Şriftin ölçüsü / 665

İsrailli mütəxəssislərin iştirak etdiyi seminar başa çatıb

21 Noyabr 2016 [16:17]

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən "Düzgün kliniki Praktika” (Good Clinical Practice) seminarı başa çatıb. İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan toplantıda Ben Qurion Universitetinin əməkdaşları təlimçi qismində iştirak ediblər.

Seminarın yekunlaşmasına həsr olunan mərasimdə, İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav iştirak edib.
Tədbirdə ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov, ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rəhimə Qabulov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Dr.Surxay Hadıyev və digər qonaqlar çıxış ediblər. Qeyd olunub ki, ATU ilə Ben Qurion Universitetinin birgə təşəbbüsü ilə keçirilən bu seminar klinik tədqiqatlar sahəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacaq. Həmçinin, İsrail və Azərbaycan arasında münasibətlərin sıxlaşmasına da öz töhfəsini vermiş olub.

Mərasimin sonunda seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Ben Qurion universiteti və ATU arasındakı əməkdaşlıq Azərbaycanda anadan olmuş və hazırda İsraildə həmin universitetdə fəaliyyət göstərən Dr Aleks Geftlerin təşəbbüsü ilə başlayıb. Üç gün davam edən seminarda İsrailin Ber-Şeva şəhərində yerləşən Moşe Soroka adına Universitet Tibb Mərkəzinin Elmi Araşdırmalar Mərkəzinin koordinatoru Aviva Qrosbard və Tibb Mərkəzinin Administrasiyasının əməkdaşı Naomi Amixayın mühazirə ilə çıxış ediblər. Təlimlərə həmçinin Səhiyyə Nazirliyi, Respublika Diaqnostika Mərkəzi, Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları da qatılıblar.





Nisə Rəhimova