"Ölkədaxili problemlərin ölkədən kənarda müzakirə olunmasının əleyhinəyəm"
02 Aprel 2015 [15:08]
Xəbər verdiyimiz kimi, AMİP sədri Yusif Bağırzadə,
AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq Əlaqələr katibi Elşən
Mustafayevdən ibarət AMİP nümayəndə heyəti Avropa Xalq Partiyası (EPP)
rəhbərliyinin dəvəti ilə 22-28 mart tarixlərində Brüsseldə işgüzar səfərdə
olub.Səfər barədə ətraflı məlumat almaq üçün AMP Baş katibi Arzuxan
Əlizadəyə müraciət etdik.
-Arzuxan bəy, Avropaya
səfəriniz nə ilə bağlı idi?
-Bildiyiniz kimi Azərbaycan Milli İstiqlal
Partiyası yarandığı dövrdən etibarən beynəlxalq əlaqələrə xüsusi önəm verib və
bu gün mübaliğəsiz demək olar ki, AMİP ölkədə fəaliyyət göstərən siyasi
təşkilatlarla müqayisə olunmayacaq dərəcədə əhatəli beynəlxalq əlaqələrə malik
partiyadır. Partiya 1999-ci ildən dünyanın 80-ə yaxın ölkəsindən 100-ə qədər sağ
mərkəz yönümlü siyasi partiyanı özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının (İDU) tam
hüquqlu üzvüdür. AMİP Lideri Etibar Məmmədov 2005-ci ildən etibarən 3 dəfə
ardıcıl olaraq seçilməklə bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini postunu
tutur. Partiya BDİ çərçivəsində bir sıra ölkələrin aparıcı siyasi təşkilatları
ilə əməkdaşlıq edir. Bu əlaqələrin davamı olaraq artıq 7 ildir ki, AMİP Avropa
Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) ilə də
əməkdaşlıq edir. Ötən müddət ərzində Partiya rəsmiləri AXP-nin Marseldə,
Buxarestdə və Dublində keçirilən Qurultaylarında iştirak ediblər. Son 3 il
ərzində əlaqələrimiz daha intensiv xarakter alıb. Bu illər ərzində AXP-nin
mərhum Prezidenti Vilfrid Martens və sabiq Beynəlxalq Əlaqələr katibi Nikolas
Breyk Bakıya səfərləri zamanı AMİP rəhbərliyi ilə görüşlər keçiriblər. Eyni
zamanda son üç il ərzində biz də AXP rəhbərliyi ilə görüş məqsədilə Brüsselə
səfərlər etmişik və bu dəfəki sayca üçüncü səfərimiz əlaqələrin
möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli idi.
-Brüssel səfərində
kimlərlə görüşdünüz və səfərin nəticələrini necə görürsünüz?
-Ilk əvvəl onu
deyim ki, bu dəfəki səfərimiz bilavasitə AXP rəhbərliyinin rəsmi dəvəti
əsasında reallaşdı. Ötən il Dublin Konqresində AXP-yə yeni sədr seçilib və
faktiki olraq yeni rəhbərlik formalaşıb. Bu səfərimiz həm də bir növ yeni
rəhbərliklə ilk rəsmi görüş idi. Səfərdə AMİP-i sədr Yusif Bağırzadə, Beynəlxalq
Əlaqələr katibi Elşən Mustafayev və mən təmsil edirdik. Səfərin ilk günü biz AXP Baş Qərərgahında Avropa Xalq
Partiyasının Prezidenti cənab Jozef Doulla, növbəti gün isə AXP Baş katibi
cənab Antonio Lopez-İsturislə görüşdük. Görüşlərdə AXP tərəfindən AXP Baş
katibinin müavini cənab Kristian Kremer, AXP Xarici Əlaqələr katibi cənab
Patrik Voller, AXP-nin Siyasi məsələlər üzrə müşaviri xanım Qalina Fomençenko
və AXP rəhbərliyində təmsil olunan digər şəxslər iştirak edirdilər. İkitərəfli
görüşlər zamanı 7 ildən artıq tarixi olan AMİP-AXP münasibətləri yüksək
qiymətləndirildi və bu münasibətlərin inkişafında hər iki tərəfin
maraqlı olduğu vurğulandı. Eyni zamanda məxsusi olaraq AMİP-in
AXP-yə üzvlük məsələsi və digər ikitərəfli maraq doğuran məsələlər də müzakirə
olundu.
