Şriftin ölçüsü / 764

Musiqi kədəri hamınınkı edir

03 Avqust 2015 [16:52]
İnam ATA (Asif Ata): "Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir” Asif Ata ilə 21 il əvvəl olmuş bu söhbətdə kino sənətinin mahiyyəti haqqında danışılır. İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü -Atayla bu təmasımız Kino ilə bağlıdır. İlk sual belədir: Kino haqqında Atamızın fikri. - Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir. Bunun bir az şərhə ehtiyacı var: məgər başqa sənət növlərində plastika ifadə olunmur? Məsələn, rəssamlıqda, yaxud teatrda. Təbiidir ki, plastika azdan-çoxdan bir çox sənət növlərində özünü tapır: İnsanın cismaniliyi, təbiəti, qeyri-adiliyi... hamısı özünü göstərir. Nə rəssamlığın, nə də teatrın imkanları bu qədər deyil. Kinoda canlı həyat olduğu kimi göstərilir, ayrı-ayrı dinamizm, ayrı-ayrı əlaqələr bütöv bir hadisə kimi, çox təsirli ifadə olunur və bu nöqteyi-nəzərdən kinonun əvəzi yoxdur. Həm də bu hadisələr vasitəsilə, bu plastika, bu canlı ifadə vasitəsilə mənalar ifadə olunur. Çox böyük ümumbəşəri mənalar ifadə olunur. Və o canlı həyat vasitəsilə ifadə olunan çox böyük səviyyədə canlanır. Kinonun çox böyük təsiri bundan ibarətdir: həyatla məna daha çox sıx birləşir burada. Kino o biri sənət növlərindən fərqlənir. Burada texnikanın rolu, əslində bədiiyyatın təsiri, bədiiyyat zənginliyi baxımından çox böyükdür. Bu səbəbdən də daxili duyğuların, talelərin, aqibətlərin, fikirlərin, düşüncələrin təsviri üçün kinonun imkanları daha genişdir. Əgər ümumiləşdirsək, kino Mənalanan Plastikadır. Bu, bizim fikrimizdir. O şey ki, kitabda var, biz onu demirik. Kitabda deyilməyənlər lazımdır. Bundan əvvəl bir məsələ çıxır ortalığa: Kinonun imkanlarından kommersiya məqsədilə, murdar ideyalar üçün istifadə olunur. Xüsusilə bu Hollivud kinolarında şəhvətpərəstlik, yırtıcılıq ifadə olunur. Bu kinolar çox pozdu insanları. İnsanda mənfi duyğular, instiktləri alışdırır və həmin vasitə ilə İnsanı həyatın ülviliyindən, qeyri-adiliyindən ayırır. Maraqlı bir eybəcərlik yaradırlar – kino vasitəsilə yaradılan. Eyni zamanda təbliğat da bundan istifadə eləyir. Kino təbliğata çevrilir. Bu səbəbdən də yaxşı kino çox azdır. -Kinoda Məzmun-Biçim məsələsi haqqında Ata fikri.

- Kinoda Biçimlə Məzmun arasında zahiri fərq çox azalır, daxili yaxınlıq artır. Bir tərəfdən də kinonun şərtiliyi ifadə olunur. Bilirsən ki, bu, ekrandır, aktyorları kinoda görürsən. İkinci bir tərəfdən də bayaq dediyimiz o plastika biçimlə məzmun arasında yaxınlğı artırır: Biçim elə bil ki, məzmundur. Bilavasitə Biçim ifadə olunur.

Məzmun – Həyat. Çox vaxt Məzmunu Biçimdən ayıra bilmirsən. Bir tərəfdən şərtilik artır, bir tərəfdən də yaxşılaşır. Budur, mənim zənnimcə, kinonun canı. - Millilik məsələsi və kino. - Kinoda millilik məsələsini ən çox həll ediblər italyanlar. O ki, qaldı Amerika kinosu, o, kosmopolitizmdir. İtaliyada 50-ci illərdə neorealizm cərəyanı başlandı. Onun ən böyük nümayəndəsi F.Fellini olub.

Onun "Kabiriya gecələri”, "Yol” əsərlərində millilik həll olunub. O ki qaldı başqa kinolara, müəyyən mənada fransız kinosunda millilik ifadə olunur. Renenin əsərlərində bu var. Ümumiyyətlə götürdükdə isə kino milli məsələləri həll etməyib. Hind kinosunun çox böyük fərqi var Avropa kinolarından. Hind kinolarında millilik var: musiqinin qeyri-adi olması, təsvirlər hamısı özününküdür. Doğrudan da bilirsən ki, bu, hind kinosudur. Hind kinosunun da pis cəhəti onun musiqini bayağılaşdırmasıdır. Bir konsertlik var orada. Bu, kinonun səviyyəsini aşağı salır. Bunlar hamısı hind kinosunun yüksək professional səviyyəsinə xələl gətirir. - Kino və İnsanilik məsələsi...

