Şriftin ölçüsü / 813

Tibb Universiteti ekoloji fəlakətin qarşısının alınması naminə petisiyaya qoşuldu

21 Aprel 2016 [16:31]

Rektor Gəray Gəraybəyli: "Erməni təcavüzünü bütün dünyaya çatdırmalıyıq”

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən irəli sürülmüş "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı geniş toplantı təşkil edilib.

ATU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli petisiyanın mahiyyəti ilə bağlı məlumat verdi və bu sənədin erməni işğalını dayandırmaq yönündə atılan ciddi bir addım olduğunu bildirdi.

Uzun illərdir ki torpaqlarımızın erməni işğalçılarının tapdağı altında qaldığını qeyd edən rektor G.Gəraybəyli Dağlıq Qarabağ münaqişəsini "xalqımızın ən ağrılı problemlərindən biri” kimi qiymətləndirdi: "Bir milyona yaxın əhalimiz öz yaşadığı yerlərdən didərgin düşüb. Uzun illər keçməsinə baxmayaraq, Ermənistan tərəfindən aparılan təcavüzkar siyasət bu məsələnin hələ də həll olunmamasına gətirib çıxarır. Ermənistanın aqressiv siyasət aparan rəhbərliyi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş bəyannamələrin tələblərinə məhəl qoymur”.

Rektor G.Gəraybəyli Azərbaycan xalqına qarşı yalnız hərbi sahədə deyil, həmçinin iri miqyaslı humanitar müharibəyə məruz qaldığını da bildirdi: "Azərbaycana məxsus mədəni abidələr dağıdılır, bizə qarşı ekoloji müharibə aparılır. Bizim təbii sərvətlərimiz su anbarlarımız, meşələrimiz hələ də düşmən tapdağı altındadır. Məhz AVCİYA-nın apardığı kampaniya çərçivəsində bütün dünya Azərbaycanı qarşı aparılan ekoloji təcavüzdən xəbər tutdu. Bu ilin yanvarında təşkilatın sədri, millət vəkili Elan Süleymanovun təşəbbüsü ilə AŞPA-nın sessiyasında 2085 saylı qətnamə qəbul olundu”.

Rektor qeyd etdi ki, bu fəaliyyətin davamı olaraq AVCİYA "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi icra edir. Və hər bir vətəndaşın, universitet əməkdaşının bu petisiyanın imzalanmasında yaxından iştirak etməsi mənəvi borcudur.

AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov qeyd etdi ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından petisiya layihəsi müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Petisiya layihəsində həmçinin işğalın nəticələrinin gələcəkdə daha böyük humanitar fəlakətə və ekoloji təcavüzə yol aça biləcəyi əksini tapıb. E.Süleymanov ATU-nun da çoxsaylı kollektivinin bu layihəyə qoşulduğundan məmnun olduğunu bildirib və hər kəsə bu vətəndaşlıq mövqeyinin nümayişinə görə təşəkkür edib.

Qeyd edək ki, artıq Azərbaycan Tibb Universitetinin 2 mindən çox tələbəsi petisiyaya qoşulub. Görüş zamanı tələbələrə petisiyaya səs verməyin qadaları bir daha xatırladıldı.


Nisə Rəhimova