Bu gün bütün dünyanın nəzəri iki nöqtəyə zillənib:
bir Ukrayna, bir də İraq və Suriyada güclənməkdə davam edən İslam Dövləti (İD),
əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam Dövləti (İŞİD).
Araşdırmalar apararkən, Al-Arabiya televiziyasının
baş meneceri Abdulrahman Al-Rashedin bir sıra açıqlamalrı ilə tanış olduqdan
sonra ciddi düşünməyə vadar eolduq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ)
hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə yüz döyüşçü olub.
Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr ayı üçün
MKİ etiraf etdi ki, İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000 çatıb.
Bu, təbii ki, həyacanlandırıcı məlumatdır. Məhz, bu
kəşfiyyat məlumatlarından sonra ABŞ Terrorla Mübarizə əleyhinə Koalisiya
formalaşdırmağa başlayıb. Məsələnin qorxulu tərəfi bundadır ki, məhz ABŞ və
İngiltərə əsrilərinin başını kəsərək internetə yerləşdirən və bu dövlətlərə
müharibə elan edən kəslər elə ABŞ və İngiltərə vətəndaşlarıdır. Onların biri
təmiz Amerika ləhcəsində, o biri isə təmiz Şərqi London ləhcəsində danışır.
Düşündürücü fakt nədən ibarətdir? Demək olmaz ki,
ABŞ və İngiltərədən Suriyaya döyüşməyə gedən bu döyüşçülər pis həyat, ədalət
axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər. Verilən məlumatlar onu deyir
ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə durumları çox yaxşı olub. Əgər
bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə üzbəüz qalmağı göz önünə
alanlar varsa, onlarla vuruşmaq çox çətindir. Onlar inandıqları dini ideologiya
uğrunda savaşır və bu yolda ölməyi şəhidlik zirvəsi qəbul edirlər. Bu baxımdan
onlar üzərində tam qələbə çalmaq gün-gündən çətinləşməkdədir.
Ən böyük İslam
hərb təşkilatı?
Hazırda İD dünyada hərbə
söykənən ən böyük islam təşkilatıdır. Onun hərbi potensialı Kuveyt ordusundan
iki dəfə böyükdür. İD maliyyə cəhətdən, gizlənmə yerlərinin çoxluğuna və
silahlarının müasirliyinə və sayına görə də regionun ən böyük terror gücüdür.
Bu ordu həm də döyüş səhnəsində ölməyi şəhidlik kimi qəbul etdiyinə və bundan
sonra da birbaşa cənnətə düşdüyünə inandığına görə dünyanın ən təhlükəli
ordusuna çevrilib. İD-nin hər bir döyüşçüsü ölməyi arzulayır. Amma, ölmədən
öncə daha çox kafiri öldürməyi Allah qarşısında müqəddəs borc bilir. Məlumatlar
var ki, bir neçə yüz döyüşçü hazır vəziyyətdə özünü partlatmaq üçün zamanını
gözləməkdədir. Kəşfiyyat məlumatları təsdiqləyir ki, bir İD döyüşçüsü 10 sıravi
əsgərə bərabərdir. Hətta, təsdiq olunmamış məlumatlar da yayılır ki, İD-nin bu
günkü gücünü müqayisə etmək üçün onu yaxşı silahlanmış və müasir silahlara
malik ABŞ ordusu ilə müqayisə etmək lazımdır. Bu faktın özü onu təsdiqləyir ki,
İD-nə qarşı aparılan müharibə heç də asan olmayacaq.
Bu yazdıqlarımızdan əlavə, "Associated
Press” agentliynin yaydığı hesabat da reallığı ortaya qoyub. Hesabatda
bildirilir ki, qanunsuz neft gəlirləri sayəsində İŞİD tarixin ən varlı terror
təşkilatına çevrilib. Hazırda "İslam Dövləti” qruplaşması Suriya və İraq
ərazisində 11 neft yatağına nəzarət edir. Bu yataqlardan hasil olunan neft
avtosisternlərlə İordaniya, Türkiyə və İraqın qara bazarlarında satılır. "İslam
Dövləti”nin satdığı neftin qiyməti bir barrel üçün 25 dollardan 60 dollara
qədər dəyişir. Lakin, dünya bazarlarında neftin bir barrelinin qiyməti 100
dollara yaxındır. Biznes müharibə zamanlarında da öz şəxsi mənafeyini daha
üstün tutub. Bu gün ABŞ onların maliyyə imkanlarını kəsmək istəsədə, həm
Türkiyədə, İraqın özündə, Suriya, İordaniyada və digər region ölkələrində İD
ilə hərbi və neft üzrə əməkdaşlığı edən hökumət və biznes strukturları olacaq.
İstisna etmək olmaz ki, elə ABŞ və İngiltərə şirkətləri arasında da varlanmaq
istəyənlər mövcuddur.
