Əhalinin özünün neqativ hallara və qanun pozuntularına qarşı müqavimət gücü zəifdir
04 Iyun 2015 [16:57]
AMİP Baş Katibi Arzuxan Əlizadə ilə müsahibəmizdə gündəmi dəyərləndirməyə çalışırıq
-Arzuxan
bəy, çox istərdik Azərbaycandakı mövcud durumu qısaca olaraq dəyərləndirəsiz. Ölkədə
nələr baş verir?
Öncə
fürsətdən istifadə edərək ötən həftə qeyd etdiyimiz 28 May Müstəqillik günü
münasibəti ilə soydaşlarımızı bir daha təbrik edirəm. Çünki, milli-mənəvi
dəyərlərimizin mövcudluğu, bu zamana qədərki və bundan sonra əldə edəcəyimiz
nailiyyətlər heç şübhəsiz müstəqilliyimizlə əlaqəlidir. Müstəqil olmayan
dövlətdə heç bir uğur və inkişafdan söhbət gedə bilməz. Sualınıza gəldikdə isə onu
deyə bilərəm ki, ölkədə adi gözlə görünən inkişafı və bir sıra nailiyyətləri
qeyd etməmək mümkün olmadığı kimi, cox ciddi qanun pozuntularının mövcudluğunu,
bir cox sahələrdə rüşvət və korrupsiyanın dözülməz həddə çatdığını, məmur
özbağınalığını da xüsusi olaraq vurğulamalıyıq. Ən azından ona görə ki,
sadaladığım və sadalamadığım həmin neqativ hallar bir cox hallarda inkişafın
üzərinə kölgə salmaqla yanaşı ölkənin imicinə də ciddi xələl gətirir. Bu isə
iqtidarda və ya müxalifətdə olmağımızdan asılı olmayaraq bizim hər birimizi
narahat etməlidir. Bu Vətən hamımızındır, yaxşısı da pisi də bizimdir.
-Sizcə
nədən müxalifət partiyaları baş verən korrupsiya və rüşvət hallarına, eləcə də
diğər qanunsuz hərəkətlərə qarşı xalqı səfərbər etmir, yaxud da edə bilmir?
Əvvəlcə
onu deyim ki, müxalifət partiyaları yekcins deyil, məsələlərə baxışlar və
yanaşma tərzləri bir cox hallarda müxtəlifdir, bəzi hallarda isə təəssüflər
olsun ki, müəyyən məsələlərə hətta partiya maraqlarından çıxış etməklə yanaşma
hallarına da rast gəlmək mümkündür. Amma bütövlükdə götürəndə ölkədə pis-yaxşı
elə müxalifət partiyalarının mövcudluğu bir çox hallarda baş verə biləcək qanunsuzluqların
qarşısını almağa xidmət edir. Xalqı səfərbər etməyə gəlincə isə ən azından belə
cəhdlərin olunduğu göz qabağındadır, buna nə dərəcədə nail olunub-olunmaması da
o cümlədən. Amma gəlin etiraf edək ki, əhalinin özünün neqativ hallara və qanun
pozuntularına qarşı müqavimət gücü zəifdir. Əlbəttə ki, bunun da obyektiv və
subyektiv səbəbləri var. Bir məlum həqiqəti isə hər birimiz dərk etməliyik, nə
qədər ki, insanlar öz hüquqlarını bilmir və haqqını tələb etməyə çəkinir belə
cəmiyyətdə qanun pozuntularının qarşısını almaq bir o qədər çətin olur.
-Xaqlın
özü sizcə, nə vaxtadək siyasi proseslərdən özünü kənara çəkəcək?
O zamana
qədər ki, siyasi fəaliyyətin uğurlu sonluqla nəticələnəcəyinə inam yaranacaq.
Bu inamı isə həm də siyasi liderlər yaratmalıdır. Acı olsa da bu da bir
həqiqətdir ki, son illərdə müsbət nəticə verməyən fəaliyyət əhalinin
əhəmiyyətli hissəsinin siyasi proseslərə inamını heçə endirib və proseslərdən
uzaq qalmanın başlıca səbəblərindən biri də hesab edirəm ki, bu amildir.
