Universitet
heyəti əsgərlərə həmrəyliyini bildirdi
Bu gün
Azərbaycan Tibb Universitetində (ATU) fövqəladə toplantı keçirilib. Toplantı
son vaxtlar cəbhə xəttində baş vermiş hadisələr, erməni təxribatı və bu
təxribatın qarşısını alan əsgər və zabitlərimizin qələbəsinə və ordumuza
ediləcək dəstəyə həsr olunub.
Tədbiri
giriş sözü ilə açan rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir
Əliyev son günlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və bu təxribatın
qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınmasından söz salıb. Bildirib
ki, ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib. Eyni zamanda,
işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələri və yüksəkliklər
azad edilib. Ermənilərin atəşkəs rejimin pozaraq sərhədyanı bölgələrdə dinc
əhalinin gülləbaran edilməsi nəticəsində
dünyasını dəyişənlərin və yaralıların olduğunu vurğulayıb. Biz tərəfdən
əsgərlərimizin şəhid olduğunu qeyd edən S.Əliyev qarşı tərəfin xeyli sayda
canlı qüvvə və texnika baxımından itkilər verdiyini vurğulayıb:
"Ordumuzun
əldə etdiyi bu nailiyyət və qələbələr adamda fərəh hissi doğurur. Bu
təxribatların məhz cənab Prezident İlham Əliyevin ABŞ-da keçirilən "Nüvə sammiti” tədbiri
ərəfəsində baş verməsi təsadüfi
deyildir. Çünki sammitdə iştirak edən ölkə başçısı Amerikanın bir sıra nüfuzlu
dövlət adamları və siyasi xadimləri ilə görüşüb. Görüşlər zamanı cənab Prezident
Qarabağ məsələsini önə çəkib və illərdir torpaqlarımızın işğal altında
qalmasına və bu sahə ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi
məsələsinə toxunub. Torpaqlarımızın azad olunması üçün beynəlxalq qurumların
məsələyə ikili standartlarla yanaşdıqlarını qeyd edib” - deyən rektor əvəzi,
ölkə başçısının xalqımızın haqq səsinin dünyaya çatdırdığını bildirib.
"Doğrudur,
ermənilərin havadarları məsələyə həmişə ədalətli şəkildə yanaşmayıblar və bəzi
dünya mətbuatı hadisələri təhrif olunmuş şəkildə işıqlandırır, ermənilərin
həlak olmasından yazır. Cənab Prezident Təhlükəsizlik Şurasının toplantısında
onların bu tərəfkeşlik mövqeyinə qarşı
birmənalı və kəskin şəkildə bildirdi ki, erməni əsgərləri Azərbaycan
torpaqlarında nə gəzir ki, həlak olurlar. Onlar həlak olmaq istəmirlərsə, işğal
olunmuş torpaqlarımızı tərk etsinlər” -deyən natiq dünya ictimaiyyətinin hər
iki ölkə rəhbərliyinə atəşkəsin bərpa edilməsi ilə bağlı çağırışına ilk olaraq
Azərbaycan tərəfindən müsbət reaksiya verildiyini vurğuladı.
S.Əliyev
təəssüflə qeyd etdi ki, erməni tərəfi bu çağırışa məhəl qoymur və
təxribatlarını torpaqlarımızda davam etdirirlər: "Universitet müəllimləri və
tələbələr dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün lazımi addımlar
atmalıdırlar. Biz universitet olaraq cəbhədə yaralanan əsgərlərimizə yardım
üçün qanvermə aksiyası keçirəcəyik. Gənclərimizdə əhval-ruhiyyə yüksəkdir və
onlar orduya getmək və döyüşlərdə iştirak etmək üçün universitet rəhbərliyinə müraciət
edirlər”-deyən rektor əvəzi bunun olduqca fərəhləndirici hal olduğunu vurğuladı.
Sonra
universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev çıxış edərək
xalqımızın bu günlərdə ən xoş anlarını
yaşadığını, illərlə qəlblərində yığılıb qalan hisslərini, torpaqların azad
edilməsi ilə bağlı fikirlərini büruzə vermək üçün tarixi şansın yetişdiyini
bildirdi. Əsgərlərimizin layiqincə öz
vəzifələrinin öhdəsindən gəldiyini və bu işdə dəqiq informasiyanın və əsl
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimizin əvəzedilməz rolu olduğunu
vurğuladı:
"Ermənilərlə
təkcə ərazilərimiz uğrunda müharibə getmir, həm də tərəflər arasında
informasiya müharibəsi aparılır. Buna görə gənclər fəal olmalı, müxtəlif
dillərdə informasiyanı dünyaya çatdırmalıdırlar.”- deyən prorektor gəncləri
fəal olmağa dəvət etdi.
Sonra
universitetin normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov söz aldı.
O, ermənilərin neçə illərdir işğal etdikləri ərazilərdə tarixi-mədəni
abidələrimizi və təbiəti məhv etdiklərini qeyd etdi. R.Mahmudovun sözlərinə
görə, hazırda torpaqlarımızın azad olunması üçün tarixi şərait yetişib: "Mənim
78 yaşım var, müharibədə iştirak etməyə hazıram. Öz torpaqlarımıza sahib
çıxmalı, erməni silahlılarını işğal olunmuş ərazilərdən qovmalıyıq”
Çıxışa
tələbələr də qoşuldu. MPF-nin V kurs tələbəsi Muxtar Tapdıqov və Hərb tibb fakültəsinin
II kurs tələbəsi Elmir Quliyevin vətənpərvərlik ruhunda etdiyi çıxış
alqışlarla qarşılandı.