AMİP Azərbaycan iqtidarına etiraz etdi və izahat istədi
29 May 2015 [12:43]
29-31 may 2015-ci il tarixlərində Bakı şəhərində Azərbaycan
Milli İstiqlal Partiyası (AMİP) ilə 12 ildən atıq müddət ərzində əməkdaşlıq etdiyimiz İsveçin Moderat
partiyasının birgə seminarlar keçirməsi nəzərdə tutulmuşdu. Məlumat üçün
bildiririk ki, müxtəlif mövzulu belə seminarlar hər il bir neçə dəfə Bakıda, həmçinin
Stokholmda keçirilir. Bu məqsədlə bütün təşkilati və logistika işlər görülmüş, təyyarə
biletləri alınmış, qonaqların qalacağı və tədbirin keçiriləcəyi məkanlar sifariş
edilmişdi. Hər zaman olduğu kimi 1 ay əvvəl
AMİP sədrinin imzası ilə tədbirdə iştirak edəcək 4 nəfər Moderat partiyasının
nümayəndəsinə viza alınması üçün dəvətnamə göndərilmişdi. May ayının 11-də viza
alınması üçün lazım olan bütün sənədlər həmin nümayəndələr tərəfindən Azərbaycanın
Stokholmdakı səfirliyinə təqdim olunmuşdur. Mövcud qaydalara əsasən səfirlik 10
gün ərzində müraciətlərə müsbət və ya mənfi cavab verməyə borcludur. Buna
baxmayaraq, Bakıya uçuşun nəzərdə tutulduğu son günədək, yəni faktiki olaraq 18
gün müddətində Azərbaycanın Stokholmdakı səfirliyi tərəfindən təqdim olunmuş sənədlərə
heç bir münasibət bildirilmədən müraciətə hər hansı bir cavab verilməmişdir. Son
üç gün ərzində isə intensiv olaraq edilən müraciətlərə məsələ ilə əlaqədar
problem olmadığı, yalnız Bakıdan təsdiq
cavabi gözlədiklərini bildirmişlər.
26-27 may tarixlərində AMİP rəhbərliyi məsələ ilə əlaqədar
Azərbaycan Xarici İşlər Nazirliyinin məsul işçiləri, Nazirliyin qaynar xətti, Konsulluq
idarəsinin rəhbər işçiləri, həmçinin Stokholmdakı səfirliyin nümayəndələri ilə
danışıqlar aparmış, XİN rəsmilərinə müraciətə mənfi
və ya müsbət cavab verilməsinin vacibliyi bildirilmişdir ki, ən azından mənfi
cavab veriləcəksə nəzərdə tutulmuş işləri cərimə ödəmədən təxirə salmaq mümkün
olsun. Lakin edilən bütün cəhdlərə baxmayaraq Nazirlik rəsmiləri məsələni
ötür-ötürə salmış, problemin həllinin kimdən asılı olması isə son anadək məchul
qalmışdır. Bununla da, ən sonuncu gün belə mənfi və ya müsbət cavab verilməməklə
müraciət edənlərə maddi və mənəvi ziyan vurulmaqla yanaşı dünya təcrübəsində bu
sahədə biabırçı bir ilkə imza atılmışdır.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycan
Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin və Azərbaycanın İsveçdəki səfirliyinin
dövlətin və xaıqımızın adına utanc gətirən fəaliyyətlərinə etiraz olaraq bildirir ki, adı çəkilən
qurumların qanunlara məhəl qoymaması və səriştəsizliyinin nəticəsində Azərbaycan dövətinin adına və nüfuzuna, onun xarici siyasətinə ciddi zərbə vurulmuşdur.
Belə münasibət xüsusilə də, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ərəfəsində
ölkəyə daha cox əcnəbi qonaqların cəlb olunması siyasəti ilə ziddiyyət təşkil
edir.
Azərbaycan Milli İstiqlal Partiyası XİN rəhbərliyindən
tələb edir ki, ölkənin işgüzar nüfuzuna kölgə salan belə hadisənin baş verməsinə
görə məsuliyyət daşıyanların müəyyənləşdirilib cəzalandırılması ilə bağlı təcili
və ciddi araşdırilma aparılsın.