Şriftin ölçüsü / 619

Qarabağ münaqişəsinin həllini kənar dövlətlərdə, Rusiya - Türkiyə yaxınlaşmasında axtarmamalıyıq

02 Dekabr 2016 [18:28]
Əli Orucov: "Türkiyə-Rusiya yaxınlaşması münaqişənin həllinə ümidləri artırıb”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabr ayının 1-də Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. O bildirib ki, səfər gələn ilin əvvəllərində baş tutacaq birgə nazirlər kabinetinin toplantısına hazırlıq məqsədi daşıyır.

Səfər çərçivəsində Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü məsələsinin müzakirə olunacağı bildirilr. Qeyd edək ki, noyabrın 21-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ginq Şuanq rəsmi Ankaranın ŞƏT-ə üzv olması üçün müraciət etdiyini açıqlayıb. Rusiyanın da bu birliyin liderlərindən biri olduğunu nəzərə alsaq, rəsmi Moskva Türkiyənin ŞƏT-ə üzv olmasında maraqlı ola bilər. Kreml bunu həmçinin Türkiyənin Avropa İttifaqından uzaqlaşması məsələsi kimi dəyərləndirə bilər ki, Sergey Lavrov da Ankaraya bu məqsədlə gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Avropa İttifaqı ilə danışıqları dayandıracağına, ŞƏT-ə üzv ola biləcəklərinin mümkünlüyünə diqqət çəkib. Əlbəttə, Kreml də bu fürsətdən maksimum yararlanmağa çalışacaq.

Kreml və Ankara arasında Qarabağ anlaşması

Azərbaycanlı siyasət adamları Lavrovun səfərini bir qədər də haçalandırırlar. Hesab olunur ki, səfər çərçivəsində ŞƏT-ə üzvlüklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olacaq. Türkiyə və Ermənistanda gündəmə gələn sərhədlərin açılması məsələsinin tərkib hissəsi kimi Qarabağ münaqişəsinin həlli də müzakirə predmetidir. Ermənistan prezidenti Serj Sarkisyan da rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxundu. Sarkisyan qeyd etdi ki, rəsmi Ankaranın İrəvan qarşısında irəli sürdüyü son şərtə görə, sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Ermənistan başçısı dolayı yolla Ankaranın irəli sürəcəyi şərtlərə razı olduqlarını dedi.

Sərhədlərin açılmasının Dağlıq Qarabağ məsələsiylə birlikdə hallandırılmasına diqqət çəkən analitiklərə görə, bu Rusiya və Türkiyə arasında hazırlanan yeni sənəddir. Bunu yenilənmiş "Sürix protokolları” da adlandırmaq olar. Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamalarından birində münaqişə ilə bağlı Kremllə bir anlaşmanın əldə etdiklərini açıqladı. Həmin anlaşmaya görə Qarabağ münaqişəsinin həllinin ilkin mərhələsi kimi 5, sonra 2 rayon Azərbaycana qaytarılacaq, Qarabağın aralıq statusu müzakirə mərhələsinə girəcək və Türkiyə - Ermənistan sərhədləri bu müddət ərzində açılacaq. Son günlər hər iki məsələnin rəsmi Ankaranın siyasi gündəminin əsas məsələ olduğunu da nəzərə alsaq, Lavrovun səfəri Azərbaycan üçün də sürprizlər vəd edə bilər.

"Məsələyə toxunulacaq, amma...”

AMIP siyasi şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət”ə səfərdə Qarabağ məsələsinə toxunulacağını istisna etməyib. Lakin Ə.Orucov bu səfərin məsələnin həllində dönüş nöqtəsi olacağına inanmadığını deyib:

"Düzdür, Türkiyə - Rusiya yaxınlaşması məsələnin həllinə olan ümidləri artırıb. Biz istəyirik ki, bu yaxınlaşmanın, münasibətlərin Azərbaycana da faydalı təsirləri olsun. Amma biz bu ümidlərlə yaşaya-yaşaya artıq illərimizi başa vurmuşuq. Ortada da hələlik bir nəticə yoxdur. Bütün hallarda isə Rusiya - Türkiyə yaxınlaşması regionun təhlükəsizliyi baxımından təqdirəlayiqdir. Çünki regional oyunçular bu bölgədə rəqabət aparırlarsa, bu proseslərə mənfi təsir göstərir, stabilliyi poza biləcək təhlükəyə çevrilir. Biz regionda yeni müharibə alovunun qızışmasını istəmirik. Lakin biz Qarabağ münaqişəsinin həllini kənar dövlətlərdə, Rusiya - Türkiyə yaxınlaşmasında axtarmamalıyıq. Bu, heç bir halda məsələni həll etməyəcək. Buna ümid etməməliyik. Çünki bu problem bizimdir və həlli də bizdən asılıdır”.