Bununla bərabər, İD işğal etdiyi
ərazilərdə də kifayət qədər pul vəsaiti ələ keçirib. İyun ayının 10-da Mosul
işğal olunan zaman İD şəhərin Mərkəzi Bankından 500 milyard İraq dinarı (429
milyon ABŞ dolları) ələ keçirmişdi. Əlavə olaraq, qiyməti milyonlarla ölçülən
qızıl külçələr də götürülmüşdü. Hələ o zaman, İD-nin dünyanın ən varlı terrorist
təşkilatı olması vurğulanmışdı.
Bu deyilənlərə əlavə
olaraq "İslam Dövləti” həmçinin soyğunçuluqdan, oğurladıqları insanların
əvəzinə aldığı puldan və qul alverindən də milyonlar qazanır.
Hava yoxsa Quru müharibəsi
Artıq Vaşinqtonda
çox gözəl başa düşülür ki, hava zərbələri ilə İD-ni məğlubiyyətə uğratmaq
mümkün deyil. ABŞ ordusu Koalisiya qüvvələri ilə quru savaşına başladıqda isə
verdiyi qurbanların sayı birinci və ikinci İraq müharibəsində verdiyi
qurbanlardan daha çox ola bilər. Bunun üçün də, Koalisiya daha çox Kürdləri və
Şiələri silahlandırmaqda və onlara dəqiq koordinatlar verməkdə maraqlıdır.
Çünki, Qərbin canlı itgilər verməsi onlara qarşı daxili müxalifəti daha da
gücləndirə bilər. Digər yandan, ABŞ üçün 3-cü İraq müharibəsi başlamaq və bunu
ictimaiyyətə qəbul etdirmək çox çətindir. Elə buna görə də İranın İraq
şiələrini silahlandırması və İD-nə qarşı döyüşlərdə iştirak etməsi ABŞ üçün
qəbulediləndir. Digər zaman olsaydı, İranın bu addımı beynəlxalq güclər
tərəfindən İraqın daxili işinə qarışmaq kimi dəyərləndirilə bilərdi. İran
prezidenti və Böyük Britaniya baş naziri arasında keçirilən görüş də İranın
Koalisiyaya qoşulması və mümkünsə quru əməliyyatlarında iştirakını mümkün edə
bilər. Yuxarıda qeyd etdiyimiz kimi, NATO qüvvələri canlı itgilər vermək
niyyətində deyillər. Amma, İran buna hazıdır. O, bunu etməklə İranın beynəlxalq
gücünü nümayiş etdirmək niyyətindədir.
İD-ə qarşı bəzi Ərəb
ölkələri İraqa quru qoşunları göndərməyi də təklif edir. Bunu Yaxın Şərqə
səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi Con Kerri də dilə
gətirmişdi. Belə görünür ki, yalnız hava zərbələri ilə İD-i məğlubiyyətə
uğratmaq mümkün görünmür. Digər tərəfdən isə, ABŞ öz əsgərlərinin İraq
səhralarında ölməsini də istəmir. Bunun üçün də Kürdlər və şiələrlə bərabər,
İD-i ilə vuruşmaq istəyən istənilən ölkəni də silahlandırmağa və hərbi yardım
göstərməyə hazırdır.
Suriya barədə
ABŞ-ın Suriya
ərazisində İD-nə hava zərbələri endirməsi Bəşər Əsəd rejiminin maraqlarına
uyğun varıantdır. Amerika prezidenti Barak Obamanın İD ilə bağlı bütün
açıqlamalarında Suriya müxalifətinə də yardım göstəriləcəyini vurğulayır. Azad
Suriya Ordusunun (ASO) 3000 üzvünün hərbi təlimlərə cəlb olunması və
silahlandırılması nəzərdə tutulur. Hərbi təlimlərə və silahlara ABŞ 500 milyon
dollar pul ayırıb. Bu proses isə bir il yarım–iki il civarında davam edən
məsələdir. Belə görünür ki, Bəşər Əsədin bir il hakimiyyətdə qalması mümkündür.
ASO-nun silahlandırılması Bəşər rejimini qane etməsədə, İD-nin Suriyadan
qovulması fonunda ona vaxt qazandırır. Bu zaman ərzində Bəşər Qərblə
münasibətlərini normal hala gətirməyə çalışmaqla bərabər, Rusiyanın da onu daha
ciddi səylə müdafiə edəcəyi düşüncəsindədir. Əlavə olaraq, İran Bəşər Əsəd
rejiminə və Bəşəri müdafiə edən Livanın Hezbollah təşkilatına ciddi hərbi və
maliyyə yardımı göstərməkdədir.
Digər bir maraqlı təzad
da var. ASO-nun 3000 döyüşçüsü təlimlərdə iştirak edəcək, amma yalnız Hezbollah
təşkilatının Suriyada olan döyüşçülərini sayı 6 minə qədərdir. Onlar yaxşı
silahlanmış və yaxşı hərbi təlim görmüş, döyüş təcrübəsinə malik hərbiçilərdir.