 - Bu haqda mənim bir yazım da çıxmışdı. Ümumiyyətlə sənət özü insandır. Kinonun ən yaxşı əsərlərində İnsan ətrafdan, cəmiyyətdən, şəraitdən üstündür. Şəraitə, mühitə qarşı durmaq ifadə olunur. Fellininin bütün əsərlərində İnsan uyğunlaşmır cəmiyyətə. Atisenin "Ağ səhralar” filmində şəxsiyyət özünü həyata qarşı qoyur. Ancaq cəmiyyətdən ayrıla bilmir. Yalançı dostlar, yalançı qohumlar onu tapırlar. Məcbur olur ki, özünü öldürsün. Özünü öldürür, amma uyğunlaşmır. Bu, böyük ideyadır. Uyğunlaşmaq həmişə balacalıq ifadəsidir. Ən adi adamlar da kinoda böyüklük görürlər. Bu cəhətdə XX əsr adlanan dövrdə kino insanlığı vəsf edir. Ümumiyyətlə, bu vaxta qədər kinoda Fellini və Berqman zirvədir. - Kino və Musiqi. - Təbidir, kinonun gözəlliyi ondadır ki, bütün janrları özündə birləşdirə bilir. Kinoda rəssamlıq var. Kinoda ssenari var. Ssenari xüsusi bir janrdır. Kinoda musiqi var. Kino adətən ümumiləşdirmələr janrıdır. Kinoda musiqi ilə canlı hadisələr bir-birinə qovuşur. Burada hadisə özü musiqi ilə qovuşur. Hadisə özü musiqi vasitəsilə hadisəlikdən çıxır. Musiqi kədəri hamınınkı edir. Kədər bir nəfərinkidir. Musiqi də hamınınkı olur. Təbii ki, musiqi kinonun ümumi halına təsir edir. Yaxşı musiqi kinosuz da yaşayır. Musiqi kino hadisələrinə təzə ümumi məna verir. - Kinoda obraz məsələsi. - Kinoda obraz məsələsi bayaq dediklərimizdən ibarətdir. Burada həyatilikdir: həyatiliklə idealın birliyi. Əgər tutalım ki, memarlıqda ideal daha çox rol oynayırdısa, burada başdan-başa həyatilikdir. Burada detallardan başlamış hər şey ümumiləşdirmələrə qədər həyati olur. Adama elə gəlir ki, bu, sənət deyil, həyatın özüdür. - Rejissor və Kino. - Yaxşı sualdır. Mənim zənnimcə, kino rejissorunun dram rejissorundan fərqi ondan ibarətdir ki, kino rejissoru gərək aktyor olsun. Gərək o, aktyorluğu ömründən keçirsin. Ümumiyyətlə, aktyorun rejissorluğa gəlməsi daha əlverişlidir. İkinci, gərək rejissor universal olsun. Çünki rejissor hərtərəfli bədiiyyatla rastlaşır – rəssamlıqla, musiqi ilə... Mən kinoda ən çox müəllif kinosunu bəyənirəm – Berqman və Fellini yolu. Ona görə kinonun əsas yolu müəllif yoludur. Gərək kinoya istedadlı adam gəlsin. Qalan cəhətlər hamıda olmalıdır. Əsas cəhət dediyimizdir. Müəllif kinosu olmalıdır hökmən. - Kino və Teatr məsələsini Atamız necə görür? - Kino Teatr bir-birinə yaxındır və bir-birindən fərqlidir. Kinoda həyat olduğu kimidir. Aktyor ölür, burada elə bilirsən ki, həqiqi öldü. Teatrda aktyor ölür: sonra sən ona əl çalırsan. Teatrda tamaşaçı ilə aktyor arasında əlaqə var. Heç təsadüfi deyil ki, kino aktyorlarının çoxu teatr aktyorları olurlar çox vaxt. Teatrda tamaşaçı ilə təmas çox yaxşı olur. Bu baxımdan da teatrımızı da üç məqama bölərdim:
Birinci: Teatr – Məktəb.
 İkinci: Teatr – Məclis.
 Üçüncüsü: Teatr – Məbəd. M.Cəlil: Teatr – Məktəb. C.Cabbarlı: Teatr – Məclis. H.Cavid: Teatr – Məbəd. İnam Atayla Ruhai Təmasda oldular:

İşıqlı Atalı və Yolruh Atalı. 20 Qismət günü, İşıq ayı 16-cı il (may 1994)


İşıqlı Atalı