Şriftin ölçüsü / 864

Rusiyanın fəallaşması Azərbaycana müsbət heç nə vəd etmir

23 May 2016 [14:47]
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olmasına tələsir. Xarici işlər naziri Sergey Lavrov, Baş nazir Dmitri Medvedyev, Baş nazirinin müavini Dmitri Raqozinin tez-tez bölgəyə göndərmələri də bundan xəbər verir. Paralel olaraq, Rusiya prezidenti Vladimir Putinin mayın sonunda Azərbaycan və Ermənistana səfər planlaşdırması da bu qəbildəndir.

Kremli narahat edən faktor

Analitiklər Rusiyanın tələskənliyinin təsadüf olmadığını bildirirlər. Qeyd olunur ki, bunun bir tərəfi Moskvanın Cənubi Qafqaz və İran arasında planlaşdırdığı regional layihələrin icrasıyla bağlıdırsa, digər tərəfində bölgədə xüsusi maraqları olan ABŞ faktoru dayanır. Məlumdur ki, təlim məqsədiylə ABŞ-ın ordu birlikləri Gürcüstana yeridilib. Lakin təlimlər başa çatsa da, hərbi birliklərin ölkəni tərk etməsi barədə məlumat verilmir. Gürcüstanın diplomatik mənbələrindən sızan məlumatlara görə isə, rəsmi Tiflis amerikan birliklərinin ölkə ərazisində qalmasına icazə verib. Təbii ki, Rusiya baş verənlərdən narahatdır və buna görə də, Amerikanın bölgədəki hərəkət meydanını daraltmaq üçün regional problemlərin həllini vacib bilir. Bu nöqteyi-nəzərdən Moskva üçün Qarabağ münaqişənin həlli prioritet təşkil edir. Kremlə görə, münaqişə həll edilmədikcə və vaxt uzandıqca, bu ABŞ-ın Azərbaycanda möhkəmlənməsinə şərait yarada bilər. Çünki Azərbaycanın heç bir birlik daxilində Rusiya qarşısında müttəfiq kimi öhdəliyi yoxdur. Bu faktor o imkanı yaradır ki, gələcəkdə NATO və ABŞ-ın Azərbaycanda bölmələri yaradılsın. Münaqişənin gərginlik həddində olduğu vaxt da Pentaqona məxsus sənədlərin yayılması ABŞ-ın Dağlıq Qarabağ haqqında ciddi düşünməsindən xəbər verir. Rusiya da Amerikanın qarşısını kəsmək üçün mümkün qədər tez bir şəkildə münaqişəni həll edib Azərbaycanı KTMT, Avrasiya İttifaqı və Gömrük Birliyi kimi birliklərə daxil etməyi planlaşdırır.

ABŞ münaqişənin ortaya çıxdığı tarix ərzində Qarabağla bağlı heç vaxt bu qədər maraqlanmamışdı. Dövlət katibi Con Kerrinin də tez-tez Sergey Lavrovla münaqişəni müzakirə etməsi, o cümlədən prezidentlərin Vyana görüşünə qatılması da Rusiyanın qayğılarını artırır. Kremlə görə, ABŞ-ın aktivliyi Rusiyanın regional maraqlarına ziddir. Kremlin qayğılarını artıran əsas amil şübhəsiz, NATO və ABŞ-ın 2017-ci il üçün Şərqi Avropa və Gürcüstanla bağlı planlarıdır. "Şərqi Avropanın Təhlükəsizliyi Strategiyası”nın tərkib hissəsi kimi ABŞ Gürcüstana da daimi olaraq, hərbi birliklərini yeritmək istəyir. Kreml ehtiyat edir ki, ABŞ analoji addımı Azərbaycan üçün də planlaşdıra bilər.

"Aktivlik Azərbaycanın lehinə deyil”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə bildirib ki, münaqişəni Rusiya yaradıb və həll olunmasında da maraqlı deyil. Ə.Orucovun sözlərinə görə, Rusiya çalışır ki, status-kvo saxlanılsın, dondurulmuş vəziyyətdə olsun:

"Çünki bu halda bölgədə möhkəmlənmək fürsətini əlində saxlayır. Kremlə bu həm də Ermənistan və Azərbaycan hakimiyyətlərinə təzyiq üçün lazımdır. Çünki Dağlıq Qarabağ bu dövlətlərdə siyasi rejimlərin dəyişməsinə təkan verə biləcək bir problemdir. Bu baxımdan da Rusiya regionda söz sahib olan birinci dövlətdir. Son zamanlarda fəallaşması da öz varlığının qorunmasına, münaqişənin vaxtının uzadılmasına xidmət edir. Roqozin və Medvedyev də açıq şəkildə bildirdilər ki, Moskva regionda tarazılığın qorunmasını istəyir. Lakin Avropanın burada maraqlı bir qədər fərqlidir. Qərb çalışır ki, bir sıra enerji layihələrinin həyata keçirilməsinə nail olsun və Rusiyanın inhisarından çıxa bilsin. Rusiya həmişə Avropaya enerji ötürülməsinin şaxələndirilməsinin əleyhinə çıxıb. Qərbin Suriyadakı fəaliyyətinin də əsas səbəbləri enerji layihələri ilə bağlıdır. Bütün hallarda isə Rusiyanın fəallaşması Azərbaycana müsbət heç nə vəd etmir”.


Millət