Şriftin ölçüsü / 773

Tibb Universitetində daha iki xəstəyə böyrək köçürüldü

15 Oktyabr 2015 [16:04]

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə daha iki uğurlu əməliyyat keçirilib. Türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən əməliyyata İstanbul Florans Nightengale Xəstəxanasının Bilim Universitetinin professoru dr. Barış Akil da qatılıb. Prof. Dr. Barış Akil Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqdan çox razı olduğunu bildirib: "Qardaş ölkə Azərbaycanın Tibb Universitetində böyrək transplantasiyasının necə sürətlə inkişaf etdiyini görürük və bundan çox məmnunuq. Burada birgə icra etdiyimiz əməliyyatlarda müasir texnologiyadan istifadə olunur, elektroperetoskopik donör reftoktomi adlandırılan kameranın köməyilə böyrək çıxarılır”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov qeyd edir ki, bu əməliyyat Klinika yaradılandan etibarən artıq ikinci və üçüncü böyrək transplantasiyasıdır: "İlk əməliyyatımız bu ilin avqust ayında eyni həkim briqadası tərəfindən aparılmışdı. Bu dəfə isə iki əməliyyat həyata keçirildi”.

N.Bayramov ATU ilə İstanbul Bilim Universiteti arasında rəsmi əməkdaşlıq müqaviləsinin olduğunu xatırladır: "Bu saziş müqavilə çərçivəsində çox saylı sahələrdə əməkdaşlıq edirik. Onlardan biri də böyrək və pankreas köçürülməsi üzrə əməkdaşlıqdır. Bu əməkdaşlıq sayəsində gələcəkdə daha böyük işlər görəcəyimizə də inanırıq”.

Qeyd edək ki, ATU Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə aparılan əməliyyatlar tam uğurlu keçib. Hazırda hər iki xəstənin vəziyyəti normaldır.


Nisə Rəhimova