Şriftin ölçüsü / 959

Azərbaycanın əhalisi 10 milyona yaxınlaşır

30 Iyun 2015 [14:09]
Azərbaycanda ümumi əhalinin sayı 10 milyona yaxınlaşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış məntəqələri daxildir.

Müstəqillikdən sonra zavod və fabriklərin bağlanması, kənd təsərrüfatında yaranan tənəzzül nəticəsində bir çox insan iş yerlərini itirib. Onlar dolanışıq üçün əsas çıxış yolunu xaricə, xüsusən Rusiyaya getməkdə tapıblar. Bir çox rayon və kəndlərin əhalisi isə Bakıya və Sumqayıta gəlib. Nəticə etibarı ilə Azərbaycan kəndləri boşalıb. Bu səbəbdən də hazırda şəhərlərdə yaşayanların sayının rəsmi statistikada göstəriləndən xeyli çox olduğunu söyləyə bilərik.

Düzdür, son illər bu proses xeyli səngiyib, amma kəndlərdən axın hələ də davam etməkdədir. Səbəb isə yenə də iş yerlərinin olmamasıdır.

Buradan qaynaqlanaraq, Modern.az Azərbaycanda əhalisinin sayına görə ən böyük və ən kiçik kəndin hansılar olduğunu araşdırıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında keçirilmiş əhalinin son siyahıyaalınmasının (2009-cu il aprel ayının 13-dən 22-dək) yekunlarına əsasən, əhalisinin sayına görə ən böyük kəndlər Nehrəm (Babək rayonu), Masazır (Abşeron rayonu), Əyyublu (Tovuz rayonu), Aşağı Quşçu (Tovuz rayonu), Cəhri (Babək rayonu) kəndləridir.

Respublikada ən kiçik kəndlər isə Dahar (İsmayıllı rayonu), Əlməkolu (Siyəzən rayonu), Gənzə (İsmayıllı rayonu), Qızqayıtdı (Neftçala rayonu), Pirəqanım (İsmayıllı rayonu) kəndləridir.

Ən böyük və ən kiçik kəndlərdə nə qədər adamın yaşadığını öyrənmək isə mümkün olmayıb. Məlumatda qeyd edilib ki, yaşayış məntəqələrinin ərazilərinə dair statistik məlumatlara Dövlət Statistika Komitəsi malik deyil.

Qeyri-rəsmi məlumata görə, əhali sayının ən az məskunlaşdığı kəndlərdə 3-4 nəfər yaşayır. İsmayıllı rayonunun Pirəqanım kəndində isə cəmi 2 nəfərin yaşadığı bildirilir.


Millət