Şriftin ölçüsü / 6268

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ NİZAMNAMƏSİ

01 Oktyabr 2014 [16:50]

BİRİNCİ HİSSƏ

ƏSAS MÜDDƏALAR

1. Partiyanın adı, mərkəzi və emblemi

Milli İstiqlal Partiyası Azərbaycan Respublikasının Konstitusiyası, İn­san Hüquqları Bəyannaməsi, "Siyasi Partiyalar haqqında” Azərbay­can Respublikasının Qanunu və qüvvədə olan digər qanunvericilik aktla­rı əsasında fəaliyyət göstərən siyasi qurumdur.

AMİP 17.07.1992-ci il tarixdə 1 nömrə ilə Azərbaycan Respublika­sı­nın Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

AMİP Mərkəzi qərargahı Bakı şəhəri, Azadlıq prospekti, 4.

Partiyanın emblemində dairəvi yaşıl çələng, ondan sonra qırmızı dai­rə, onun içərisində isə mavi fonda ağ rəngli aypara, səkkiz guşəli ul­duz və Partiyanın təməl prinsiplərinin rəmzi olan ox təsviri əks edil­mişdir.

PARTİYA ÜZVLÜYÜ

2. Üzv olma şərtləri

Partiya üzvü Partiyanın özülüdür. AMİP üzvlərinin hüquq və və­zifələri bu Nizamnamə çərçivəsində toxunulmazdır və heç bir halda rədd edilə bilməz. İnsan Hüquqları və azadlıqlarına, demokratiya ideal­la­rına sadiq olan, dünyəvi, hüquqi və demokratik Azərbaycan Respubli­ka­sının birliyini və bütövlüyünü hər şeydən üstün tutan, milli və mənəvi dəyər­lərimizə inamla bağlanan, Partiyanın Proqram prinsiplərini qəbul edən, Nizamnamə müddəalarını yerinə yetirməyi öhdəsinə götürən, qanunla müəyyənləşən məhdudiyyəti olmayan 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı AMİP üzvü ola bilər.

Parlament seçkilərində və ya bələdiyyə seçkilərində Partiyanın seç­ki siyahısında olan bitərəflər seçkilərdə qalib gəldikdən sonra könül­lülük əsasında birbaşa olaraq Partiya üzvü ola bilərlər.

3. Partiya üzvlüyünə qəbul və qeydiyyat

AMİP üzvü olmaq istəyən hər bir şəxs azı bir il partiya stajı olan iki Partiya üzvünün zəmanəti ilə giriş bəyannaməsini dolduraraq yaşa­dı­ğı və ya işlədiyi rayon (şəhər) təşkilatının İdarə Heyətinə təqdim edir və xüsusi nömrələnmiş qəbz alır. Rayon (şəhər) təşkilatının İdarə He­yə­ti verilmiş məlumatları tam və qənaətbəxş saymadıqda, sənəd sahibi ba­rə­də yaşadığı yerdəki Partiya özəklərindən, üzvlərindən və rəsmi dairə­lər­dən məlumat ala bilər. Rayon (şəhər) təşkilatı İdarə Heyəti bütün təh­lil və sorğularını bir ay ərzində tamamlayaraq, həmin şəxsin Partiyaya üzv qəbul edilməsi və ya edilməməsi barədə qərar verməlidir. Bu qərar hə­min şəxsin adı ilə birlikdə qərar dəftərinə yazılır. Əgər üzvlüyə qəbul haq­qın­da müsbət qərar qəbul edilmişsə, tarixinə, sırasına uyğun olaraq o qeydiyyat dəftərində qeydə alınır və AMİP Təşkilat Katibliyinə Par­ti­ya üzvlüyünə qəbulla bağlı İdarə Heyətinin iclasının protokolundan çı­xarış verilir.

Bir ay ərzində haqqında qərar verilməmiş bəyannamə sahibi Par­ti­yaya qəbul olunmuş sayılır.

