Şriftin ölçüsü / 690

Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib

03 Avqust 2015 [16:42]

Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb. Pərvanə Daşdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 2 qız və bir oğlan dünyaya gətirib.

Tibb üzrə fəlsəfə doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın sözlərinə görə, Pərvanə xanım hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib: "Hamiləlik zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb”.

A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb.

Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normaldır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.

Biz də ATU kollektivi adından ailəni təbrik edir, uşaqlara cansağlığı arzulayırıq.


Nazilə