Şriftin ölçüsü / 846

Ağstafada içməli su problemi yaranıb

23 Iyul 2015 [15:03]

Ağstafa rayonunun Həsənsu kəndinin bir qrup sakini içməli su problemi ilə üzləşdiklərinə görə müvafiq dövlət qrumlarına müraciət ediblər. Əldə etdiyimiz müraciətdə bildirilir ki, keçən əsrin əvvələrində almanlar tərəfindən salınan Həsənsu kəndinin su ilə təmini də həmin vaxtda kəhriz vasitəsi ilə həyata keçirilib. 1914-cü ildə çəkilmiş kəhrizdə bir neçə dəfə daxili imkanlar hesabına cari təmir işləri aparılsa da bu kifayət etməyib. Baxımsızlıq ucbatından kəhriz demək olar ki, bir neçə yerdən dağılaraq yararsız hala düşüb. Hətta, üstü açılan və dağılan yerlərə atılan zir-zibil təhlükəli yolxucu xəstəliklər törədən virus mənbəyinə çevrilib.

Kənd sakinlərinin şikayətlərindən o da aydın olur ki, 3500 əhali yaşayan Həsənsu kəndi ilə bahəm, bu su kəhrizindən qonşuluqdakı Vurğun qəsəbəsi də istifadə edir. Beləliklə, 5000-ə yaxın insanın sudan mərhum olma təhlükəsi hər gün üçün yaxınlaşır.

Yaranmış acınacaqlı durumla Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev məlumatlı olsa da, indiyədək heç bir tədbir görülməyib. Prezident İ.Əliyevin ayırdığı milyonlarla vəsait bu kimi vacib problemlərin həllinə, əhalinin su təhcizində, qaz və enerji, eləcə də digər vacib sahələrəin keyfiyyətli, fasiləsiz təmininə deyil, abadlıq adı altında şəxsi ciblərə axıdılır.

Əgər vaxtında tədbir görülməsə, su xətti əsaslə təmir olunmasa, yaxud da yenilənməsə iki kənd susuz qalacaq.


Nazilə