Partiyaya qəbulda rədd qərarı çıxarılarsa, bu xəbər 15 gün ərzin­də ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Xahişi rədd edilən şəxs 15 gün ərzində yuxarı səlahiyyətli orqana şikayət edə bilər. Səlahiyyətli orqan 15 gün müddətində qərar qəbul etməlidir. Həmin qərar qətidir.

Bir şəxs bütün ölkədə yalnız bir təşkilatda Partiya üzvlüyünə qey­də alına bilər. Qeydiyyata alınma yeri üzvün daimi yaşadığı və ya iş yeri­nin olduğu məhəllə və ya kəndin tabe olduğu rayondur. Üzv yaşa­dı­ğı yeri və ya iş yerini dəyişdirmədikdə, qeydiyyatı başqa yerə keçirilə bil­məz.

Partiya üzvlüyünü təsdiq edən sənəd Partiya biletidir. Qeydiy­ya­tı­nı dəyişdirən üzvlərə yeni Partiya bileti verilir. Bu zaman qeydiyyatını də­yişdirən Partiya üzvü rayon (şəhər) təşkilatı sədrinə ərizə ilə müraciət edir. Müraciətdə qeydiyyatı dəyişdirməyin səbəbləri (yaşayış və ya iş ye­rini dəyişdirməsi) göstərilir və Partiya bileti rayon (şəhər) təşkilatına təhvil verilir. İdarə Heyəti müvafiq qərar çıxardıqdan sonra həmin şəxs üçün qeydiyyatdan çıxma talonu yazılır və 15 gün ərzində Partiya bileti ilə birlikdə AMİP Təşkilat Katibliyinə göndərilir.

Təşkilat Katibliyi öz növbəsində təhkim olunma talonu yazır və hə­min talon qeydiyyatı dəyişdirilən AMİP üzvünün qeydiyyata alın­ma­sı və Partiya stajı saxlanılmaqla ona yeni Partiya biletinin verilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi üçün yeni rayon (şəhər) təşkilatına göndərilir.

4. Siyasi Şuranın üzvlüyə qəbul etmə səlahiyyətləri

AMİP-ə üzv olmaq istəyən Parlament üzvləri yalnız Siyasi Şuranın qərarı ilə Partiyaya qəbul oluna bilərlər. Siyasi Şura Partiyaya qəbul edilmələrinin faydalı olduğunu vacib saydığı ayrı-ayrı şəxslər haqqında da üzvlüyə qəbul haqqında qərar çıxara bilər. Bu cür qəbul qərarları ilə giriş bəyannamələrinin bir surəti aidiyyatı olan təşkilata göndərilərək qeydiyyata alınır.

Siyasi Şuranın qərarı ilə Partiyaya üzvlüyə qəbul və ya üzvlüyü bər­pa edilən şəxslər haqqında əlaqədar rayon (şəhər) təşkilatları etiraz­larını, fikir və rəylərini bildirə bilər. Siyasi Şuranın son qərarı qətidir.

5. Partiyadan çıxanların və fəaliyyəti dayandırılanların

Yenidən qəbul olunma və bərpa qaydaları

Partiya üzvlüyündən istefa verən şəxslər yenidən üzv olmaq üçün rayon (şəhər) təşkilatına müraciət edir və qərar müsbət olarsa, üzv­lüyə qəbul edilirlər. Müraciət rədd edildiyi halda, yuxarı təşkilata müraciət edilə bilər. Yuxarı təşkilatın qərarı qətidir.

Partiya üzvlüyündən çıxmış Mərkəzi Şura, Siyasi Şura, MİK üzv­­ləri, millət vəkilləri, rayon (şəhər) təşkilatı sədrlərinin Partiyaya ye­ni­dən qəbulu Mərkəzi Şuranın qərarı ilə mümkündür. Bu qərar qətidir.

