Şriftin ölçüsü / 701

Qərb üçün ən təhlükəli sayılan Türkiyə amilidir

10 Noyabr 2016 [17:44]
Türkiyədə baş verən son hadisələr Azərbaycanda da maraqla izlənilməkdədir. Ekspertlər hesab edirlər ki, Türkiyə bu proseslərdən uğurla çıxacaq.

Politoloq Nəsimi Məmmədlinin sözlərinə görə, regionda mövcud olan diktatura rejimlərinin çöküşü ilə Türkiyə yeni geosiyasi reallıqlarla üzləşib. Dediyinə görə, bir tərəfdən qanlı vətəndaş müharibələrindən qaçqın düşən dinc əhalinin kütləvi köçü və müasir silahlarla silahlanmış terror təşkilatlarının ölkə sərhədlərinə yaxınlaşması Türkiyə üçün təhlükəyə çevrilib. Digər tərəfdən isə Qərbin regionda srtateji maraqları ilə Türkiyənin milli maraqları arasında açıq görünən ziddiyyətlər baş qaldırıb. "Qərb regiona daha əlverişli ideoloji nəzarət imkanları əldə etmək üçün ərəb dövlətlərinin əhatəsində yeni müsəlman kürd dövlətinin yaradılmasında maraqlıdır” deyən politoloq qeyd edib ki, NATO üzvü olmasına baxmayaraq bu amillər Türkiyəni fərqli siyasət yürütmək məcburiyyətində qoyub: "Odur ki, Türkiyədə yaşanan olaylara ölkədaxili məsələ kimi baxılması doğru deyil. Bu problemlər birbaşa regionda baş verən hərbi-siyasi qarşıdurmanın tərkib hissəsidir. Xüsusilə də Suriyada Bəşər Əsəd rejiminin vaxtında siyasi səhnədən getməsinə lazımi qədər cəhd etməyən qərb dövlətləri öz müttəfiqləri olan Türkiyəni böyük təhlükə ilə üz-üzə qoyublar. Artıq bu mərhələdə Türkiyə dövlətinin ərazi bütövlüyü və milli təhlükəsizliyi üçün ciddi təhdid yaranıb. Türkiyə bütün beynəlxalq təpkilərə baxmayaraq, ölkə daxilində və regionda qətiyyətli siyasətindən geri çəkilməyəcək. Bu, onun üçün qırmızı xətdir. Hətta uzun müddətdir Türkiyədə davam edən PKK terroru ilə qətiyyətli mübarizə aparılmasına qarşı çıxan qüvvələr də artıq fərqli mövqe ifadə edirlər. Görünən budur ki, Türkiyə öz bütövlüyünü qoruyub saxlamaq üçün ən kəskin addımlardan belə çəkinməyəcək”.

Məmmədli hesab edir ki, indiyə kimi PKK terroruna açıq maddi-mənəvi və siyasi dəstək verən HDP rəhbərliyinə qarşı həbslər də bu siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, hökumətin sülhpərvər siyasətindən yararlanaraq ölkə üzrə dayaqlarını xeyli genişləndirən PKK hətta ən böyük şəhərlərə kimi yayıla bilib: "Qətiyyətli addımlar atılmasa, Türkiyənin nüfuzu ciddi şəkildə aşağı düşəcək. Ölkə daxilində PKK ilə mübarizənin hərbi-siyasi müstəvidə genişlənməsi Türkiyənin regiona yönəlik xarici siyasətinin əsas öncəlikləri kimi görünür. Hökumət ölkə daxilində siyasi prosesləri tam nəzarət altına almasa, uğurlu xarici siyasət aparmağın mümkün olmayacağını anlayır. Bu qanlı proseslər uzun müddət davam edə bilməz”.

Dediyinə görə, ABŞ-da seçkilərdən sonra regionda yeni nizamlayıcı addımlar atılacaq. Belə ki, Türkiyə hərbi-siyasi üstünlüyündən maksimum yararlanarsa, regionda milli maraqlarına yönələn bütün təhlükələri uğurla dəf edəcək.

Politoloq Əli Oruclu isə hesab edir ki, Orta Doğuda gedən proseslərə müxtəlif prizmalardan yanaşmaq mümkündür. Həmsöhbətimiz bildirir ki, bura həm zəngin neft-qaz yataqları ilə, həm coğrafi mövqeyinə, həm də dini fəqrliliyə görə çox diqqət çəkən və rəngarəngdir: "Orta Doğu tarixən sivlizasiyalararası mübarizə və müharibələrin qanlı-qadalı meydanı olub. Ta qədimlərdən bu yerlərin əsas sahibləri türkdilli xalqlar olub. Bu gün qardaş Türkiyədə gedən proseslər də, təlatümlər, gərginliklər də məhz Orta Doğu faktorundan qaynaqlanır”.

Oruclu bildirir ki, Şimali Afrikadan tutmuş bütünlükdə Yaxın və Orta Şərq ərəb, fars, türk, qismən də yəhudi faktoruna bağlı olub və regionda söz sahibi kimi qəbul ediliblər. Lakin Qərbin planları bu zonaya daha bir oyunçu gətirməklə dəngələri tamam öz xeyrinə və nəzarətinə uyğun dəyişmək istəyir. "Parçala və hökm sür” siyasəsəti, millətləri üz-üzə qoydu, indi də məzhəbləri üz-üzə qoyub. Oun fikrincə, Qərbin Suriyada və İraqda göstərdiyi çabalar əslində İŞİD-filan deyil, regoinu qan gölündə boğmaq, gərginlikdə və müharibə vəziyyətində saxlamaqdır. "İraqda, Suriyada buna nail olunub. Qərb üçün ən təhlükəli sayılan Türkiyə amilidir. Odur ki, uzun illər gizli şəkildə terrora dəstək verən, separatizmi körükləyən Qərb indi bunu açıq şəkildə, özü də düşməncəsinə edir”.

Həmsöhbətimizə görə, bundan sonrakı proseslərə Ankara hazır olmalı, daxili və xarici həmlələri dəf edə bilmək üçün müttəfiqlərinin sayını artırmalı, buraxılan səhvləri təkrarlamamalıdır. "Məncə, rəsmi Ankara rəsmi Moskva ilə əlaqələrini daha da dərinləşdirməli, hətta, hərbi sahədə əlaqələrini gücləndirməlidir. İranla da ixtilafa girməməlidir. Ankaranın kürd məsələsində Suriya rejimi ilə maraqları üst-üstə düşdüyündən Əsədə qarşı əvvəlki ritorikasını dəyişməlidir. ABŞ və Qərbin başlıca hədəfi Türkiyəni zəiflətmək, indiki dövlət sərhədlərini kiçiltməkdir. İndiki mərhələdə Qərbin Moskva ilə Ankaraya münasibətləri təxminən eyni olduğundan birgə müdafiəni qurmaq həm də manevr imkanlarını genişlənirər”.

Ə.Oruclunun dediyinə görə, Avropa çalışacaq ki, HDP vasitəsilə Türkiyədə parlament böhranı yaratsın, erkən seçki gərginliyinə sövq etsin. "Türkiyə parlamentində HDP 3-cü yerə sahib olan partiyadır və 80 millət vəkili ilə təmsil olunur. Hesab edirəm ki, Birinci Dünya müharibəsindən sonra qardaş türk xalqı üçün ən çətin və ən mürəkkəb bir dövr yaranıb. Amma bu da aşılacaq”.

Aqil ASLAN


Millət