Şriftin ölçüsü / 906

Torpaq, Vətən, Müstəqil Dövlətçilik və Şəhidlik Tərbiyəsi

13 Aprel 2016 [16:12]

Sag ol oğul Torpağı,Vətəni qorudun. Canınla, qanınla qorudun. Düşməni leşə döndərdin. Elə bir zirvəyə qalxdın ki, oradan ancaq torpaqlarımızın bütövlüyü və paklığı görünür. Şəhid anlamında torpaq ancaq və ancaq pakdır. O paklığı dedi-qodularla, mənim olsun görməmiş dünya görünüşü ilə zəhərləməyin.

Tor-yəni torpaq tor kimi görünməli, əkilib-becərilməli, qorunmalıdır və onun paklığı həmişə öndə olmalıdır.

Vətən-yəni və bağlayıcı gördüyümüz bütün işlərdə tən olanlarımızı birləşdirir. Burada iyrənc yerliçiliyə, görməmişliyə, harınlığa yer yoxdur. Torpağı qoruyanda Vətən yaranar. Vətən idarə olunanda isə buna Müstəqil Dövlətçilik deyilər. Bu bir insan kimi, şəxsiyyət kimi yaşama zənciridir.Bu zənciri isə təbii ki, İnsan yaradır.Burada zəncir yalnız Torpaq, Vətən və Müstəqil Dövlətçilik dünyagörünüşünün möhkəmliyinin, qırılmazlığının göstəricisidir.

Vəhşi, insan qanına susamış, şizofreniklərin idarə etdikləri bu günkü dünyada lazım gələndə Dövlətçilik zəncirini qorumaq üçün, ancaq öz canınla qərar verdiyin Şəhidlik zirvəsinə çatırsan.

Bu hər kişinin işi deyil. Hər bir Şəhid hamımız tərəfindən o mənim balamdır kimi qəbul olunmalıdır. Çünki O Torpağımı, Vətənimi, Müstəqil Dövlətçiliyimizi, məni və ailəmi qoruyur.

Çox bir maraqlı, düşündürücü vəziyyətlə qarşılaşdım. Düşmənin tankını vurmuş, yoldaşlarına kömək göstərmiş, axırda özü də Şəhid olmuş qonşumuz Quliyev Mahir Qadir oğlunun məclisində cavanların davranışı açığı gözümü yaşartdı, hisslərimi boğa bilmədim.Bəzən subyektiv olaraq müəyyən hərəkətləri xoşuma gəlməyən cavanlarımız həmrəylik göstərərək bir ağızdan himnimizi oxudular. Onlar da mübarizəyə hazır olduqlarını ürəkdən bildirdilər. Ürəyim sevincdən dağa döndü. Başa düşdüm ki, artıq müstəqillik daha çox cavanların canındadır. Bəzilərimizdən fərqli olaraq onda gördüm ki, Şəhidlik həm də tərbiyə məktəbidir. Belə oğulları olan Torpaq, Vətən, Müstəqil Dövlət basılmazdır.

Torpaq Şəhid qanı ilə yoğrularaq Vətənə çevrilir. "Qonşular” kimi onun bunun hesabına oğurluq və işğallar yolu ilə Müstəqil Dövlət yaratmamışıq.

Belə oğullar Vətəni "isti qoltuqda” deyil, Müstəqillikdə saxlayanlardır. "İsti qoltuqdünyagörünüşlülər, bu cavanlara artıq gücünüz çatmayacaqdır,İnşallah.


Aydın Əliyev
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti


Millət