Məlumat üçün bildirim ki, qonşularımız Gürcüstan və
Ermənistanın hər birindən iki siyasi partiya AXP-yə müşahidəçi üzv qismində
qəbul olunublar. Avropa üçün əhəmiyyətliliyinə, iqtisadi potensialına,
karbohidrogen ehtiyatlarına və bir sıra digər önəm daşıyan xüsusiyyətlərinə
görə regionun aparıcı dövləti olmasına baxmayaraq Azərbaycandan heç bir siyasi
təşkilat AXP-də rəsmi təmsil olunmur, bu isə heç şübhəsiz bizi narahat etməyə
bilməz. Biz bu məsələni xüsusi olaraq AXP rəhbərliyinin diqqətinə çatdırdıq. Bir
epizodu xatırlatmaq istəyirəm. Iki il əvvəl biz AXP-nin Buxarest Konqresində
iştirak edirdik. Konqresə qonşularımızın siyasi təşkilatlarından da
nümayəndələr qatılmışdılar. Qurultayın sonuncu günü Gürcüstan təmsilçisi olaraq
o zamankı prezident Mixail Saakaşvili, Ermənistandan isə Serj Sarkisyan çıxış
etdilər. Sarkisyan özlərinə xas olan məkrlə fürsətdən istifadə edərək çıxışını
Ramil Səfərovun Azərbaycana təhvil verilməsi məsələsi üzərində qurdu və
Qurultayda iştirak edən Macarıstan Baş nazirinə iradlarını bildirdi. Təəssüf
ki, biz və Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə qonaq statusu ilə
iştirak etdiyimizə görə tribunadan söz demək imkanından məhrum idik. Əlbəttə
ki, yerdən münasibət bildirsək də, bu tribunadan fikir bildirmək effektini verə
bilməz. Ona görə də biz siyasət mənsubları çalışmalıyıq ki, mümkün qədər çox
beynəlxalq qurumda təmsil olunaq və Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında öz töhfəmizi verək. Onu da deyim ki, bu dəfəki görüşümüzdə mən
AXP-nin yeni rəhbərliyinin bizim yaxın
zamanlarda rəsmi statusla AXP-yə üzv olmağımızda maraqlı olduğu qənaətinə
gəldim. Yeni Azərbaycan Partiyası da AXP ilə əlaqələrə malikdir və AXP
rəsmiləri Azərbaycanı AXP-də AMİP-lə yanaşı hakim partiya olaraq YAP-ın da
təmsil etməsində maraqlı görünürlər.
Sadəcə bəzi kriteriyalar var ki, onlara cavab verilməlidir və yalnız
bundan sonra üzvlük rəsmiləşə bilər. Hər halda görüşlərimizin yekunu olaraq
mənim gəldiyim qənaət budur.
-Avropada
Azərbaycana münasibət dəyişibmi?
-Bu suala
birmənalı cavab vermək çətindir. Hər halda reallıq budur ki, artıq Azərbaycan
Avropa üçün maraq kəsb edən dövlətə çevrilib. Azərbaycanın yerləşdiyi geosiyasi
məkan, ölkənin karbohidrogen ehtiyatları, enerji layihələrinin realizə olunmasında
qarşılıqlı maraqlar, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi və bir sıra
digər amillər ölkəmizə xüsusi maraq yaradıb. Heç şübhəsiz ki, bütün bunlar həm
dostlarımızın, həm də düşmənlərimizin sayını əhəmiyyətli dərəcədə artırıb.
