Şriftin ölçüsü / 660

Teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq

26 Yanvar 2016 [17:23]

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən "YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək.

Teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq. Şübhəsiz ki, 10 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq. Amma teatrımızın kollektivi bu çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir. Tezliklə yeni məkanda, yeni yaradıcılıq işləri ilə görüşmək ümidi ilə.

Nəzərinizə çatdıraq ki, bu gün – 26 yanvar tarixində saat 19.00-da öz binamızda (M.Muxtarov küçəsi, 83) T.Rəsulovun quruluşunda hazırlanan "Boy” tamaşası ilə sonuncu dəfə seyrçilərimizin qarşısına çıxacağıq. Tamaşada Əməkdar Artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edir.

Bütün media nümayəndələri dəvətlidir...


Nisə Rəhimova