəssüflər olsun ki, yalnız bəyanatlar səviyyəsində qalıb. Xüsusilə, işğalçıya hər hansı beynəlxalq təzyiqləri müşahidə etmirik. Təcrübə bunu göstərir. Bu baxımdan böyük bir nəticənin doğuracağını güman etmirəm. Amma hər bir halda, Azərbaycan da diplomatik təzyiqi artırmalıdır ki, Ermənistana da təzyiqlər edilsin. Ancaq hansısa dəyişikliyin baş verəcəyini güman etmirəm”.