Qüvvədə olan qanunvericiliyə əsasən partiya üzvlüyü ilə bir ara­ya sığmayan işə qəbul olunmuş şəxs göstərilən hal aradan qaldırıldıq­dan sonra partiya fəaliyyətini davam etdirmək istədiyi halda onun üzv­lüyü partiya stajı saxlanılmaqla Siyasi Şuranın qərarı əsasında bərpa edilə bilər.

6. Üzvlərin qeydiyyat dəftəri

Rayon (şəhər) təşkilatının İdarə Heyətinə Mərkəzi Aparatın ha­zır­ladığı bir ədəd qeydiyyat dəftəri verilir.

Üzvlərə aid qeydiyyat dəftərində yazılan məlumatlar və qeydiy­ya­ta dair digər məsələlər, giriş bəyannaməsinin doldurulması və saxla­nıl­ması, bu dəftərlərə əsasən Mərkəzi Aparata göndəriləcək məlumat­la­rın tərtibi qaydaları Siyasi Şura tərəfindən hazırlanmış xüsusi təli­mat­larla tənzimlənir.

7. Partiya üzvlərinin hüquqları

AMİP üzvləri Partiyanın seçkili orqanlarına seçmək və seçil­mək, seçkili vəzifələrə namizədlərin müəyyənləşməsində iştirak etmək, Partiyanın Proqram və Nizamnaməsinin tətbiqi ilə əlaqədar rəy və tək­lif­lər vermək, partiyadaxili tədbirlərdə iştirak etmək hüququna malik­dir­lər.

8. AMİP üzvlərinin Partiyadaxili fəaliyyəti

Partiya üzvləri:

a. Partiyanın daxilində qarşılıqlı hörmət, dostluq və əxlaq qay­da­larına əsaslanan fikir və ideologiya bərabərliyinin yaradılması və qo­run­masını;

b. Partiyanın birliyinin və bütövlüyünün qorunmasını, Partiya­da­xili işlərdə ümumi inam və iş ahəngini poza biləcək söz, nəşr və hərə­kət­lərdən çəkinməyi;

v. Partiyanın Nizamnamə tələblərinə əməl etməyi, Məramna­məyə və səlahiyyətli Partiya orqanlarının qərar və bəyanatlarına uyğun hə­rə­kət etməyi;

q. Partiyanın nüfuzunu qorumağı, ideya prinsiplərini təbliğ et­məyi, onların həyata keçməsi və inkişaf etdirilməsi üçün çalışmağı;

d. Partiyadaxili işlərdə və Partiya fəaliyyətlərində sərbəst müza­ki­rə üçün aşkarlıq və həmrəylik şəraiti yaratmağı;

e. Partiyanın iştirak etdiyi seçkilərdə Partiyanın və Partiyadan olan namizədlərin qələbə qazanması üçün çalışmağı və səs verməyi özlə­rinə vəzifə bilirlər.

9. AMİP üzvlərinin Partiyaxarici fəaliyyəti

AMİP üzvləri:

a. Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına hör­mət etməyi öz vəzifələri hesab edir, başqalarının hüquq və azadlıq­ları­nın məhdudlaşdırılması ilə nəticələnən hərəkətlərə yol vermirlər;

b. Vətəndaşlar arasında kin, nifrət, düşmənçilik və özbaşınalıq ki­mi zərərli hərəkətlərə qarşı çıxır, bölücülük, dağıdıcılıq, separatizm ki­mi hər cür zərərli hiss, mövqe və hərəkətə qarşı aktiv fəaliyyət göstər­mə­yi özlərinin milli borcu hesab edirlər;

v. Millətin xoşbəxtliyini və yüksək mənafelərini hər şeydən üs­tün tutaraq, Partiyanın nüfuzunu və partiyadakı vəzifələrini bu prin­siplər xaricində tətbiq etməkdən çəkinirlər.

10. Partiya üzvlüyündən çıxma qaydaları

AMİP üzvlüyü aşağıdakı hallarda sona çatır:

1. İstefa;

2. Ölüm;

3. Başqa partiya üzvlüyünə keçmə;