"Ukraynaya hücum etsəydim Kiyevi iki həftəyə alardım"
02 Sentyabr 2014 [13:10]
Rusiya prezidenti Vladimir Putin onu Ukraynaya hərbi müdaxilədə günahlandıran Avropa liderlərin sərt
tonda hədələyib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda İtaliyanın "La
Repubblica” qəzeti Avropa İttifaqı liderlərinin ötən şənbə günü keçirilən
toplantısında gedən müzakirələrə istinadən yazır.
Ötən şənbə günü Aİ liderləri Rusiyanın Ukraynanın şərqinə
minlərlə əsgər və yüzlərlə hərbi texnika göndərməsinə cavab olaraq Moskvaya
qarşı yeni sanksiyaları müzakirə ediblər. Lakin Aİ-nin 28 üzvü arasından
Macarıstan və Slovakiya Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxıb.
Müzakirələr zamanı Litva prezidenti Dalya Qribauskayte
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharribənin həm də Avropaya qarşı
müharibə olduğunu deyib. Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha
sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi
səmərəsiz qalıb. "Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz
bütün səylərə baxmayaraq Putin boş vədlər verib və Ukraynanın şərqində
vəziyyəti daha da gərginləşdirməkdə davam edib” deyə Merkel bildirib.
Qəzetin yazdığına görə bundan sonra Avropa Komissiyasının
prezidenti Joze Manuel Barroso söz alıb və Putinin telefon söhbəti zamanı hansı
təhdidlərlə çıxış etdiyini danışıb. Barroso deyib ki, o, Putindən rus
qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya
prezidenti dərhal hədələməyə başlayıb və bildirib: "Problem ondadır ki, əgər
mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edərəm”.
Putin bununla Avropa liderlərinə mesaj verib ki, onu daha
sərt sanksiyalarla hədələyib təhrik etməsinlər. Qəzetin yazdığına görə
toplantıda Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın Krım kimi
Ukraynanın şərqini də cəzasız şəkildə ələ keçirməsinə imkan verməməyə çağırıb.
O, Ukraynanın şərqindəki vəziyyəti Münhen sövdələşməsinə bənzədib. Həmin
sövdələşməyə əsasən Qərb liderləri Çexoslavakiyanın bir hissəsini Hitlerə
verməyə razılaşmışdı.
Putinin Barroso ilə telefon danışığı zamanı Kiyevi almaqla
hədələdiyini "Financial Times” qəzetinə Aİ-dəki yüksək rütbəli diplomatik mənbə
də təsdiq edib. Mənbə deyib ki, Putin Barrosoya belə deyib: "Əgər mən doğrudan
da Ukraynaya hücum etsəydim Kiyevi iki həftəyə alardım”.