Şriftin ölçüsü / 834

Ermənilər məğlubiyyətlərinin əvəzini dinc əhalidən çıxır

05 Aprel 2016 [14:50]
Ağdam rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıb. Bu barədə Ağdam rayon prokurorluğu və Polis Şöbəsi birgə məlumat yayıb.

Bildirilir ki, həmin tarixdə saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir.

Saat 17:00 radələrində rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına düşmüş mərminin partlaması nəticəsində orada qoyun otaran kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu qəlpə yarası xəsarətləri alaraq hadisə yerində ölmüş, 30-a qədər qoyun-quzu tələf olmuşdur.

Rayonun Orta Qərvənd kəndinin ərazisinə atılmış mərminin partlaması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu və 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Saat 20:00 radələrində rayonun Qaradağlı kəndinin ərazisində mərminin partlaması nəticəsində yanmış ev rayon dövlət yanğın mühafizə hissəsinin işçiləri tərəfindən söndürülərkən həmin yerə atılmış digər mərminin partlaması nəticəsində yanğını söndürən rayon dövlət yanğın mühafizə hissəsinin manqa komandiri, 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Rayonun Səfərli kəndinin ərazisinə düşmüş mərminin partlaması nəticəsində kənd sakini, 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir.

Hər beş fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.


Millət