-Qarşıdan
parlament seçkiləri gəlir. Bu seçkilər islahatlara təkan verə biləcəkmi? Bir
partiya yetkilisi olaraq siz bu seçkilərdən nə gözləyirsiz?
Əgər
yuxarıda dediyim kimi, seçki öncəsi siyasilər insanlarda dəyişikliklərə nail
olunacağına inam yarada biləcəklərsə bu, əhalinin çox hissəsinin proseslərə
qatılmasına və nəticə etibarı ilə
islahatlara təkan verəcək amilə çevrilə biləcək. Əks halda yenə də son illərin
mənzərəsi ilə qarşılaşacağıq. Bu mənada ölkədə fəaliyyət göstərən siyasi
partiyaların və söz sahibi olan siyasətçilərin üzərinə çox böyük məsuliyyət
düşür. Hər birimiz bunu lazımınca dəyərləndirməliyik.
19
may hadisələri sizcə nələri üzə çıxardı?
Faciə
qurbanlarına bir daha uca Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Bu
hadisə günümüzün reallıqlarını bütün çılpaqlığı ilə üzə çıxardı. Nələrin şahidi
olduq? Onun şahidi olduq ki, regionda ən müasir texniki avadanlıqlarla təchiz
olunmağımıza baxmayaraq ekstremal şəraitdə köməyə ehtiyacı olan insanlara
lazımi səviyyədə yetişə bilmirik. Onun şahidi olduq ki, şəhər təsərrüfatına
rəhbərlik edən və bunun üçün birbaşa məsuliyyət daşıyan şəxslər yumşaq desək öz
yerlərində deyillər. Ən başlıcası isə bir daha onun şahidi olduq ki, gündəlik
həyatımızda rastlaşdığımız neqativ hallara biganə münasibət, məsələlərə "şəxsən
mənə toxunmursa göz yummaq daha məsləhətdir” prinsipi ilə yanaşılması və ölkədə baş verənlərin ictimai nəzarətdən
kənar qalması sonda hər birimizin faciəsi ilə nəticələnə bilir. Baş vermiş
faciə ilə əlaqədar Prezidentin rəhbərliyi ilə keçirilən müşavirə zamanı isə
məsələnin ciddiliyi daha qabarıq göründü. Məlum oldu ki, binaların təhlükəli
poliuretan üzlüklərlə üzlənməsi və bunun fəsadlara səbəb ola biləcəyi ilə
əlaqədar Baş Prokuror və Fövqəladə Hallar Naziri səviyyəsində əvvəlcədən
münasibət bildirilsə də prosesin qarşısını almaq mümkün olmayıb. Bu isə onu
göstərir ki, bu cinayətin arxasında daha böyük fiqurlar dayanırmış. Nəticə isə
göz qabağındadır. Bütün baş verənlərdən, hətta Prezidentin tapşırığından sonra
faciə ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri aşkar saymazlıqla KİV
nümayəndəsinə "sənə nə var binaların üzlənməsini hansı şirkət həyata keçirir”
deməsi isə heç bir çərçivəyə sığmır. Bax
bütün faciələrimizin kökündə bu "sənə nə var” ifadəsi dayanır. Əgər biz millət
olaraq bu faciədən də lazımi nəticələr çıxarmasaq gələcəkdə baş verə biləcək
daha nələrlə üzləşə biləcəyimizi indidən göz önünə almalıyıq.
-Prezident
yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının iclasında seçkili qurumlarından
biri olan bələdiyyələrı ciddi tənqid edərək bildirdi: "Bələdiyyələr bir növ
icra hakimiyyətlərinin filialına çevrilib. Bələdiyyə sadəcə olaraq bir muzey
idarəsidir, sadəcə bir möhür idarəsidir”. Bələdiyyə üzvü olaraq Sizin bu barədə
fikirləriniz maraqlıdır.
