Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurası və Bütöv Azərbaycan Ocaqlarının Dil və Tarix Qurumu AMEA – nın A, Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudova Açıq Məktubla müraciət edib. Məktubda deyilir:
Məlumunuz
olduğu kimi, 1958-ci ildə Qazax rayonunun Sarıtəpə adlı ərazisində 2
sütun altlığı aşkarlanmışdır. Hazırda Tarix Muzeyində qorunan və e.ə.
V-IV əsrlərə aid edilən bu maddi mədəniyyət nümunələri həmin dövrdə
ölkəmizin ərazisində zəngin şəhər mədəniyyəti ilə yanaşı yüksək
memarlıq üslubunda və gözəl zövqlə inşa edilmiş saray komplekslərinin
olduğundan xəbər verməkdədir. Sarayın olması isə müstəqil dövlətçiliyin
mövcudluğuna işarədir. Bunun tariximiz, xüsusən də dövlətçilik
tariximiz baxımından nə qədər böyük önəm daşıdığını, bizcə, Sizin kimi
böyük alimə izah etməyə ehtiyac yoxdur.
Çox
təəssüflər olsun ki, başçılıq etdiyiniz İnstitutun nəzdində fəaliyyət
göstərərən Tarix Muzeyində sərgilənən bu dəyərsiz eksponatların guya
Əhəmənilərə aid olduğu barədə sovet dövründə məlum səbəblərdən
uydurulmuş yalan bu gün də qüvvədədir və sözügedən sütun altlıqları
muzeyi ziyarət edənlərə Əhəməni, yəni fars abidəsi kimi təqdim olunur,
halbuki, Sizə də, bizə də yaxşı məlumdur ki, Quzey Azərbaycanın nə
zamansa fars-Əhəməni imperiyasının tərkibinə daxil olduğunu sübut edəcək
bircə dənə də yazılı mənbə və artefakt yoxdur. Yeganə məlum olan tarixi
fakt budur ki, farslar Əhəməni hökmdarı Kirin dövründə bu əraziləri
işğal etməyə cəhd göstərmiş, fəqət Tomirisin başçılıq etdiyi
türk-masaget ordusu onları böyük itkilər verərək qaçmağa məcbur etmiş,
Kirin özü isə məhv edilərək başı kəsilmişdir.
Sovet
dövründə irəli sürülən konsepsiyalardan biri də o idi ki, guya
Atropatenanın ərazisi yalnız Güney Azərbaycanı əhatə etmiş və Quzey
Azərbaycan ərazisi bu dövlətin tərkibinə daxil olmamışdır. Halbuki,
Polibinin yazdığına görə, Atropatenanın şimal sərhəddi Fazisdən
(Gürcüstandakı Rioni çayı) yuxarıda Pont (Qara dəniz) dənizinə, cənub
sərhəddləri isə Qirkan dənizinə (Xəzər dənizinin cənub – şərq hissəsi)
qədər uzanırmış:"...Bu sonuncu (Atropatena şahı Artabazan)
bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi,
atropatenalılar və qonşu xalqlar üzərində hökm edirdi... Qərar qəbul
edildikdən sonra ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda
yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan(Gürcüstandakı Rioni çayı)yuxarıda yeləşən hissəsi Pont(Qara dəniz)üzərində
yüksələn, digər hissəsi isə Qirkan dənizinə qədər uzanan ölkəsinə
soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və özü – özünü at və
müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq
hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən
kənarda qalmışdı”
Bu
fakt birmənalı şəkildə sübut edir ki, Atropatenanın sərhəddləri Quzey
Azərbaycanı da əhatə etmişdir. Eyni zamanda həm Azərbaycan Respublikası
ərazisindən, həm də Gürcüstandan, o cümlədən Abxaziyadan çox sayda
Atropatenaya aid qədim sikkənin tapılması da eyni şeydən xəbər
verməkdədir. Bu isə o deməkdir ki, hansısa sarayın qalıqları olan
sözügedən sütun altlıqlarını Əhəmənilərə deyil, Atropatenaya aid etmək
daha doğru olar. Üstəlik də sütun altlıqlarının məhz Qazax rayonu
ərazisindən tapıldığını unutmamaq lazımdır. Çünki Strabon Atropatenanın
paytaxtından söz açarkən, açıq şəkildə yazmışdır ki, Atropatena
şahlarının"yay paytaxtı düzənlikdə yerləşən Qazaka şəhəri”idi.
Maraqlıdır
ki, Strabon Atroppatenanın qış paytaxtınının Vara şəhəri olduğunu
söyləyir. Bu adın Gürcüstan ərazisində axan və Tiflis yaxınlığında Kür
çayına tökülən Vera çayının adları ilə səsləşməsi də, fikrimizcə,
təsadüfi deyildir.
Çox
təəssüflər olsun ki, bu məsələyə indiyə qədər qeyri-ciddi yanaşmamız
səbəbindən ermənilər Strabonun Albaniyanın sərhədləri haqqında
söylədiklərindən çıxış edərək, yəni Kür çayının Qafqaz Albaniyasının
cənub və şərq sərhədlərini əhatə etdiyi barədə söylədiklərini əldə əsas
tutaraq həmin dövrdə Kürdən qərbdəki ərazilərin guya Ermənistana aid
olması barədə uydurmalara rəvac verməkdə və bir çoxlarını bu
cəfəngiyyata inandıra bilməkdədirlər.
Hörmətli Yaqub müəllim!
Ümidvarıq
ki, yuxarıda söylənilənlərdən çıxış edərək, eyni zamanda nüfuz və
səlahiyyətinizdən istifadə edərək, Tarix Muzeyində sərgilənən, təkcə
tariximizin obyektiv və düzgün öyrənilməsi baxımından deyil, milli
mənafelərimiz acısından böyük strateji önəm daşıyan həmin sütun
altlıqlarının altındakı yazıların dəyişdirilməsinə göstəriş
verəcəksiniz.
Əhəmənilərin onlara heç bir dəxli yoxdur və onlar bilavasitə Atropatena ilə bağlıdırlar.