Şriftin ölçüsü / 726

Nazir günahını boynundan atdı

02 Oktyabr 2015 [17:47]
Milli Məclisin komitələrində 2016-cı ilin dövlət büdcəsinin müzakirələri zamanı deputatların səsləndirdikləri fikrə maliyyə naziri Samir Şərifov münasibət bildirib.

Modern.az saytı xəbər verir ki, Samir Şərifov bildirib ki, prinsip etibarı ilə növbəti ilin büdcəsi əvvəlki illərdən daha az olacaq.

"Buna baxmayaraq, təşviş üçün heç bir əsas yoxdur. Çünki ölkəmizdə iqtisadi inkişaf gedir. Neft gəlirləri növbəti illərdə də azalmağa doğru gedəcək. Amma bu qeyri-neft sektorunun inkişafına gətirib çıxardacaq. Biz qeyri-neft sektorundan gələn gəlirlərin artırılması istiqamətində inkişafa çalışmalıyıq. Düzdür hazırda qeyri-neft sektorundan gələn gəlirin artım tempi neft gəlirlərinin azlaması tempindən geridədir, amma bunun üçün tam imkanlar mövcuddur”.

Samir Şərifov borclanma ilə bağlı bildirib ki, Azərbaycanın xarici borclanmasına ehtiyatla yanaşılır.

"Dövlətin xarici borcları o qədər də çox deyil. Bununda əsas səbəblərindən biri manatın devalvasiyası ilə əlaqədardır. Digər səbəb isə odur ki, bəzi dövlət qurumları dövlət zəmanətli borcları götürüb və onları lazımınca istifadə edə bilmir, nəticədə borcları qaytara bilmirlər. Bu iki səbəbdən xarici borclanmamız bir qədər artıb. 12 faiz olub”.


Samir Şərifov tibbi sığorta məsələsinə də toxunub:

"Gələn ildən ölkədə tibbi sığorta tətbiq ediləcək. Bununla bağlı qurumun yaradılması nəzərdə tutulub. Amma tibbi sığortanın tətbiqi o demək deyil ki, bir gündə hər şey həll olunacaq. Verilən məbləğin yuxarı həddi müəyyənləşəcək ki, dövlət nə qədər verə bilər, insan özü nə qədər verəcək”.

Nazir AZAL-ın özəlləşdirilməsi ilə bağlı deputat Zahid Orucun verdiyi təklifə münasibət bildirib: "Bu uyğun iş deyil. ABŞ-ın tanınmış 3 aviaşirkəti əksər hallarda dövlət tərəfindən yardım alır. Dövlət onları qoruyur. Ona görə bu məsələdə ehtiyatlı yanaşmaq lazımdır”.

Beynəlxalq Bank ətrafında gedən proseslərə gəlincə, Samir Şərifov bildirib ki, sabiq rəhbərlik ciddi səhvə yol verib və bununla bağlı müvafiq addımlar atılıb.

"Hal-hazırda yoxlama aparılır. Düzdür, girov təminatı verilməyib və ya verilibsə, yetəri qədər deyil. Külli miqdarda vəsait kredit kimi ayrı-ayrı adamlara verilib və riskli layihələrə xərclənib. Beynəlxalq Bank Azərbaycanın ən iri bankıdır, burada əhalinin əmanətləri var. Bununla bağlı nəzərə almaq lazımdır ki, dövlət başçısı tərəfindən sərəncam da verildi. İndi orda müvafiq işlər gedir, sağlamlaşdırma tədbirləri aparılır və bankın özəlləşdirməyə hazırlanması nəzərdə tutulub”.


Millət