Şriftin ölçüsü / 956

Ölkə avtoritarizmə sürüklənir

26 Iyul 2016 [16:01]
Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb. Burada bir sıra mühüm dəyişikliklər nəzərdə tutulur.

Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.

Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezidentin vaxtından əvvəl vəzifədən getdikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov dedi ki, bu fərmanla ölkə avtoritarizmə sürüklənir: "Türkiyədəki hadisələrdən sonra tələm-tələsik referendumla bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi hər halda bir qədər maraq doğurur. Amma referenduma çıxarılan dəyişikliklər də diqqətdən kənarda qala bilməz. Çünki burada da maraqlı məqamlar var. Xüsusən də yeni institutların yaradılması məsələsi. Məsələn, birinci vitse-prezident institutunun təsisi. Eyni zamanda burada heç də təqdir olunmayan bir məqam da mövcuddur. Bu da prezidentin 7 il müddətə seçilməsidir.

Bu hakimiyyətin bir əldə uzun müddət cəmləşməsinə gətirib çıxaracaq. Nəticə etibarı ilə bu da ölkənin avtoritarizmə sürüklənməsinə rəvac verə bilər. Ona görə bu dəyişikliyi şəxsən normal qarşılamıram. "Sərbəst toplaşma haqqında” qanunun 49-cu maddəsinə edilən əlavələr də məhdudlaşdırmanı nəzərdə tutur. Belə ki, əxlaqa zidd səbəblər göstrilməklə insanların sərbəst toplaşma haqqı məhdudlaşdırıla bilər. Prezidentə Milli Məclisin buraxılması səlahiyyətinin verilməsi də narahat doğurmaya bilməz. İstənilən halda ölkədə hakimiyyətin bir əldə vertikal istiqamətdə mərkəzləşdirilməsi prosesi aparılır ki, bu da ölkəmiz üçün təhlükəli nəticələr yarada bilər”.


Millət