Şriftin ölçüsü / 698

Daha çox yerli idmançılara fikir verməliyik

29 Avqust 2016 [16:19]
Nəhayət Rio-2016 Olimpiadası da başa çatdı. Bu olimpiadada 56 idmançı ilə çıxış edən Azərbaycan ümumi hesabda 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medala sahib çıxa bildi. Halbuki, 4 il öncəki London olimpiadasında idmançılarımızın qazandığı ümumi medalların sayı 10 olsa da, qızıl medalların sayı 2 idi.

AMİP funksioneri Elşən Mustafayev isə qeyd etdi ki, bu olimpiadada idmançılarımızın uğurları baxımından həm yaxşı, həm də bəzi pis nəticələrin şahidi olduq: "Azərbaycanın ümumi medal sayına görə London olimpiadasına nisbətən bu dəfə daha çox medala sahib olması çox yaxşı haldır. İdmançıların say tərkibinə görə də medalların sayını artıra bildik. Amma təəssüf ki, qızıl medala sahib olmaq baxımından bu dəfə 4 il öncəkinə nisbətən zəif nəticə göstərdik. Ümid bəslədiyimiz bir çox idmançılarımızın ümidləri doğrultmaması elə də yaxşı hal deyil. Hesab edirəm ki, ölkə idman federasiyalarının idmana olan münasibətinə bir daha yenidən baxmağa dəyər. Daha çox yerli idmançılara fikir verməliyik. Bir sıra hallarda bəzi federasiyaların qələbəyə layiq idmançılarımıza qeyri-ciddi münasibət göstərməsinin şahidi olduq. Bunun nəticəsidir ki, bir idmançımız bu olimpiadada Qazaxıstanı təmsil etməklə qızıl medala sahib oldu”.


Millət