Azərbaycanda
Bələdiyyə institutu 1999-cu ildə formalaşdırılıb. Ötən müddət ərzində
bələdiyyələrə artıq 4-cü seçki keçirilib, lakin 15 ildən çox müddət keçməsinə
baxmayaraq birmənalı demək olar ki, bu qurum hələ də üzərinə düşən vəzifələri
yetərincə yerinə yetirmək gücündə deyil. Təəssüflər olsun ki, fəaliyyət
göstərdiyi ilk 5 il ərzində daha çox torpaq satmaqla gündəmə gələn bələdiyyələr
getdikcə formal xarakterli qurum statusu aldı və bu mənada Prezidentin
bələdiyyələrin icra hakimiyyətlərin filialına çevrilməsi fikri nə qədər
acınacaqlı olsa da tam olaraq həqiqəti əks etdirir. Əlbəttə ki, müəyyən
istisnalar da yox deyil, amma ümumilikdə ölkə üzrə görünən mənzərə budur. Bəzən
bunu qanunvericiliklə əlaqədar bələdiyyələrin statusunun aşağı olması ilə də
əlaqələndirirlər. Amma onu da qeyd etməliyəm ki, ölkə qanunvericiliyi ilə
bələdiyyələrə yetərincə status verilib. Deməli məsələnin kökündə başqa amillər
dayanır və nə qədər ki, bələdiyyələrə ən yüksək səviyyədə münasibət dəyişməyib,
bu qurum real olaraq yerli idarəetmə orqanına çevrilməyəcək.
-Sizə
elə gəlmirmi ki, seçkili qurumların fəaliyyətsiz olması, bir növ icra
hakimiyyətlərinin filalına çevrilməsi və ictimai nəzarət funksiyasını həyata
keçirə bilməməsi ümumilikdə cəmiyyətin dayaqlarına ciddi zərbə vurur?
Əlbəttə,
bu belədir və dediyiniz məsələ təkcə seçkili qurum olan yerli idarəetmə
orqanlarına deyil, Ali Qanunverici orqana da şamil edilməlidir. Məsələn, Azərbaycan
qanunvericiliyinə əsasən Milli Məclis formalaşdırdığı HesablamaPalatası
vasitəsilə büdcə vəsaitlərinin xərclənməsinə nəzarət etməlidir. Bundan başqa
parlament həm dövlət büdcəsini, həm də büdcənin icrası ilə bağlı hökumətin
hesabatını təsdiq edir. Amma təcrübə göstərir ki, bu hesabat ümumi xarakter
daşıyır və reallıqda parlamentin ictimai vəsaitlər üzərində effektiv nəzarət
mexanizmləri mövcud deyil. Parlamentin ictimai vəsaitlərə nəzarət imkanlarından
yararlana bilməməsini millət vəkilləri özləri də dəfələrlə bildiriblər. Görünən
isə odur ki, bu gün hökumət parlamentə hesabat verməkdə maraqlı deyil.
Parlament isə bu hesabı hökumətdən sormaq iqtidarında deyil. Milli Məclisin
hökumətin ayrı-ayrı üzvlərini parlamentə dəvət edib onların hesabatını dinləmək
imkanı da yoxdur.Bütün bunların
nəticəsidir ki, hər il milyonlarla vəsait səmərəsiz xərclənir. Parlament
seçkili orqandır və ictimaiyyəti təmsil edir. Bu mənada parlamentə hesabat
vermək elə cəmiyyətə hesabat verməkdir. Ictimai nəzarət olmadıqda isə bu gün
rastlaşdığımız büdcə vəsaitlərinin mənimsənilməsi, korrupsiya və digər ağır cinayətlərin
olması qaçılmazdır. Son günlər baş verənlər də dediklərimizi bir daha təsdiq
edir. Bütün bunların baş verməməsi üçün və bütövlükdə normal nəzarət mexanizminin mövcud olması üçün isə ilk
növbədə parlamentözü xalqın
səsi ilə formalaşdırılmalıdır. Bu mənada
noyabr ayında Milli Məclisə keçiriləcək seçkilərdə sözün əsl mənasında
dövlətimizin və xalqımızın gələcəyini düşünən insanlara üstünlük verilməlidir.
- BirinciAvropa Oyunlarının Azərbaycanda
keçirilməsinə yanaşma həm ölkə xaricində, həm də daxildə birmənalı deyil...