Şriftin ölçüsü / 737

Gənc Tamaşaçılar Teatrı cəbhəyə kökləndi

06 Aprel 2016 [12:28]

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında geniş tərkibdə tədbir keçirilib. Son günlər atəşkəs rejiminin pozulması, Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr tədbirin əsas mövzusu olub.

Döyüş tapşırıqlarını yerinə yetirən zaman qəhrəmancasına şəhid olmuş hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov tədbiri giriş sözü ilə açıb. M.Həmidov çıxış edərək aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində ordumuzun düşmənə layiqli cavab verdiyini, ermənilərin ətraf rayonları nəzarətdə saxladıqları yüksəkliklərin şücaətli əsgərlərimiz tərəfindən azad etdiklərini bildirib. Onun sözlərinə görə, ölkə prezidenti, Ali Baş komandanın məqsədyönlü siyasəti, ordumuzun qüdrəti və qələbəyə olan inam tezliklə bizim 25 illik Qarabağ həsrətimizə son qoyacaq: "Əlbəttə ki, bu münaqişənin sülh yolu ilə əldə olunmasını istərdik. Ancaq son günlər baş verən hadisələr bir daha sübut edir ki, biz güclü ordumuz sayəsində torpaqlarımızı hərb yolu ilə geri qaytarmağa qadirik və mən əminəm ki, həmin günlər uzaqda deyil”.

M.Həmidov baş verən hadisələrə biganə qalmayaraq teatrın cari ay üçün repertuarında dəyişikliklərin edildiyini, repertuardakı komediya janrına aid olan tamaşaların vətənpərvərlik və müharibə mövzulu səhnə əsərləri ilə əvəz olunduğunu diqqətə çatdırıb: "Dəyişikliyə əsasən aylıq repertuarda olan "Mehmanxana sahibəsi” (K.Qaldoni) tamaşası "Mən gəldim qızlar” (L.Nuren), "Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə) tamaşası 20 yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim” (V.Təliyeva) və "III Riçard” (U.Şekspir) tamaşaları ilə əvəz olunub. Repertuara həm də aprel ayının 12-də V.Siqarevin "Ağ ölüm” tamaşası daxil edilib. Gərginlik davam edəcəyi müddətdə teatr vətənpərvərlik mövzularını əks etdirən tamaşaların nümayişini diqqətdə saxlayacaq”.

Teatrın direktoru tədbir iştirakçılarını qeyri-rəsmi məlumatlara inanmamağa və onları yayımlamamağa, ictimai nəqliyyatda və teatrda da tamaşaçıları qəbul edərkən daha diqqətli olmağa çağırıb.

Tədbirdə çıxış edən Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, gənc aktyor Elnur Hüseynov baş verən hadisələrə öz mövqelərini bildirərək, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyərək, bu qələbədə bütün dünyanın Azərbaycan tərəfdə olduğunu, tezliklə Azərbaycan bayrağının Qarabağda dalğalanacağına əminliklərini bildiriblər.


Nazilə