Dil – ruhaniliyin (İnsaniliyin: İnamın,
İdrakın, Mənəviyyatın, İradənin) ifadəsidir, bu səbəbdən də o, zamandan,
gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai (sosial) hadisə olsaydı,
çoxsaylı quruluşlarla birgə də ölüb gedərdi.
Hər bir ulus (xalq) öz adıyla bağlı olan
dilin yaradıcısı, yaşadıcısı, qoruyucusudur.
***
Sovet dönəmində yazarların dillə bağlı
məsuliyyəti indikindən çox idi. Məncə, sovet dönəmi ədəbiyyatımız üçün poeziyada
Səməd Vurğunun, nəsrdə isə Mövlud Süleymanlının dili örnək sayıla bilər.
Ancaq əsərin dilinin gözəl, axıcı olması
da problemin çözümü deyil. Çünki əsər daha çox məzmunla yadda qalır.
***
Yazar xalqını təmənnasız sevdiyi, ona
ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri
– ömrünün yaşarı, davamlı təsdiqidirsə, onun yazdığına həmişə inanacaqlar.
***
Yazıçının yaradıcı müstəqilliyi mənsub
olduğu xalqdan asılı olmalı, o, xalq qarşısında məsuliyyətini unutmamalıdır.
***
Yazarlarımız bacardıqca ana dilimizdə
yeni sözlər yaratmalıdırlar.
Öz dilinin təəssübünü çəkməyən yazıçı
mahiyyətcə antimillidir.
Özünü Azərbaycan yazıçısı, şairi sayan
türkcəmizi incəliklərinə kimi bilməlidir. Bunun bir yolu da folklora dərindən
yiyələnməkdir. Çünki xalqın folklor dili qədər duru, anlaşıqlı dili yoxdur.
***
Milli dəyər ölçüsü olmayan, həmin dəyər
əsasında yaşamayan yaradıcının əsəri də milliliyə qarşı çevrilir.
Yazıçı xalqının adından danışdığına,
yazdığına əmin olmalıdır.
Yazıçı ilə ulusun (xalqın) dili
bir-birinə aid olmalıdır.
Yazıçının dili onun mənsub olduğu
millətin dili olmalıdır.
***
Hər kəsin ana dili (buna "doğma dil”,
"milli dil” də deyə bilərik) – mənsub olduğu millətin dilidir.
***
Mənsub olduğu millətin dilindən başqa
insanın düşündüyü, daxili nitqini qurduğu, ünsiyyət yaratdığı dili – ana dili
saymaq yanlışdır. Dünyada ana dilinə belə yanaşanlar da çoxalmaqdadır.
***
Belə olduqda qəribə durum yaranır: əgər
bir adam üç-beş dil bilirsə, indiki işgüzar dünyada hamısını eyni səviyyədə
işlədirsə, onda həmin şəxsin üç-beş ana dili olduğunu qəbul etməliyik.
***
Ana dili isə birdir. Çünki adamın bir
anası (atası, milləti) olur.
Ana dili – milli dildir, şəxsin mənsub
olduğu millətin dilidir.
***
Gələcəkdə yığcam janrlara gərəklik
artacaq. Bu mənada çağdaş yazarlar Mütləqə İnam Fəlsəfəsindən yararlana
bilərlər: yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın başlıca yönü
olmalıdır. Dilin və əsərin gözəlliyi yazarın ruhunun gözəliyindən, gücündən
asılıdır.
***
Çağdaş dönəmdə yazarlarımızın
yaradıcılıqda müəyyən axtarışları olsa da, ancaq oturuşmuş fərdi üslublar
yoxdur, çünki indi hamı dünyaya bənzəmək istəyir.