Tibb Universitetində əməkdaşların istirahəti diqqət mərkəzindədər
15 Iyul 2015 [13:05]
Yay mövsümünün
başlaması ilə insanların istirahəti də aktuallaşır. Haqlı olaraq yay fəslini həm
də istirahət mövsümü adlandırırlar. Gərgin zehni işdən, xüsusi fiziki güc tələb
edən əmək fəaliyyətindən sonra mənalı istirahətə ciddi ehtiyac yaranır. Orta və
ali təhsil müəssisələrində
tədris ilinin məhz bu mövsümdə başa çatması da istirahət məsələsinin
aktuallığını xeyli artırır.
Xatırladaq ki, ölkəmizin
ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Tibb Universitetində də əməkdaşların
istirahəti daim diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi bu il də ATU-nun əməkdaşlarının yay istirahətinin hansı səviyyədə
təşkil edildiyini öyrənmək məqsədi ilə Universitetin Həmkarlar İttifaqı Komitəsinin
sədri, dosent Cahangir Qasımovla görüşdük.
Universitet əməkdaşlarının və tələbələrin asudə
vaxtlarının səmərəli təşkilinə kifayət qədər vəsait ayrıldığını vurğulayan
komitə sədri hal-hazırda əsas diqqətin əməkdaşların istirahətinə yönəldiyini
deyib: "Bilirsiniz ki, Tibb Universitetinin Nabran istirahət zonasında "Təbib”
istirahət düşərgəsi fəaliyyət göstərir. Yay dövründə əməkdaşların
istirahətindən söhbət gedəndə ilk yada düşən də bu istirahət düşərgəsi olur.
İstirahət mərkəzində aprelin 1-dən aparılan təmir-tikinti işləri iyunun 30-da
tamamlanıb. Belə ki, 10 otağın döşəməsi dəyişdirilib və bütün otaqların daxili
görkəmi, fasadı təzələnib. Ən böyük problemimiz çarpayıların çatışmaması idi.
Hörmətli rektorumuz akademik Əhliman Əmiraslanovun köməyi ilə istirahət düşərgəsi üçün 80
çarpayı ayrıldı. Bundan əlavə böyük ekranlı yeni televizor, 100 ədəd döşəkağı,
50 dəst yastıq, 3 ədəd soyuducu və kifayət qədər mətbəx avadanlıqları alınıb”.
"Təbib” istirahət düşərgəsində
istirahətin 3 mərhələli olduğunu söyləyən
C.Qasımov 1-ci mərhələnin iyulun 11-dən başlandığını, 3-cü mərhələnin isə
avqustun 26-da sona çatacağını bildirib: "Hər növbə 15 gündən ibarətdir. Bir
növbədə 45 ailə, yəni 180 nəfər, ümumilikdə isə 135 ailə - 540 nəfər universitet
əməkdaşı dincəlir və onlar gündə 3 dəfə keyfiyyətli yeməklə təmin olunurlar.
İstirahətçilərin asudə vaxtlarının təşkili üçün düşərgədə idman avadanlıqları
quraşdırılıb. Xüsusilə uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Gündə
2 dəfə dəniz gəzintisi təşkil edilir, idman yarışları keçirilir və qaliblər
mükafatlandırılır. Onu da deyim ki, 15 günlük istirahət əməkdaşlarımıza çox
ucuz başa gəlir. Bir nəfər hər gün üçün cəmi 2 manat 66 qəpik ödəyir.
Qalan məbləğ isə Həmkarlar İttifaqının vəsaiti hesabına ödənir”.
C.Qasımov təkcə
Nabranda deyil, respublikamızın müalicə əhəmiyyətli digər istirahət mərkəzlərində
dincəlmək üçün də əməkdaşlarımıza 42 yol vərəqəsinin verildiyini deyib.
Bildirib ki, bu mövsümdə əməkdaşlarımız daha çox Nabrandakı "Xan çinar”, Qaxdakı "Şəfa”
istirahət mərkəzlərində, Naftalanda, "Bilgəh” kardioloji, "Abşeron” mədə-bağırsaq,
"Qaranquş” uroloji və "Naftalan” sanatoriyalarında müalicə almağa və dincəlməyə
üstünlük veriblər.
Əməkdaşımızla söhbətində
akademik Əhliman Əmiraslanovun tapşırığı ilə tez-tez Nabrana ezam
olunduqlarını, istirahət
edənlərin
arzu və təkliflərini dinlədiklərini deyən C.Qasımov gələcəkdə professor-müəllim
heyətinin, tibbi personalın istirahət şəraitinin daha da yaxşılaşdırılması üçün
mühüm addımlar atılacağanı vurğulayıb.