Azərbaycan və İslam Dövləti
Bu məsələ çox da aktual
olmadığına görə bu barədə çox yazmağa ehtiyac da yoxdur. Amma, zaman-zaman İD
Azərbaycana da sirayət etmək üçün fikirlər səsləndirib. Kəşfiyyat
məlumatlarında İD-nin hədəfində Azərbaycanın da olması göstərilib.
Azərbaycandan yüzlərlə insan döyüşmək üçün Suriyaya gedib və İslam Dövlətinə
qoşulub. Sentyabr ayında (bir neçə gün öncə) Azərbaycana Milli Təhlükəsizlik
Nazirliyi 26 nəfəri həbs edib və onların Suriyada döyüşlərdə iştirak etdiyi
barədə də kadrlar yayımlanıb.
Təbii ki, məsələ
bununla bitmir. Bəlkə də yüzlərlə azərbaycanlı Suriyada döyüşüb və qayıdıb,
qalanları isə döyüşməkdədir. Onlar Azərbaycana dönəndən sonra, burada İD-nin
sözçüsünə və gizli ordusunun nümayəndələrinə çevriləcəklər. İstənilən an, onlar
bu və ya digər məqsəd üçün istifadə oluna bilərlər. Bunun üçün də, təhlükə
Azərbaycan üçün qalmaqdadır və daha ciddi tədbirlərin görülməsi ölkənin
təhlükəsizlik konsepsiyasına daxil edilməlidir. Xüsusən, sosial şəbəkələrdə
İD-ni təbliğ edən yüzlərlə profillər var və onlar başqa adlar altında fəaliyyət
göstərirlər. Əlavə olaraq, minlərlə İD-nin öz zamanını gözləyən tərəfdarları
var və hər zaman göstəriş gəldiyi zaman hərəkətə keçə bilərlər.
Bu gün Azərbaycanda bir
çoxlarını düşündürən məsələ həm də Azərbaycanın İD-nə qarşı formalaşdırılan
Anti-terror Koalisiyasına ABŞ tərəfindən dəvət olunub olunmaması məsələsidir.
Azərbaycan iqtidarı İD üzvlərini həbs etməklə, dəvət olduğu təqdirdə
Koalisiyaya qoşulacağı mesajını göndərmiş oldu. Lakin, ABŞ tələsmir. Məsələ
burasındadır ki, Azərbaycan son zamanlar insan hüquqları və demokratiya
barəsində ciddi tənqid olunmaqdadır. ABŞ prezidenti Barak Obamanın "Klintonun
Qlobal Təşəbbüsü” konfransındakı çıxışında birbaşa Azərbaycanı hədəf alması bu
dəvətin reallaşmayacağından xəbər verir. ABŞ və NATO üzvlərinin İD-ni vurmaq
üçün dəstək aldığı kifayət qədər müsəlman ölkəsi var və Azərbaycana ciddi
ehtiyac duyulmur.
Nələr ola bilər?
Belə görünür ki,
Suriyada vəziyyət İraqdakından daha çətin olacaq. Çünki, Kürd Pəşmərgə qüvvələri,
bir sıra potensial Ərəb dövlətlərinin qoşunları və hətta İran quru
əməliyyatlarında İraq ordusuna İD-nin ölkədən tam qovulmasına qədər tam dəstək
verəcəyi kimi görünür. Amma, Suriyada Koalisiya qüvvələrinin quru qoşunlarının
əməliyyat aparması hələ ki, real görünmür. Bunun üçün də İD-nin Suriyada Bəşər
Əsəd qədər ömrünün olacağı mümkündür.
Qərb başqa bir yolu da
sınaqdan keçirə bilər. Çünki, ABŞ prezidenti bəyan edib ki, İD heç bir yerdə
təhlükəsiz yaşaya bilməyəcək və onlar bütün dünyada ovlanacaq. Suriyada ABŞ-ın
yalnız hava zərbələri ilə İD-ni məğlub etməsi mümkün deyil, Bəşər Əsədin
qüvvələrinin quru əməliyyatlarına dəstək də verilməsi qəbuledilməzdir və bu
Bəşər rejiminin ömrünü uzadardı. Koalisiya qüvvələrinə isə Rusiya və Çin Suriya
ərazisinə girməyə imkan tanımır.
Belə olan halda, ABŞ və müttəfiqləri nə
barədə razılığa gələ bilərlər? Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və
yeni hökümətin ABŞ və müttəfiqlərini ölkəyə dəvət etməsi. Bu zaman Rusiya və
Çinin edəcəyi bir imkan qalmamaqdadır. Vacib olan məsələ İranın Bəşər Əsədin
arxasından geri çəkilməsinə nail olmaqdır. Bəlkə də 1979-cu ildən bəri ilk dəfə
Böyük Britaniyanın baş naziri David Kameron və İran prezidenti Həsən Ruhani
arasında Nyu Yorkda baş tutan tarixi görüş də buna hesablanıb...