Səfər çərçivəsində bizim AXP rəsmiləri ilə yanaşı bir sıra Avropa siyasətçiləri
ilə də mühüm görüşlərimiz oldu. Yeri
gəlmişkən deyim ki, biz Avropa Parlamentində Avropa
Xalq Partiyası qrupunu təmsil edən bir sıra parlamentarilərlə, o cümlədən, Avropa Parlamentinin İsveçdən olan üzvü
cənab Günnar Hökmarkla, AP-nin Xorvatiyadan olan üzvü cənab Andrej Plenkoviçlə,
AP-nin Rumıniyadan olan üzvü, AXP Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti
cənab Kristian Dan Preda ilə və Avropa Parlamentinin digər üzvləri ilə görüşlər
keçirdik. Bundan əlavə Vilfrid Martins
adına Avropa Araşdırmalar Mərkəzinin direktoru cənab Tomi Huhtanenlə, Avropa
İttifaqı Qonşuluq və Genişləndirmə siyasəti komissarı Johannes Hahnın müşaviri
xanım Hanna Jahnsla, Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Təşkilatının Xarici
Əlaqələr Komitəsində Azərbaycan, Ermənistan və Belorus üzrə Qrup rəhbəri cənab
Khris Kendalla da görüşdük. Bütün bu görüşlərdə sadaladığım məsələlərlə
yanaşı Avropa-Azərbaycan münasibətləri,
Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun Ermənistan
tərəfindən işğalı, Azərbaycanda insan haqlarının vəziyyəti, Kütləvi İnformasiya Vasitələri və sərbəst toplaşma
azadlığı ilə əlaqədar mövcud durum, karbohidrogen ehtiyatları və enerji
daşıyıcıları ilə əlaqədar Azərbaycanın yürütdüyü siyasət, eləcə də reqiondakı
hazırki vəziyyət və bir sıra digər məsələlərə toxunuldu.
Biz bütün
görüşlərdə əsas diqqəti torpaqlarımızın 20 ildən artıq müddət ərzində işğal
altında olması faktına yönəltdik. Bu bəlkə də birmənalı qarşılanmaya bilər,
amma mən ölkədaxili problemlərin ölkədən kənarda müzakirə olunmasının
əleyhinəyəm. Bu bizim iç problemlərimizdir və bu problemləri biz özümüz
çözməliyik. Heç kəs bizim əvəzimizə Azərbaycanda demokratik mühit
formalaşdırmayacaq və sizi inandırıram ki, heç bunda maraqlı da deyillər. Əksinə
biz Qərb siyasətçilərinin ölkəmizə münasibətlərinin yaxşıya doğru dəyişməsinə
çalışmalıyıq. Onlar bilməlidirlər ki, biz müstəqilliyimizi əldə etdiyimiz kimi
öz torpaqlarımızı da azad etməyə, eləcə də ölkədə demokratik mühit
formalaşdırmağa qadirik. Sadəcə buna mane olan beynəlxalq güclərə və onların
havadarlarına qarşı mübarizədə bu siyasətçilərin dəstəyinə ehtiyacımız vardır.
Biz bir çox məsələlərdə Azərbaycana qarşı yürüdülən ikistandartlılığa son
qoyulmasını onlardan tələb etməli və dostlarımızın bu məsələdə bizə yardım
etmələrinə nail olmalıyıq. Bir məlum həqiqəti dərk etməliyik ki, ölkədaxili
məsələlərlə bağlı kənarda nə qədər şikayətlənəcəyiksə bir o qədər özümüzə ziyan
edəcəyik. Çünki, həmin o şikayət etdiyimiz qurumlar nəticə etibarı ilə bundan
Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər və nəticədə uduzan tərəf yenə
də biz oluruq.
-Səfəri necə qiymətləndirirsiniz?
-Söhbətimizin
əvvəlində qeyd etdiyim kimi, AMİP yarandığı gündən beynəlxalq əlaqələri özünün
əsas prioritetlərindən biri olaraq qəbul edib. Biz sağ mərkəz yönümlü partiya
olmaqla adət-ənənədə və əxlaqda mühafizəkarlığa üstünlük verən siyasi
təşkilatıq. Eyni zamanda hesab edirik ki, əsrlər boyu oturuşmuş demokratik
dəyərlərə malik olan Qərb dünyası ilə müqayisədə müstəqilliyinə yenicə qovuşmuş
Azərbaycanın həmin dəyərləri əxz etməsinə yardımçı olmalıyıq. Əlbəttə ki,
yaxşını qəbul edib pisini atmaq şərtilə. Bu mənada Avropaya səfərlərin edilməsi
və qərb siyasətçiləri ilə müntəzəm əlaqələrin qurulması, müxtəlif beynəlxalq
qurumlarda təmsilçilik bütövlükdə ölkəmiz üçün olduqca faydalıdır.